BMT nümayəndəsi ADA-da mühazirə deyib Hadisə

BMT nümayəndəsi ADA-da mühazirə deyib

Helen Klark: "BMT İnkişaf Proqramı Azərbaycanla əməkdaşlığını davam etdirməkdə maraqlıdır"

Azərbaycanda səfərdə olan BMT İnkişaf Proqramının rəhbəri Helen Klark ADA Universitetində "2015-ci ildən sonra inkişafın gündəliyi və dayanıqlı inkişaf məqsədləri" adlı mühazirə ilə çıxış edib.
APA-nın məlumatına görə, mühazirədə H.Klark 2000-ci ildə Minilliyin Deklarasiyasının imzalaması və onun bu müddət ərzində həyata keçirilməsi barədə məlumat verib. O vurğulayıb ki, Minilliyin İnkişaf Məqsədləri bir çox təyin olunmuş vəzifələri icra etməyə müvəffəq olub. Azərbaycan barədə danışan H.Klark qeyd edib ki, Azərbaycanın gələcək uğurları dünya iqtisadiyyatının və ekosistemin, dünyada sülh və təhlükəsizliyi ilə bağlıdır: "2015-ci ildən sonrakı müddətlə bağlı keçirilən məsləhətləşmələrin nəticələri "Azərbaycan: 2020 Gələcəyə baxış" konsepsiyası ilə uyğundur". Çıxışın sonunda o, Azərbaycanın BMT ilə sıx əməkdaşlığına görə öz təşəkkürlərini bildirib: "BMT İnkişaf Proqramı ölkə ilə əməkdaşlığını davam etdirməkdə maraqlıdır".