Qocalar narazıdır... Hadisə

Qocalar narazıdır...

Arzu Şirinova

İnsanlar o qədər gileyləndi, mətbuat da bir o qədər yazdı ki, axırda yas mərasimlərində yeməklə bağlı dəbdəbələrə son verildi. Yəni başqa bölgələrdən xəbərim olmasa da, artıq Bakı və Sumqayıtda yası düşənlərə yemək verməmək qadağası qoyulub. Ancaq halva və çay, üstəgəl xurma verilir. Di gəl ki, bu qadağaya etiraz edənlər də var. Məsələn, səhər işə gələrkən taksidə yol yoldaşı olduğum 75 yaşlı kişi kimi. 25 dəqiqəlik yolboyu demək olar ki, bu kişinin gileyini eşitmək zorunda qaldım. Kişi deyir: "Bəlkə siz bilərsiniz, yaslarda yemək verməyi kim qadağan elədi?"
Kimsə kişinin sualına cavab vermir və o yenə deyir: "Axı mən bilən hökumətin belə bir qərarı olmayıb. Şəxsən mən bu qadağanın əleyhinəyəm. Ağlım kəsəndən böyüklərdən eşitmişəm ki, yasda verilən ehsan avsanata düşər. Kiminsə yediyi yemək ölənin ehsanı sayılar. Çünki uzaqdan gələn qonaqlar olur. Onlar ac yola salınarsa bu, Allaha da xoş gəlməz".
Yanımda əyləşən qadın bu yerdə dillənir: "Ay dayı, halva-çörək, pendirlə göyərti verirlər. Ac olanlar bundan da yeyib "Allah rəhmət eləsin deyib", gedə bilərlər. Dacibdir ki, bəs deyincə ət yesinlər?"
Kişi bu sualı və həm də təpkini sözsüz ki, gözləmirdi. Ona görə də sualı cavabsız qoyub özü qadağanı necə qəbul elədiyindən danışır: "Kəndimizdə, elə qonşu kəndlərdə də atam yas yerlərinə gedəndə pul yazdırardı. Sonra bu ənənəni mən, bu gün isə oğlum davam etdirir. Düzdür, atamın vaxtında yas yerlərində yazılan pulun miqdarı o qədər çox olmasa da, dəyəri vardı. İndisə miqdar çoxdu, dəyər yoxdu. Həmin yığılan pulla da yası düşən adam yasını yola verirdi. Qəbir daşını da düzəltdirirdi, ehsanını da həll edirdi. Gələn qonaqlar da ac yola salınmırdı. Bayaq bu qızım dedi ki, halva-çərək verilir. Ay qızım, bu gün əksəriyyətimizin qan təzyiqi var. Təzyiqi olan da halva-çörək yeyərsə nə hala düşər, özün məndən yaxşı bilirsən. Ona görə də yas mərasimlərində yemək vermək lazımdı".
Bu yemək məsələsindən çox danışan kişi əsil mətləbin üstünə gəlir: "Eşitmişəm ki, yas yerlərində yığılan pulun miqdarını azaltmaq istəyirlər. Məsələn, dünənə kimi 10 manat verirdiksə, bundan sonra 5 manat verəsiyik. Bu da təbii ki, narazılığa gətirib çıxaracaq. Çünki illər uzunu yaslara pul yazdıran elə biri mən və oğlum, bundan sonra əgər başıma bir iş gəlsə mənim yasım üçün pul ya aşağı həddə yığılacaq, ya da belə gedişlə heç yığılmayacaq. Bu da ədalətsizlikdi. Əgər insanlara kömək eləmək istəyirlərsə, od qiymətinə məzar üçün ayrılan yerləri pulsuz versinlər. Və yaxud elə qiymət qoysunlar ki, kasıb da həmin məbləği verə bilsin. Qəbir daşlarının da qiymətində azalma olsa yaxşıdır. Bax ona qadağa qoysunlar ki, dünyasını dəyişənin məzarının üzərində az qala imarət tikirlər. Bu, yığışdırılmalıdır. Türkiyədəki kimi fərq qoyulmamalıdır-kasıba və varlıya. Eyni qayda da məzarın üstü götürülməlidir. Yəni çox sadə. Mənə bu dünyada hörmət olunsun, qədrim-qiymətim, dəyərim bilinsin. Öləndən sonra neyləyirəm təmtaraqlı baş daşını. Mərmərdən qəbir daşını. Ondansa mən öləndə camaata yemək verilsin ki, bəlkə kiminsə ruhuma oxunan duasını Allah qəbul edib, məni cənnətə göndərdi".
Kişinin nə qədər haqlı və yaxud haqsız olduğunu deyə bilmərəm. Ancaq bir onu bilirəm ki, qərar verilməyən və qanun qəbul olunmayan bu işdən qocalar yaman narazıdır...