“Avropanın yaxın qonşularında qadın hüquqlarının təkamülü: Azərbaycanın təcrübəsi” Hadisə

“Avropanın yaxın qonşularında qadın hüquqlarının təkamülü: Azərbaycanın təcrübəsi”

"The Parliament" jurnalı Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsindəki uğurlardan yazır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa tərəfindən Avropanın məşhur "Parlament" jurnalında Azərbaycanda qadın hüquqlarının vəziyyəti haqqında məqalə dərc olunub.
QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən bildiriblər ki, "Avropanın yaxın qonşularında qadın hüquqlarının təkamülü: Azərbaycanın təcrübəsi" adlı məqalədə Azərbaycanın Avropa Qonşuluq Siyasətində iştirak edən yeganə müsəlman dövləti kimi qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi sahəsində əhəmiyyətli təşəbbüslər irəli sürən və son illərdə ciddi nəticələr əldə edən ölkə olduğu vurğulanır.
Yazıda qadınların ölkəmizin sosial-iqtisadi və siyasi həyatında fəal iştirakı üçün yaradılan şərait, onların rəhbər vəzifələrə irəli çəkilmələri, yerli və respublika əhəmiyyətli seçkilərdə fəal iştirakları, erkən nikaha qarşı mübarizə çərçivəsində qanunvericilik aktlarına edilən dəyişikliklər, məişət zorakılığının aradan qaldırılması üçün yaradılan sığınacaqlar, məlumatlandırma və xəbərdarlıq kampaniyaları, qadın hüquqlarının müdafiəsi ilə bağlı QHT-lərin irəli sürdükləri layihələrə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən verilən maliyyə dəstəyi, Avropa və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq kimi məsələlər Azərbaycanın uğuru kimi qeyd edilib.
Məqalədə deyilir: "Avropa İttifaqı başa düşməlidir ki, qadın hüquqlarının müdafiəsi Avropanın yaxın qonşularının ərazisində demokratiyanın inkişafı, dini ekstremizmlə mübarizə sahəsində böyük gücdür. Avropanın yaxın qonşuluğunda yeganə müsəlman ölkəsi olan Azərbaycanın bu istiqamətdə gördüyü işlər Avropa İttifaqı tərəfindən bəyənilməli və dəstəklənməlidir. Bu ölkənin qadın hüquqlarının müdafiəsi ilə bağlı əldə etdiyi uğurlar model kimi istifadə olunmalıdır".
Məqalənin müəlliflərindən biri olan An-Mari Lizin Belçika Senatının fəxri prezidenti, Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqanın əlaqələndiricisidir. Digər müəlliflər - belçikalı ekspert Rein Marselis qadın və kişi bərabərliyi üzrə tanınmış QHT sədri, fransalı ekspert Patrisia Lalonde isə "Ərəb ölkələrində qadın hüquqlarının müdafiəsi" təşkilatının rəhbəridir.