“Uşağı məcburən yedizdirmək olmaz” Hadisə

“Uşağı məcburən yedizdirmək olmaz”

Həkim-pediatr Sənubər Vəliyeva: "Süni qidalarla böyüyən uşaqlarda artıq çəki və piylənmə riski daha böyükdür"

Hədənsə insanlarda elə fikir yaranıb ki, uşaqların arıq olması sağlamlıq əlaməti deyil və onları bacardıqca çox yedirtmək lazımdır. Uşaq istəməsə də onu yeməyə zorlamağı valideynlər, nənə və babalar özlərinə bir növ borc sayırlar. Körpə vaxtında piylənmənin nə olduğunu anlamasa da, sonradan uşaq bu məcburi yedirtmələrin əzabını yaşamalı olur.
Həkim-pediatr Sənubər Vəliyeva deyir ki, uşaqlara 2-5 yaş arası artıq çəki proqnozu qoyulur: "5 yaşdan sonra artıq piylənmədən danışmaq olar. Uşaqlarda artıq çəki diaqnozunun, piylənmənin artmasının əsas səbəblərindən biri bütün dünyada süni qidalanma göstərilir. Eyni zamanda da qeysəriyyə əməliyyatları. Süni qidalarla böyüyən uşaqlarda artıq çəki və piylənmə riski daha böyükdür. 5 yaşdan sonra piylənməyə səbəb isə qeyri-rasional qidalanmadır. Yəni, uşaq istədiyini yeyirsə, onun yeməyinə nəzarət olunmursa, bu axırda piylənməyə gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, uşaqlar ən çox da şirniyyat yeyir, bu da piylənmə yaradır. Öz təcrübəmdən deyə bilərəm ki, bəzən valideynlər həkimə müraciət edirlər ki, uşağın iştahı yoxdur, amma kökəlir. Ancaq araşdıranda məlum olur ki, uşağın iştahı var, amma bütün günü şirniyyat yeyir, ya da şirin çay içir. Beləliklə, bir tərəfli rasional qidalanma kökəlməyə gətirib çıxarır".
Həkim son illər insanlarda telefon, kompüter və planşet aludəçiliyinin də kökəlməyə gətirib çıxardığını deyib: "İngiltərədə piylənmə problemindən əziyyət çəkən insanlarla bağlı aparılan tədqiqat zamanı məlum olub ki, bu insanlar günlərinin çox hissəsini ekran qarşısında keçirirlər. Bu televizor da, kompüter də ola bilər, telefon və planşetlər də. Təəssüf ki, bunlar son vaxtlar günümüzün ayrılmaz hissəsinə çevrilib. Avtobusda, metroda gedəndə belə görrürsən ki, böyük-kiçik hamının əlində telefon var, baş telefona qarışıb. Beləliklə, bir asılılıq, aludəçilik yaranıb, fiziki aktivlik aşağı düşüb. Yəni, piylənməyə səbəb bir tərəfdən qeyri-təbii qidalanma, digər tərəfdən də fiziki aktivliyin aşağı düşməsidir".
Həkim qeyd edir ki, bağırsaq mikroflorasının pozulması da kökəlməyə gətirib çıxarır: "Son illərdə edilən başqa tədqiqatlarda isə məlum olub ki, bağırsaq mikroflorasının pozulması da burda önəmli rol oynayır. Belə fərziyyələr var ki, piylənmədən əziyyət çəkən insanlarda bağırsaq mikroflorası sağlam deyil".
Pediatr bildirib ki, problemin qarşısını almaq üçün ilk növbədə uşaq anadan olandan düzgün, təbii qidalanmalıdır: "Ana südü verilməli, süni qidaya qaçılmamalıdır. Evdə olan yemək vərdişlərini dəyişmək lazımdır. Kökəlmədə genetik rol da var. Ailə var ki, piylənmə bütün üzvlərində var. Baxanda ki, o ailələrdə nə yeyilir və nə qədər yeyilir, piylənməyə təəccüblənmirsən. Fiziki aktivliyə önəm verilməlidir. Bizdə gözəl geyimlər geyinmək dəbdir, amma bədənin normal qaydada olması dəb deyil. Əvvəla bu fikir, dəyərlər dəyişməlidir. Hər şey ailədən başlayır".
Pediatr Sevinc Qasımova deyir ki, müasir dövrdə uşaqlarda piylənmə artıq adi hal alıb. Körpələrdə piylənmə isə düzgün qidalanmadığı və oturaq həyat tərzi sürdüyü üçün yaranır. Bəzən isə uşaqlarda müşahidə olunan piylənmə maddələr mübadiləsinin pozulması, mədə, böyrəklər, eləcə də qızlarda yumurtalıqla bağlı xəstəliklərlə əlaqəli olur. Bu səbəbdən də piylənmənin qarşısını almaq üçün ilk növbədə onun səbəbini dəqiqləşdirməsi vacibdir. Həkimin dediyinə görə, əgər uşaq südəmər körpə deyilsə və ailə üzvlərindən heç olmasa bir nəfərdə piylənmə müşahidə olunursa, deməli, onlar yüksək kalorili qida ilə qidalanırlar: "Bununla yanaşı, uşaq uzun müddət kompüter arxasında oturub oyun oynayır və ya saatlarla cizgi filmlərini izləyir, həyətdə az gəzir və passivdirsə, onda sərf etdiyi enerji ilə aldığı enerji arasındakı tarazlıq pozulur ki, bu da piylənmə ilə nəticələnir. Südəmər körpələrdə isə piylənmə süni uşaq yeməklərinin düzgün verilməməsi ilə əlaqəlidir. Nadir hallarda isə körpə artıq doğularkən onda piylənmənin əlamətləri müşahidə olunur" deyən Sevinc Qasımova hesab edir ki, belə körpələrdə adətən inkişafda gerilik olur, onlar başını çətinliklə saxlayır, gec oturmağa, gəzməyə başlayırlar. Onlarda dişlər də çox gec çıxır. Bəzi hallarda bu cür köklük uşaqda anadangəlmə patalogiyalarla və ya daun sindromu ilə də izah oluna bilər. Onun sözlərinə görə, ən təhlükəlisi isə körpələrdə piylənmənin fiziki zədələr, beyin iltihabları və ya zədələnməsi ilə bağlı olmasıdır. Hətta beyində şiş olduqda da, körpədə piylənmə başlaya bilər.
Pediatrın bildirdiyinə görə, uşaqlarda piylənmə nəticəsində yuxusuzluq, tənəffüs zamanı dayanmalar, xorultu və müxtəlif xəstəliklər də yaranır. Piylənmə uşağın psixoloji durumuna da mənfi təsir göstərir: "Belə ki, onlar daim həmyaşıdları arasında gülüş hədəfinə çevrilir, onların çox az dostu olur, ünsiyyət çatışmazlığından əziyyət çəkirlər. Piylənmə son dövrlər uşaqlar arasında geniş yayılan depressiya və intiharlara da gətirib çıxarır. Qız uşaqlarında isə piylənmə sonsuzluq yarada bilər. Bu səbəbdən də piylənmə ilə mübarizə aparmaq lazımdır".
Sevinc xanım bildirir ki, bu uzun və yorucu proses həkim nəzarəti altında aparılması vacibdir. Dediyinə görə, həkim müayinə və lazımdırsa, müalicədən sonra pəhriz təyin edir və bu pəhrizə uyğun uşaq qidalanmalıdır. "Uşağa uyğun seçilən idman məşğələlərini də yerinə yetirmək vacibdir". Həkim deyir ki, valideynlərin uşağı çox yedizdirməyin ziyana olduğunu anlaması çox vacibdir. Bunu nəzərə alaraq, körpə şirin yeməklərə öyrəşdirilməməlidir. Düzgün qidalanma və həyat tərzi isə piylənmənin qarşısını alacaq. Eləcə də uşaqlar artıq çəki aldıqda onları danlamaq düzgün deyil. Belə ki, çox vaxt valideynlər uşaqların arıqlamağını istədiyi üçün onları danlayır, onlara çox kök və kobud olduqlarını deyirlər. Bununla da uşaqlarına psixoloji zərbə vurmuş olurlar. Piylənmədən əziyyət çəkən uşaqla mehriban davranmaq, ona dəstək olmaq və onun arıqlamağına birgə çalışmaq lazımdır.
Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, piylənmə oğlanlara nisbətən qızlarda daha çox komplekslər yaradır. "Belə uşaqlarda qapalılıq müşahidə olunur. Oğlanlar piylənməyə görə psixoloji sıxıntı az keçirirlər. Belə ki, bizdə əksinə kök və hündür oğlanlar daha yaraşıqlı və samballı hesab olunur" deyən psixoloq bildirib ki, bəzi hallarda psixoloji xəstəliklər də piylənməyə səbəb olur: "Bulemiya adlanan xəstəlik var ki, bu zaman insan yeyir və doymaq bilmir. Belə xəstələr daim aclıq hiss edir. Bəzi insanlar isə depressiyaya düşdükdə qida qəbulunu artırırlar. Onlara elə gəlir ki, yedikcə öz problemlərini unudurlar. Ağır depressiyalar istisnadır. Ağır depressiyalar zamanı əksinə insanlar heç nə yemək istəmir".
Qeyd edək ki, uzun müddət ac qalmaq da piylənməni yaradan faktor hesab olunur. Çox vaxt arıqlamaq istəyən şəxs yeməkdən imtina edərək ac qalır. Uzun müddət ac qalan orqanizm isə qorxur ki, onu yenə də ac saxlayarlar və növbəti qidalanma zamanı qəbul etdiyi maddələri piy qatına yönəldir. Ona görə də insan şüuraltı hisslərinə fikir verməli və ac qalmamalıdır.
Dəyənət Rzayev qeyd edir ki, uşaq aclıq hiss etdikdə yeməlidir. "Lakin uşağı məcbur yedizdirmək olmaz. Piylənmədən qorunmaq üçün mütəmadi idmanla da məşğul olmaq lazımdır. Əgər uşaqda piylənmə var və onunla mübarizə apara bilmirsinizsə, təhlükəli fəsadların qarşısını almaq üçün psixoloqa müraciət etmək məsləhətdir".
Azərbaycan Tibb Universiteti Tədris terapevtik klinikasının direktoru, 1-ci uşaq xəstəlikləri kafedrasının professoru, əməkdar elm xadimi Surxay Musayev mətbuata verdiyi açıqlamada bildirib ki, ana südünü heç bir qida əvəz edə bilməz və o uşaqlarda piylənmənin qarşısını alır: "Yeni doğulan uşağın mədə-bağırsaq sistemi, bütövlükdə orqanizmi hələ o qədər də formalaşmadığından qidanın keyfiyyəti, qəbul etdiyi qidalar ömrü boyu onun sağlamalığına ciddi təsir göstərir".
Professorun sözlərinə görə, ana südü qəbul edən uşaqların immun sisitemi digərlərinə nisbətən daha möhkəm olur, az xəstələnir: "Ana südünün tərkibində olan maddələr az allergiyalı olur və ən əsası da hər bir ananın südü digər ananın südünüdən fəqlənir, individualdır. İki ananın südü hətta müəyyən inqridiyentlərinə görə bir-birinə bənzəmir. Çünki hər ananın südü öz övladı üçündür, ananın orqanizminin xarakteri, xüsusiyyəti, immun sistemi bu süd vasitəsilə övladına ötürülür. Sadə bir misalla deyə bilərik ki, uşaq anadan olan kimi ananın sinəsinə qoyulur və onun potensiallarını qəbul edir".
Surxay Musayev körpələrin sağlamlığı üçün keçi, inək südü ilə qidalandırılmasını yanlış sayır: "Bu, çox yanlış fikirdir, uşağın immun sisteminə mənfi təsir edir. Bəzi valideynlər hətta uşağına un qovurmasından sıyıq hazırlayıb yedizdirir. Bu dəhşətli dərəcədə uşağın sağlamlığına mənfi təsir edir, qan azlığı, cılızlıq yaradır, tez-tez xəstələnirlər".
Həkim bildirir ki, süni qida bazarında keyifiyyətli ilə keyfiyyətsiz məhsullar bir-birinə qarışıb: "Uşaq qidası bazarında kifayət qədər süni uşaq qidalarına rast gəlinir. Keyfiyyətlisi, keyfiyyətsizi bir-birinə qarışıb. Hamısı da bir ağızdan deyir ki, bu ana südünə yaxınlşdırılmış, adaptasiya olunmuş qidalardır. Amma bu qidaların uşağa verilməsi zərurəti yaranarsa, ana düzgün seçim etməlidir. Yəni uşağın allergiyalı olması, mədə-bağırsaq sisteminin vəziyyəti, nevroloji durumu nəzərə alınmalıdır".
Professor təəssüflə bildirir ki, indiki analarımız ana südünü artırmaq əvəzinə asan yola qaçır, yarana biləcək fəsadlar haqqında düşünmürlər: "Bu qidaların yaratdığı fəsadlardan bir də piylənmədir. Süni qidaların qəbulu zamanı bəzən uşaq olduğu aydan çox kilo alır və sonradan bu ciddi fəsadlara yol açır. Bir daha bildirirəm ki, süni qida hansı tərkibdə, hansı ölkənin istehsalı olmasına baxamayarq ana südünü əvəz etmir".

Ülviyyə Tahirqızı