Deputatlardan yol polislərinin hərəkətinə etiraz Hadisə

Deputatlardan yol polislərinin hərəkətinə etiraz

Ərəstun Cavadov "Hər dəfə rayona gedəndə məni cərimələyirlər"

İqbal Ağazadə: "Deputatlara inzibati cəza verilə bilməz, bu, Konstitusiyanın kobud şəkildə pozulmasıdır"

Milli Məclisin iclasında "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Dəyişikliyə əsasən bundan sonra nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən müvafiq icra hakimiyyəti orqanına göndərilən məlumat sırasına fiziki şəxslər qeydiyyatda olduqları və yaşadıqları ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə olunmasını həvalə etdikləri şəxsin müvafiq məlumatlarını da əlavə etməlidir. Digər dəyişikliyə görə, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Ümid Partiyasının sədri, deputat İqbal Ağzadə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildikdən sonra millət vəkilləri problemlərlə üzləşir.
"Deputatlara bəzən inzibati protokol tərtib etmədən onlara inzibati cəza kəsilir. Bu, qanundakı boşluqlardan irəli gəlir. Bu, həm də Konstitusiyanın kobud şəkildə pozulmasıdır. Deputatlara inzibati cəza verilə bilməz".
İqbal Ağazadə bildirib ki, onlar sədəqə tələb etmirlər, sadəcə olaraq deputat toxunulmazlığının qorunmasını istəyirlər.
Fəzail Ağamalı bildirib ki, deputatların radarlarla bağlı problemi var və bu problemin həlli istənilir: "Ziyafət müəllim, sizin avtomobilin dövlət nömrə nişanı var, ancaq deputatların əksəriyyətinin dövlət nömrə nişanı yoxdur. Problem bildirildi, siz də buyurun, çıxış yolu təqdim edin".
Deputat Ərəstun Cavadov isə qeyd edib ki, yol polisləri tez-tez onu cərimələyirlər. "Mən Ağsuya və İsmayıllıya gedəndə yol polisləri məni cərimələyirlər. Hər dəfə 150-200 manat cərimə ödəyirəm".
Deputat Ərəstun Cavadov və İqbal Ağazadə ona etiraz edib ki, yol polisləri onları cərimələməli deyil. Onlar əsas gətirib ki, bəzən əhəmiyyətli tədbirlərə gecikdikləri üçün istəmədən yol hərəkəti qaydalarını pozurlar.
Lakin Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Siyavuş Novruzov isə hamının qanuna əməl etməli olduğunu vurğulayıb: "Ortaya hansısa problemlər çıxarsa, millət vəkilinin mülkiyyəti, maşını toxunulmazdır. Ancaq məhkəmənin qərarından sonra bu, mümkün olar. Milli Məclisdə nəqliyyat vasitəsi ilə parlament rəhbərliyi və komitə sədrləri rəsmən təmin olunur. Ona görə də yol polisi bilmir ki, maşının içərisində gedən avtomobilin nömrəsi kimin adınadır. Biri qayınanasının, biri kiminsə adınadır. Millət vəkillərinin istifadə etdiyi avtomobillərin nömrələri toplanıb Milli Məclisə təqdim olunsun, Milli Məclis də Dövlət Yol Polisinə təqdim etsin ki, onlar da bunu nəzərə alsınlar. İstənilən halda deputatların statusunu pozmaq olmaz".
Müzakirələrin sonunda layihə səsverməyə çıxarılaraq qəbul olunub.