Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı 85 qərar Hadisə

Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı 85 qərar

Ramiz Rzayev: "Ən çox pozuntu İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Avropa Konvensiyanın 6-cı maddəsi ilə əlaqədardır"

Bu günə qədər Azərbaycana qarşı Avropa İnsan Haqları Məhkəməsində 85 qərar qəbul olunub. Bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2002-ci ildən Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan üzrə işlərə baxır: "O vaxtdan oktyabr ayı da daxil olmaqla, 2014-cü ilə qədər Avropa İnsan Haqları Məhkəməsi tərəfindən Azərbaycan üzrə baxılan 85 işdə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Avropa Konvensiyanın pozulması müəyyən edilib. Elə ölkələr var ki, onlarla bağlı bir il ərzində 200-300 işə baxılır".
R.Rzayev qeyd edib ki, 85 iş o qədər də çox deyil: "Azərbaycan bu istiqamətdə çalışır, seminarlar, treninqlər keçirilir. Biz bu 85 işin nədən ibarət olduğunu təhlil edirik. Ən çox pozuntu Konvensiyanın 6-cı maddəsi ilə əlaqədardır. Yəni məhkəməyə müraciət hüququ, məhkəmədə buraxılan nöqsanlar. Çünki məhkəmə sonuncu instansiya olduğuna görə, bütün icra qurumlarının da yol verdiyi səhvləri gərək məhkəmə düzəldə. Bir də 1-ci protokolun 1-ci maddəsi əsasən mülkiyyət hüququ ilə bağlıdır. Yəni problem əsasən bu iki istiqamətdədir".