“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilib Hadisə

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilib

Milli Məclisin ötən gün keçirilən iclasında bələdiyyələrin statusunda və fəaliyyətlərində dəyişiklik müzakirəyə çıxarılıb. "Bələdiyyələrin statusu haqqında" qanuna edilən əlavələr layihəsi barədə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.
Onun sözlərinə görə, qanuna yeni 22-1 və 22-2 maddələri əlavə edilir. Layihəyə əsasən, yeni 22-1-ci (Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması) maddədə göstərilir ki, bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması onların "Bələdiyyə üzvünün statusu haqqında" qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinin müvəqqəti dayandırılmasından ibarətdir. Bələdiyyə üzvlərinin səlahiyyətləri məhkəmənin qərarı ilə dayandırılır.
Maddədə o da deyilir ki, bələdiyyə üzvlərinin səlahiyyətləri bu qanunun 22-ci maddəsinin 5-6-cı bəndlərində nəzərdə tutulmuş əsaslarla bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məhkəmədə icraata başlandığı tarixdən aşağıdakı müddətə dayandırılır:
- bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra bələdiyyə tərəfindən bu qanunun 23-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyə tərəfindən qərar qəbul edilənədək;
- iş üzrə məhkəmə icraatına xitam verilməsi barədə məhkəmənin qərarı qüvvəyə minənədək.
Layihədə nəzərdə tutulan daha bir - 22-2-ci (Bələdiyyələrin vaxtından əvvəl buraxılması) maddədə göstərilir ki, Milli Məclis ona bu qanunun 52-2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müraciət olduqda və bununla əlaqədar bələdiyyənin hesabatının dinlənilməsi nəticəsində onun fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə, Mərkəzi Seçki Komissiyası bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.