“Müsəlman sürücü” Hadisə

“Müsəlman sürücü”

Və yaxud "lazımsız məsləhət"

Arzu Şirinova

Göy üzünə bulud gələn kimi Sumqayıtdan Bakıya, eləcə də əks istiqamətə hərəkət edən taksi sürücüləri qiyməti qaldırırlar. Adını da yollarda tıxacların olmasıyla bağlayırlar. Dünən də eyni aqibəti yaşadım. Ancaq taksi sürücüsü bir qədər insaflı çıxdı. Gediş haqqını cəmi 50 qəpik artırdı və minnət də qoydu ki, "Aşurə günü olduğu üçün bizim də vəzifəmiz müsalmançılığımızı qorumaqdı". Düzü bu deyimin hansı məna verdiyini bilmədim və sakitcə "müsəlman sürücünün" maşınına əyləşdim. Elə o an da peşiman oldum. Maqnitafonda bilmədiyim dildə dini ayinlər və musiqilər az qala beynimə işlədi. Yaxşı ki, qarşıda əyləşən ağsaqqal səsi azaltmağı xahiş elədi. Sürücü nə desə yaxşıdır-"bunları dinləyin ki, qulağınız təmizlənsin". Ağsaqqal da söz altında qalmadı:"Mənim qulağım təmizdir, sən özün haqqında fikirləş". Bir qədər getmişdik ki, yağış gücləndi. Elə bunu görən sürücü yenə söhbətə istiqamət verdi:"Bu gün yer, göy də ağlayır. Aşurə günüdür axı". Ağsaqqal yenə də özünü saxlaya bilmədi:"Ay oğlum, bu günün tarixi haqqında nələri bilirsən?" Sürücü etiraf elədi ki, heç nəyi. Sadəcə bu günü başqa müsəlmanlar kimi o da qeyd edir. Ağsaqqal təfsilatına varmaq istəyəndə yanaşı otutduğum qadım gərək olmadığını bildirdi və haqlı olaraq dedi:"Hansı birimizdən Azərbaycanın taixini, başımıza gətirilən müsibətləri, elə dünən ermənilərin törətdiyi işğal əməllərini soruşsalar dilimiz topuq çalar, ancaq neçə əsr bundan əvvəl yaşanan olayları bilməyimiz üçün hər il təbliğat aparılır. Ağsaqqal, öz tariximizdən danışın, biz də eşidək". Ağsaqqal kirimişcə dayandı. Yenə də sükutu sürücü pozdu və ağsaqqala müraciətlə:"Siz bilərsiniz, ehsanı niyə yığışdırdılar?" Ağsaqqal sanki bu sualı gözləyirmiş kimi dedi:"Birincisi, ehsanı yığışdırmayıblar. İsrafçılığı qadağan eləyiblər. Pis eləməyiblər ki? Camaata başa salıblar ki, cibinizin ölçüsünə görə ehsan verin. Bu günə kimi süfrənin üstünə neçə adda naz-nemət yığırdılar. İndi də yalnız halva, çörək, göyərti, pendir və çayla kifayətlənməlisən. O gün nəvəm gəlib əlini kürəyimə vurub deyir ki, "evimizdə iki çeşka var, gərək bunları qoruyaq və halallıq alaq". Mənimlə qarımı nəzərdə tutur ". "O nə deməkdir ağsaqqal ?", deyə sürücü soruşdu. Düzü məni də maraq götürdü ki, bu fikrin arxasında nələr var. Ağsaqqal bildirdi ki, yas yerlərində ehsan verilməsinə məhdudiyyətlər qoyulduğu üçün nəvəsi belə deyib. Yəni dünənə kimi yası düşən şəxs ən azı 10-15 min manat xərc çəkirdisə, bundan sonra bu rəqəm 3-4 min manat olacaq. Yasda yığılan pul da ev sahibinə qalacaq. Buna görə də ağsaqqalın nəvəsi babasını və nənəsini maşınla müqayisə edib. Düzdür, bunu söyləyəndə maşında oturanların hər biri nəvəni qınadı, ancaq ağsaqqal "düz sözə nə deyəsən", deyib köksünü ötürdü. Sürücü öz aləmində ağsaqqalın könlünü almaq istədi: "Fikir verməyin, uşaqdı , qandığı ora qədərdi. Səninki elə deyir, bizimki də saxladığımız danaların qiymətinin düşdüyünü bildirib heyfsilənir. Başağrısı olmasın, bu qadağalardan əvvəl 3-4 dana almışdım ki, saxlayaq. Xeyirdə-şərdə lazım olur. Sizin canınız haqqı elə bəsləmişik ki, yaxşı qiymət qulağından asılmışdı. Ancaq mərdimazarlar qoymadılar, bazar olsun. Qadağalarla belimizi qırıb, çörəyimizə bais oldular. Bundan sonra danaları satası olsam da xərci-borcunu ödəməyəcək". 35 dəqiqə mənasız söhbətləri eşitmək zournda qalmağım bir yana, taksidən düşəndə dilənçiliyə vadar olunan 5-6 yaşlı uşağın "imam yolunda nəzir verin" deməsi və yağışın altında tir-tir titrəməsi sinirlərimi tarıma çəkdi. Uşağa 1 manat uzatdım və bildirdim ki, yağışın altında qalma xəstələnərsən. Bu zaman əlində çətir olan qadın üstümə şığıdı: "Nəzirini verdin gedə bilərsən. Sən yəqin bu günün qiymətini bilmədiyin üçün uşağa lazımsız məsləhət verirsən"...