Məcburi köçkünlərin səsvermə problemi Hadisə

Məcburi köçkünlərin səsvermə problemi

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri 118 seçki dairəsini əhatə edəcək. İşğal altındakı 7 seçki dairəsində seçki olmayacaq: 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı dairəsinin seçiciləri prosesdən tam kənar qalacaq. Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli "Media forum" saytına bildirib ki, həmin dairələrin seçiciləri hazırda yaşadıqları ərazilərin bələdiyyələri üzrə də səs verə bilməz.
1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində isə məcburi köçkünlərin yaşadıqları ərazilərin bələdiyyələri üzrə də səs vermək hüququ olub. Sonra bu təcrübə təkrarlanmayıb.
Milli Məclisin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib ki, qanunla ərazidə daimi qeydiyyatda olan insanlar səs verə bilərlər: "Məcburi köçkünlər yaşadıqları ərazilərdə daimi qeydiyyatda deyillər. İlk bələdiyyə seçkilərində məcburi köçkünlərin səsvermə hüququ alması iradlara səbəb oldu. Ona görə də növbəti bələdiyyə seçkilərində məcburi köçkünlərə səs hüququ verilmədi".