Bələdiyyələrə 21 min nəfərdən çox namizəd irəli sürülüb Hadisə

Bələdiyyələrə 21 min nəfərdən çox namizəd irəli sürülüb

"Bələdiyyə seçkilərində iştirak etmək üçün vətəndaşlara bildiriş vərəqlərinin paylanılması dekabrın 16-na qədər yekunlaşacaq". Bunu modern.az-a Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib.
Mərkəzi Seçki Komissiyasının bununla bağlı təlimatı olduğunu xatırladan şöbə müdiri səsverməyə 7 gün qalanadək bu prosesin yekunlaşacağınının nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, bildiriş vərəqlərinin paylanılması səsvermə gününə qədər yekunlaşacaq.
O qeyd edib ki, bildiriş vərəqləri seçki gününə 15 gün qalanda qanuniləşdirilmiş akt formasında seçki məntəqələrinə təhvil veriləcək.
Şahin Əsədlinin sözlərinə görə, indiyədək 21 764 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. 1 724 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi artıq qeydə alınıb.
Xatırladaq ki, 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyə üzrə 15 035 üzv seçiləcək. Namizədlərin irəli sürülməsi noyabrın 22-də başa çatacaq. Səsvermə dekabrın 23-də keçiriləcək.