Azərbaycan–Qırğızıstan münasibətlərində yeni strateji mərhələ başlayır Siyasət

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni strateji mərhələ başlayır

Prezident cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişaf tarixində yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər, qəbul edilən siyasi qərarlar və dövlət başçılarının mətbuata verdiyi bəyanatlar göstərdi ki, Bakı və Bişkek artıq klassik dostluq münasibətlərindən daha irəli gedərək strateji müttəfiqlik modelini praktik müstəviyə keçirirlər. Cənab Prezidentin “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri səfərin siyasi mahiyyətini ən dolğun şəkildə ifadə etdi. Bu bəyanat təkcə iki ölkə arasında münasibətlərin hüquqi statusunun yüksəldilməsi deyil, eyni zamanda gələcək onilliklər üçün müəyyən edilən ortaq siyasi kursun, qarşılıqlı etimadın və strateji baxışın ifadəsidir. Müttəfiqlik münasibətlərinin qurulması Azərbaycan xarici siyasətinin son illərdə əldə etdiyi ən mühüm diplomatik uğurlardan biri kimi də qiymətləndirilə bilər. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və praqmatik xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiya arasında etibarlı siyasi və iqtisadi körpü rolunu daha da möhkəmləndirir. Bu gün Azərbaycan və Qırğızıstan münasibətlərini yalnız iki dövlət arasındakı əməkdaşlıq kimi qiymətləndirmək düzgün olmazdı. Bu münasibətlər artıq bütövlükdə Türk dünyasının inteqrasiyasının mühüm sütunlarından birinə çevrilməkdədir.
Dövlət başçısının vurğuladığı kimi, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik məsələlərində birgə fəaliyyət iki ölkənin gələcək əməkdaşlığının əsas istiqamətlərini təşkil edir. Bu yanaşma BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda ortaq mövqelərin daha da möhkəmlənəcəyini göstərir. Səfərin ən mühüm nəticələrindən biri dövlətlərarası münasibətlərin ən yüksək siyasi səviyyəyə yüksəldilməsi oldu. İmzalanan sənədlər paketi iqtisadiyyat, investisiya, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, təhsil, mədəniyyət, humanitar əməkdaşlıq, rəqəmsal inkişaf və digər istiqamətləri əhatə etməklə münasibətlərin sistemli xarakter aldığını nümayiş etdirdi. Müasir beynəlxalq münasibətlər sistemində siyasi bəyannamələr yalnız diplomatik jest kimi deyil, uzunmüddətli inkişaf strategiyalarının hüquqi və institusional əsasları kimi qiymətləndirilir. Bu baxımdan səfər zamanı əldə olunan razılaşmalar qarşıdakı illərdə Azərbaycan–Qırğızıstan əməkdaşlığının yeni iqtisadi xəritəsini formalaşdıracaq. Diqqət çəkən mühüm qərarlardan biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması oldu. Bu addım iki ölkənin iqtisadi əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. İnvestisiya fondlarının effektiv fəaliyyəti müasir iqtisadi diplomatiyanın əsas alətlərindən hesab olunur. Fond vasitəsilə həyata keçirilən layihələr yalnız maliyyə dövriyyəsini artırmır, eyni zamanda yeni istehsal sahələrinin yaradılması, innovativ texnologiyaların tətbiqi, məşğulluğun artırılması və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından da mühüm rol oynayır. Cənab Prezidentin qeyd etdiyi kimi, fondun fəaliyyəti artıq konkret layihələrlə zənginləşir. Qırğızıstanda həyata keçirilən birgə istehsal layihələri yeni iş yerlərinin açılmasına, iqtisadi potensialın genişlənməsinə və biznes dairələri arasında etimadın daha da artmasına xidmət edir. Bu isə göstərir ki, iqtisadi əməkdaşlıq artıq nəzəri müstəvidən çıxaraq real investisiya layihələrinə çevrilməkdədir. Səfər çərçivəsində İssık-Kul gölünün sahilində inşa edilən “Baku Resort & SPA” hotelinin açılışı da xüsusi diqqət çəkdi. Azərbaycan dövlətinin vəsaiti hesabına tikilən və “Bakı” adını daşıyan ilk beşulduzlu hotel iqtisadi layihədən daha çox strateji dostluğun rəmzi kimi qiymətləndirilir. Turizm infrastrukturu sahəsində həyata keçirilən bu layihə iki ölkə arasında xidmət sektorunda əməkdaşlığın genişlənməsinə, turizm axınının artmasına və investisiya əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verəcək. Belə layihələr dövlətlər arasında iqtisadi əlaqələri humanitar münasibətlərlə uzlaşdıran mühüm körpülər yaradır. Prezident cənab İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri Qarabağın bərpasına Qırğızıstanın verdiyi dəstək oldu. Ağdam rayonunda inşa edilən və “Manas” adını daşıyan məktəb təkcə təhsil müəssisəsi deyil, eyni zamanda Azərbaycan–Qırğız qardaşlığının canlı simvoludur. Qırğızıstanın işğaldan azad olunmuş ərazilərin bərpasında iştirakı Türk dövlətləri arasında həmrəyliyin konkret nəticələrindən biridir. Bu addım beynəlxalq münasibətlərdə siyasi dəstəyin real layihələrə çevrilməsinin nümunəsi kimi də qiymətləndirilə bilər. Cənab Prezidentin Qarabağın bərpasına göstərilən köməyə görə minnətdarlığını ifadə etməsi tərəfdaşlığın yalnız siyasi bəyanatlardan ibarət olmadığını, praktiki əməkdaşlıq üzərində qurulduğunu göstərir. Humanitar diplomatiya da səfərin əsas istiqamətlərindən biri oldu. Çingiz Aytmatovun Bakıda abidəsinin və parkının açılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması, Ağdamda “Manas” məktəbinin istifadəyə verilməsi, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlar arasında mənəvi bağların daha da möhkəmləndiyini nümayiş etdirir. Mədəni diplomatiya müasir dövrdə dövlətlərin yumşaq güc siyasətinin əsas komponentlərindən biridir. Azərbaycan və Qırğızıstan bu istiqamətdə ortaq tarixə, ortaq dəyərlərə və ortaq mədəni irsə əsaslanan əməkdaşlıq modeli formalaşdırırlar. Türk dünyasının böyük şəxsiyyətləri - Çingiz Aytmatov və “Manas” irsinin dövlətlərarası münasibətlərdə simvola çevrilməsi xalqlar arasında tarixi yaddaşın qorunmasına və gələcək nəsillərin ortaq kimlik şüurunun möhkəmləndirilməsinə xidmət edir. Səfərin mühüm siyasi nəticələrindən biri də Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsinə görə Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarına təşəkkürünü ifadə etməsi oldu. Bu qərar Azərbaycanın Mərkəzi Asiya siyasətində yeni mərhələnin başlandığını göstərir. Coğrafi baxımdan Cənubi Qafqaz dövləti olan Azərbaycan artıq siyasi, iqtisadi, enerji və nəqliyyat baxımından Mərkəzi Asiyanın ayrılmaz tərəfdaşına çevrilir. Xəzər dənizi üzərindən formalaşan Orta Dəhliz, Şərq-Qərb nəqliyyat marşrutu, enerji əməkdaşlığı, rəqəmsal bağlantılar və logistika layihələri Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin strateji xarakter daşıdığını bir daha təsdiqləyir.
Səfər çərçivəsində qəbul edilən Çolpon-Ata Bəyannaməsi də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bəyannamə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın, enerji əməkdaşlığının, nəqliyyat-kommunikasiya əlaqələrinin və humanitar tərəfdaşlığın yeni inkişaf mərhələsini müəyyənləşdirən mühüm sənəd kimi qiymətləndirilə bilər. Çolpon-Ata Bəyannaməsi Türk Dövlətləri Təşkilatının fəaliyyət istiqamətlərini tamamlayan və regional inteqrasiyanı gücləndirən siyasi sənəd kimi də mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı dövlət başçılarının qarşılıqlı ali dövlət mükafatları ilə təltif olunması münasibətlərin yüksək etimad səviyyəsinin rəmzi oldu. Prezident cənab İlham Əliyevin Qırğız Respublikasının I dərəcəli “Manas” ordeni ilə təltif edilməsi onun Türk dünyasının inteqrasiyasına, Azərbaycan–Qırğız dostluğunun inkişafına və regional əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfənin yüksək qiymətləndirilməsidir. Eyni zamanda Prezident Sadır Japarovun Azərbaycanın ali dövlət təltifi – “Heydər Əliyev” ordeni ilə təltif olunması iki ölkə rəhbərləri arasında formalaşmış qarşılıqlı etimadın, dostluğun və strateji tərəfdaşlığın ən yüksək səviyyədə təsdiqi kimi qiymətləndirilə bilər. Bu qarşılıqlı təltiflər təkcə diplomatik protokol hadisəsi deyil, həm də gələcək əməkdaşlığın siyasi simvoluna çevrilən mühüm mesajdır. Bu gün Azərbaycan və Qırğızıstan münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də bütövlükdə Türk dünyasının gələcək inteqrasiya modelinin mühüm tərkib hissəsi kimi inkişaf edir. Cənab Prezidentin həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında etibarlı strateji tərəfdaş və siyasi körpü statusunu daha da möhkəmləndirir. 31 iyul 2026-cı il dövlət səfəri göstərdi ki, Bakı ilə Bişkek arasında münasibətlər artıq dostluq və tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə yüksəlib. Bu yeni mərhələ yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının siyasi həmrəyliyinin, iqtisadi inteqrasiyasının və regional təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə mühüm töhfə verəcək. Azərbaycanın Mərkəzi Asiya istiqamətində artan fəallığı, Qırğızıstanla münasibətlərin strateji dərinləşməsi, imzalanan sənədlər, investisiya layihələri, humanitar təşəbbüslər və Çolpon-Ata Bəyannaməsi göstərir ki, qarşıdakı illərdə bu əməkdaşlıq daha geniş regional layihələrin əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək. Bu isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasətin növbəti mühüm uğuru kimi tarixə düşəcək.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı