16:23
357
İyulun 24-26-da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qırğızıstanda yaşayan türk xalqlarının gəncləri üçün İssık-Kul vilayətində II Yay Düşərgəsi təşkil edilib.
Dövlət Komitəsindən bildirilib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan layihənin əsas məqsədi millətlərarası dialoqun möhkəmləndirilməsi, gənclər arasında əməkdaşlığın genişləndirilməsi, ümumtürk dəyərlərinin təbliği, mədəni-humanitar əlaqələrin inkişafına töhfə vermək olub.
Açılış mərasimində çıxış edənlər Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi-mədəni birliyinin möhkəmləndirilməsində oynadığı tarixi roldan bəhs edib, bu irsin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.
Mərasimdə, həmçinin Azərbaycanın, Qırğızıstanın və Birinci Türkoloji Qurultayın tarixinə həsr olunan videoçarxlar nümayiş etdirilib.
Proqram çərçivəsində maarifləndirici mühazirələr, interaktiv seminarlar, intellektual yarışlar, idman oyunları və "Rux Ordo" Mədəniyyət Mərkəzinə ekskursiya təşkil olunub. Gənclər proqramın sonunda sertifikatlarla təltif ediliblər.
Bağlanış mərasimində fərqlənən iştirakçılar və təşkilatçılar mükafatlandırılıb. Proqram Türk dünyası gəncləri arasında dostluğun, həmrəyliyin və davamlı əməkdaşlığın rəmzinə çevrilən ənənəvi vida tonqalı ilə yekunlaşıb.