“Düşmən özünü cəzasız hiss etdiyindən bütün sərhədləri aşdı” Hadisə

“Düşmən özünü cəzasız hiss etdiyindən bütün sərhədləri aşdı”

Aydın Mirzəzadə: "Ermənistan vurulan helikopterin guya Dağlıq Qarabağdakı işğalçı rejimə məxsus olduğunu iddia etməyə çalışır"

"İlk dövrdə Azərbaycanı hədələyən, həm helikopter, həm də onun heyəti barəsində geniş məlumat verən Ermənistan bu gün artıq mövzunu dəyişməyə çalışır. Ermənistan ciddi cəhdlə vurulan helikopterin guya Dağlıq Qarabağdakı işğalçı rejimə məxsus olduğunu iddia etməyə çalışır". Bu barədə "Trend"ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə qeyd edib ki, cəmi 100 min "əhalisi" və təqribən illik büdcəsi 150 milyon dollardan ibarət olan işğalçı rejimin dəyəri 8-12 milyon dollar olan helikopter almaq imkanı yoxdur: "İkincisi, helikopterin heyəti Ermənistanda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin zabitləri olan şəxslərdir. Bu gün isə mətbuatda heyətin komandirinin tərcümeyi halı yazılıb. Buradan göründüyü kimi, Ermənistan özünə məxsus olan hərbi texnikanın məsuliyyətinin altından çıxmağa çalışır. Belə texnikanı almaqla yanaşı, onun istismarı və eyni zamanda, uçuşunun koordinasiya edilməsi də baha başa gəlir, ciddi vəsait tələb edir. Yəni Dağlıq Qarabağdakı işğalçı rejim heç bir halda bunu edə bilməz".
Millət vəkili əlavə edib ki, digər tərəfdən, Ermənistan artıq bir neçə gündür ki, işğal olunmuş ərazilərdə böyük hərbi təlimlərə başladığını elan etmişdi: "Azərbaycanın xəbərdarlığına baxmayaraq, Ermənistan özünü cəzasız hiss etdiyindən, artıq o dünənki hərəkəti ilə bütün sərhədləri aşdı. Helikopterin vurulmasını əks etdirən videodan görünür ki, Ermənistan helikopteri Azərbaycan mövqelərinə yaxınlaşır və müəyyən əməliyyat keçirməyə hazırlaşır. Azərbaycan hərbçilərinin hərəkəti tamamilə düzgün idi".