Müdafiə Nazirliyi toplu hazırlayıb Hadisə

Müdafiə Nazirliyi toplu hazırlayıb

Azərbaycan Müdafiə Nazirliyi"Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar" adlı broşür hazırlayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin məlumatında qeyd olunur ki, məlumat broşürü Azərbaycan prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 №-li "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncamına əsasən hazırlanıb:
"Məlumatların hazırlanmasında əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zonada) təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə məlumatların, eləcə də "Dövlət sirri haqqında" Qanuna görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların KİV-də və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaqdan ibarətdir.
Hazırda informasiyanın toplanması, saxlanılması, emalı və ötürülməsi proseslərinin informasiya kommunikasiya təhlükəsizliyindən istifadə etməklə həyata keçirilməsi imkanı konfidensial (gizli) informasiyanın asanlıqla başqalarının əlinə keçməsi təhlükəsini artırır. İnformasiya təhlükəsizliyinin təmin edilməsinin əsas şərtlərindən biri informasiyanın konfidensiallığı məsələsidir. İnformasiya resursları ilə işləyən insanlar ayrı-ayrı vətəndaşlara və ya təşkilatlara aid olan informasiyanın gizliliyini qorumaq üçün məsuliyyətlərini dərk etməlidirlər".
Məlumat toplusunda dövlət sirri haqqında əsas anlayışlar və dövlət sirrinin yayılmasına görə məsuliyyət halları qeyd olunub.
Broşürdə qeyd olunub ki, dövlət sirrinin mühafizəsi hərbi hissə komandirlərinin, qərargah rəislərinin, idarə və müəssisə rəhbərlərinin əsas fəaliyyət istiqamətlərindən biridir və dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkilinə görə məsuliyyət onların üzərinə qoyulur. Bu səbəbdən də hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri dövlət sirrinin mühafizəsi sisteminin səmərəliliyini artırmalı, dövlət sirrinin mühafizəsinin dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğunu öyrənməli və təhlil etməli, dövlət sirri təşkil edən məlumatların mümkün axın (kənara sızma) kanallarını müəyyənləşdirib müvafiq tədbirlər hayata keçirməlidirlər. Həmçinin hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri hərbi hissələrdə keçirilən açıq tədbirlər və kütləvi informasiya vasitələri üçün hazırlanan materialların qabaqcadan Müdafiə Nazirliyinin mətbuat xidməti ilə razılaşdırılmasını təşkil etməlidirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif dərgahlı APA-ya açıqlamasında bildirib ki, broşür Müdafiə Nazirliyinin hərbi hissələrinə və tableikdəki bütün qurumlara paylanacaq. Eyni zamanda Azərbaycan Mətbuat Şurası vasitəsi ilə KİV-ə göndəriləcək.