Komitə sədrindən absurd izahat Hadisə

Komitə sədrindən absurd izahat

Şəmsəddin Hacıyev: "Müəllimlərin, elm adamlarının əmək haqları 150-200 manat artsa, büdcəyə əlavə 800 milyon manata yaxın vəsait lazımdır, lakin bu vəsaitin mənbələrini müəyyən etmək çətindir"

Milli Məclisin dünənki iclasında 2015-ci ilin büdcə müzakirələri davam eydirilib. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxışında bildirib ki, dövlət büdcəsinin neft amilindən asılılığı ildən-ilə azalır. Bu, qeyri-neft sektorunda innovasiyalı texnologiyaların inkişafı ilə bağlıdır. Onun sözlərinə görə, fermerler il ərzində 55-60 milyon manat subsidiya ala biləcəklər. Komitə sədri bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlərə 2015-ci il ərzində ayrılacaq kredit və subsidiyaların miqdarı 236 milyon manat olacaq.
Deputat bitkiçilik və heyvandarlıqda inkişafın ləng getdiyini də söyləyib. Eldar İbrahimovun fikrincə, bunun qarşısını almaq üçün bu sahələrə ayrılan vəsait artırılmalıdır: "İxtisaslı kadrlara, yüksək keyfiyyətli toxumlara və heyvanların ölkəyə gətirilməsinə ehtiyac var".
Parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə çıxışında müəllimlərin əmək haqlarının azlığı barədə bəzi millət vəkillərinin haqlı iradlara özünəməxsus reaksiya verib. O deyib ki, müəllimlərin, elm adamlarının əmək haqları 150-200 manat artsa, büdcəyə əlavə 800 milyon manata yaxın vəsait lazımdır. Komitə sədri əlavə edib ki, lakin bu vəsaitin mənbələrini müəyyən etmək çətindir.
Onun fikrincə, elm sahəsində islahatlar aparmaqla məsələni həll etmək olar. Komitə sədri deyib ki, müəllimlərin, elm adamlarının attestasiyası vacibdir: "Bununla yanaşı, həftəlik dərs saatlarına da baxmaq lazımdır. Hər müəllimə uyğun ayrıca maaş sistemi tətbiq edilməlidir".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə çıxışında qeyd edib ki, bədən tərbiyəsi fənninin nəticələri qəbul imtahanlarında nəzərə alınmalıdır. O bildirib ki, vaxtı ilə Azərbaycanda da mövcud olan "vətənin müdafiəsinə hazıram" normativləri bərpa olunmalıdır: "Bir il bundan əvvəl Rusiya qətiyyətli addım ataraq "vətənin müdafiəsinə hazıram" normativlərini bərpa etdi. Bundan sonra Təhsil Nazirliyi tərəfindən əmr verildi. Artıq qəbul imtahanlarında "vətənin müdafiəsinə hazıram" normativlərinin nəticələri mütləq nəzərə alınır. Əgər biz də bunu edə bilsək, o zaman tədrisdə idman artıq məcburi şəkildə bərpa olunacaq. Bununla da məktəbdən sonra ordu quruculuğuna tövhə vermiş olacağıq".
Komitə sədri bununla yanaşı, ölkədəki parklar və kütləvi tədbir yerlərindən də danışıb. Onun fikrincə, bu yerləri təkcə istirahət və əyləncə məqsədi üçün yox, həm də idman tədbirlərinin keçirilməsi üçünü formalaşdırmaq lazımdır: "Bunun kiçik bir epizodu Bakı bulvarında var. Bu nümunənin bütün layihələrdə nəzərə alınması vacibdir".
Əli Hüseynli bir neçə maraqlı təkliflə də çıxış edib. O bildirib ki, Bakı Dövlət Sirki və Azərbaycan Dövlət Kinostudiyası yenidən formalaşdırılmalıdır: "Bakı Dövlət Sirkinə yeni bina tikilməlidir. Müasir standartlara cavab verən dövlət sirkinin formalaşdırılmasına ehtiyac var. Azərbaycan Dövlət Kinostudiyası da yenidən formalaşdırılmalıdır. Bunların hər ikisi vətəndaşlarımızın daha mədəni mühitdə formalaşmasına xidmət edəcək. Bu, bir növ sosial sifariş kimi qəbul olunmalıdır. Ölkənin bölgələrində məişət səviyyəsində cinayətlər artır. Bunun yeganə səbəbi sosial islahatlarla bağlıdır. Mədəni və idman layihələrinin maliyyələşdirilməsinə və həyata keçirilməsinə üstünlük verilməsinə ehtiyac var".
Deputat təhsil sahəsi ilə bağlı təkliflərlə də çıxış edib. Onun sözlərinə görə, xarici ölkələrə təhsil almağa göndərilən gənclərlə bağlı ciddi nəticələr var: "Amma burada praktikanı dəyişdirmək olar. Xaricdən Azərbaycana müəllimləri dəvət etmək mümkündür. Bundan təkcə şagird və tələbələr deyil, minlərlə insan bəhrələnə bilər".
Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bir neçə təkliflə çıxış edərək elmi dərəcələrə görə əmək haqlarının müəyyən edilməsinin vacibliyini bildirib: ""Elm haqqında" qanun təcili qəbul olunmalıdır. Tələbələrə kreditlərin verilməsi ləğv olunmalıdır. Magistraturaya qəbul olan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir".
Rektor qeyd edib ki, təhsil sahəsində himayədarlar şurası da yaradılmalıdır. Onun sözlərinə görə, bəzi xarici dövlətlərdə belə bir təcrübə var.