“Bütün hökmlər cümlə olduğu halda…” Hadisə

“Bütün hökmlər cümlə olduğu halda…”

Telekanallarda müşahidə edilən əsas nöqsanlar açıqlanıb

"Aparıcıların lüğət tərkibinə baxanda görürük ki, daha çox məişət üslubunda danışırlar. Əyləncəli verilişlərin aparıcıları çox sərbəst nitqə malikdirlər, nitqlərində məişət üslubu üstünlük təşkil edir. Bədii cümlələrə heç vaxt rast gəlinmir. Aparıcı "optavoy salam göndərirəm" ifadəsi belə işlədir".
APA-nın məlumatına görə, bunu bu gün Elektron Mediaya Yardım Fondunun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü söyləyib. Ümumilikdə 6 telekanalda ((İctimai TV, Xəzər TV, ANS TV, ATV, Space TV və Lider TV) monitorinq aparıldığını qeyd edən T.Şükürlü bildirib ki, bəzi aparıcıların dilində müəyyən dialekt, şivələr özünü qabarıq göstərir: "Əyləncəli verilişlərlə yanaşı, elmi əhəmiyyət daşıyan verilişlərə də diqqət yetirilməsi zəruridir. Telekanalların həftədə beş günün birini heç olmasa elmi verilişə həsr etməsi yaxşı olardı. Elmi əhəmiyyət daşıyan verilişlərin kütləviləşməsi vacibdir". O qeyd edib ki, verilişlərin bəzi adları düzgün yazılmır: "Məsələn, "tetatet" sözü tire ilə yazılır ki, bu da düzgün deyil. "Obama"ya "Abama" deyilir, "oktyabr" "aktyabr" kimi ifadə olunur. Vurğunun dəqiq və düzgün müəyyən ifadə olunması da vacibdir. "Foto" sözündə vurğu ikinci hecada olsa da, vurğu birinci hecaya salınır".
N.Məhərrəmli qeyd edib ki, aparıcılar ortabab olmamalıdır: "Cəmiyyətin telekanallardan gözləntisi daha böyükdür, onların üzərində məsuliyyət böyükdür. Əvvəlki illərə nisbətən nöqsanların azalması yaxşı haldır".
AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Nəzakət Qazıyeva deyib ki, ümumilikdə ədəbi dil normasından sapmanı əks etdirən 509 nümunə tədqiqata cəlb olunub. Bunlardan 91-i (17%) Xəzər TV-də, 56-sı (11%) İctmai TV-də, 89-u (17%) Space TV-də, 97-si (19%) ANS TV-də, 90-ı (17%) Lider TV-də, 85-i (16%) isə ATV-də müşahidə olunub. Monitorinqin nəticəsi olaraq nöqsanların aradan qaldırılması üçün təkliflər də irəli sürülüb. İlkin olaraq teleaparıcılara dil normalarına həssas yanaşmaq, bəzi hallarda xüsusi məşq etmək tövsiyə edilir. İkincisi, qeyd edilir ki, aparıcıların nitqində diqqəti cəlb edən məsələlərdən biri nitqin sürətlidir. Normadan artıq sürətli nitq xüsusilə xəbərlərin təqdimatında anlaşılmazlıqlara gətirib çıxarır. Üçüncüsü, şou verilişlərin aparıcılarına (Xəzər TV-də "Hər şey daxil", ATV-də "Gün üzü" və s.), dialektdə deyil, ədəbi dildə danışmağa üstünlük vermək tövsiyə edilir. Dördüncüsü, xəbərlər proqramında balansın gözlənilmədiyi, bəzi xəbərlərdə çox vaxt iki nəfərin dalaşması, kiminsə bıçaqlanması kimi süjetlər təqdim edildiyi qeyd olunur, telekanallara daha zəruri mövzuların tamaşaçılara çatdırılması tövsiyə edilir. Beşincisi, əksər aparıcıların efirdə birinci şəxsin təkində danışmasına diqqət çəkilir və tövsiyə edilir ki, aparıcılar fikirlərini birinci şəxsin cəmində ifadə etsinlər. Altıncısı, televiziyalarda Azərbaycan dili haqqında, dilin gözəlliklərindən bəhs edən verilişlərin açılması, dilə aid mövzuların müzakirəyə çıxarılması məsləhət görülür, bunun yaxşı nəticə verə biləcəyi qeyd olunur. Yeddincisi, bəzi xəbər aparıcılarının sanki xəbər deyil, hökm oxuduqlarına diqqət çəkilir. Nəzərə çatdırılır ki, dilçilikdə hökm və cümlənin fərqi belədir ki, "bütün hökmlər cümlə olduğu halda, bütün cümlələr hökm deyil".
MTRŞ sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, Rusiya, Türkiyə telekanallarındakı verilişlərin Azərbaycana gətirilməsi əvəzinə, o verilişlərdə aparıcıların öz dillərində necə səlis danışması nümunə kimi götürülməlidir.