“AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti“ Hadisə

“AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti“

KİVDF və AFFA-nın birgə keçirdikləri fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlandı

Dekabrın 4-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə keçirilmiş "AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub.
Federasiyanın inzibati binasında keçirilən tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, AFFA-nın baş katibi Elxan Məmmədov, habelə ölkənin 20-yə yaxın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqəyə qatılan jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AFFA baş katibi Elxan Məmmədov son illər respublikamızda idmanın müxtəlif növlərinin, o cümlədən futbolun inkişafı üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini bildirib. 2014-cü ilin respublikamızın idman ictimaiyyəti üçün əlamətdar il olduğunu deyən Elxan Məmmədov Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) İcraiyyə Komitəsinin bu il sentyabrın 19-da qəbul etdiyi qərara əsasən Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi 13 şəhər sırasına düşdüyünü xatırladıb. Elxan Məmmədov 2013-cü ilin sentyabr ayından etibarən AFFA tərəfindən Azərbaycanın namizədliyinin irəli sürülməsi və dəstəklənməsi istiqamətində həyata keçirilən təşkilati-texniki prosedurlar barədə tədbir iştirakçılarına məlumat verib. AFFA baş katibi Azərbaycan üçün mühüm əhəmiyyətə malik bu hadisənin mahiyyətinin ölkə vətəndaşlarına dolğun şəkildə çatdırılması baxımından kütləvi informasiya vasitələrinin mühüm rolunu diqqətə çəkib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq son illər dinamik iqtisadi uğurları ilə dünyanın diqqət mərkəzində olan müstəqil Azərbaycanın həm də idmanın kütləviləşdiyi, mötəbər beynəlxalq yarışların keçirildiyi ölkə kimi tanındığını bildirib. Fondun icraçı direktoru Avropa Olimpiya Komitəsinin Baş Məclisinin 2012-ci ilin dekabrında qəbul etdiyi tarixi qərara əsasən, ilk Avropa Olimpiya Oyunlarının 2015-ci ilin yay aylarında Bakı şəhərində keçiriləcəyini, bu mötəbər idman tədbirinə hazırlıq işlərinin hazırda uğurla davam etdirildiyini vurğulayıb.
Azərbaycanla yanaşı, daha 18 ölkənin də "Avro-2020"-yə ev sahibliyi etmək iddiası ilə UEFA İcraiyyə Komitəsinə müraciət etdiyini vurğulayan Fondun icraçı direktoru həmin ölkələrin siyahısının qurumun 2013-cü il sentyabrın 19-da Xorvatiyada keçirilmiş iclasında təsdiqləndiyini xatırladıb. O, UEFA İcraiyyə Komitəsinin 2014-cü il sentyabr ayının 19-da açıqladığı qərara əsasən Avropa çempionatının 4 oyununun (üç oyun və bir 1/4 final oyunu) Bakı şəhərində keçiriləcəyini bildirib.
Fondun icraçı direktoru Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdikləri "AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin ölkə ictimaiyyətinin diqqətinin bu məsələyə cəlb edilməsi və fərdi jurnalist yazılarının stimullaşdırılması məqsədi daşıdığını vurğulayıb.
Vüqar Səfərli "AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinə sənəd qəbulunun 2014-cü il iyulun 23-dən oktyabrın 15-dək davam etdiyini, müsabiqəyə 21 redaksiyadan 24 yazının təqdim olunduğunu diqqətə çatdırıb. Yazılar 3 ekspert tərəfindən qiymətləndirilib, 6 nəfər əsas, 5 nəfər həvəsləndirici mükafata layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibinə 1000, ikinci yerin qaliblərinə 800, üçüncü yerin qaliblərinə 600 manat, həvəsləndirici yerlər üçün 200 manat mükafatın verilməsi nəzərdə tutulub.
Müsabiqəyə təqdim edilmiş yazıları qiymətləndirmiş ekspertlər - tanınmış jurnalistlər Məzahir Süleymanzadə və "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev yazılar barədə fikirlərini açıqlayıblar. Ekspertlər yazıların bir çoxunda mövzunun əhatə olunmadığını, Azərbaycanda idmanın tarixinə geniş yer verildiyini və tədbirin mühüm siyasi əhəmiyyətinin diqqətdən qaçırıldığını qeyd ediblər. Bununla belə, ekspertlər futbol üzrə Avropa çempionatının bəzi oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün mühüm siyasi əhəmiyyətini önə çəkən yazıların da olduğunu vurğulayıblar.
Sonra müsabiqənin qaliblərinə diplomlar və pul mükafatları təqdim edilib. Müsabiqədə iştirak edən, lakin qalib olmayan jurnalistlər də AFFA tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.
1-ci yerə Futbol+Qol" qəzetinin baş redaktoru Fariz Vəliyev, 2-ci yerə "Palitra" qəzetinin müxbiri Anar Miriyev və "APASport.az" xəbər portalının müxbiri Səbuhi Musayev, 3-cü yerə "525-ci qəzet"in şöbə müdiri İlqar Tağıyev, "Futbol dünyası" qəzetinin şöbə müdiri Rasim Mövsümov, "Futbolxeber.az" saytının baş redaktoru İbrahim Cəfərov layiq görülüblər.
Elmar Hüseynov, Pərvanə Hüseynova, İradə Sarıyeva, Rahib Səmədov, Zahid Rzayev isə həvəsləndirici mükafat alıblar.

XC