Nəqliyyatdakı xaos parlamentə cixarildı Hadisə

Nəqliyyatdakı xaos parlamentə cixarildı

Qüdrət Həsənquliyev: "Sürət həddini həddən artıq aşan sürücülər cinayət məsuliyyətinə cəlb olunmalıdır"

DYP-nin rəis müavini: "Avtobus sürücülərinin 8 saatdan çox işləmələri çox təhlükəlidir, yaxın vaxtlarda sərnişin daşıma ilə bağlı köklü dəyişikliklər aparılacaq"

Cavanşir Həsənli
Milli Məclisin iclasında "Yol hərəkəti haqqında" qanununa bir sıra dəyişikliklər müzakirəyə çıxarılıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev qanuna dəyişikliklərlə müzakirələr zamanı irad və təkliflərini bildirib.
Qüdrət Həsənquliyev təəssüflə vurğuladı ki, bir məsələyə Nəqliyyat və Daxili İşlər nazirlikləri diqqət yetirmirlər: "Hamıya məlumdur ki, Bakıda avtobuslar tərəfindən çoxsaylı yol-nəqliyyat hadisələri törədilir. Bu nəqliyyat vasitələri iri qabaritli olduqları üçün belə qəzalar hətta ölümlə nəticələnir. Bir dəfə NATO Parlament Assambleyasının iclasından gələrkən Vilnüsdən Riqayadək avtobusla qayıdırdıq. Baxdıq ki, sürücü heç yerdə sürəti artırmır və heç buna imkanı da yoxdur. Biz onunla söhbət elədik, bəlli oldu ki, 11 nəfərdən çox sərnişin daşıyan avtomobillərdə xüsusi cihazlar yerləşdirilir. Hər bir sürücünün özünün xüsusi kartı olur ki, bu cihazlar onu qeydə alır. Bir sürücü 8 saatdan artıq avtomobil sürə bilməz. Sürət həddinin aşdığı təqdirdə isə qısa xəbərdarlıqdan sonra həmin cihaz avtomobilin mühərrikini söndürür. Yəni bunlar sürücünün bizə danışdıqları idi və hətta o təəccübləndi ki, bizdə belə sistem yoxdur. Kimsə hansısa qanunsuz yolla ikinci bir kart əldə etmiş olsa belə, yol polisi əməkdaşlarında olan xüsusi cihaz onu dərhal müəyyənləşdirir ki, avtobusun işərisində ikinci belə bir kart var. Mən hesab edirəm ki, texniki vasitələrdən istifadə etməklə bu sahədə qayda-qanin yaratmalıyıq.
Əhali arasında belə bir fikir yayılıb ki, bəzən 16 saat işləyən avtobus sürücüləri 8 saatdan sonra yorğunluğu hiss etməsinlər deyə narkotik vasitələrdən istifadə edirlər. Bu isə yollarımızı daha təhlükəli edir. Bakıda avtobusların sayı çoxdur və nəzarəti yol polisi əməkdaşlarının vasitəsilə həyata keçirmək mümkün deyil. Onu görə də düşünürəm ki, avtobuslar həmin cihazlarla təmin olunmalıdır, bu işin icrasını DİN-ə və ya Nəqliyyat Nazirliyinə tapşırmaq isə cənab Prezidentin səlahiyyətinə aid olan məsələdir".
Millət vəkili bəzi sürücülərin sürət həddini təhlükəli şəkildə aşdıqlarına da diqqət yönəldib: "Sürücülər sürət həddinin həddən artıq aşırlar və buna görə cinayət məsuliyyəti nəzərdə tutulmur. Bu yaxınlarda mən Brüsseldə olanda bir hadisənin şahidi oldum. Qanunla müəyyən olunmuş hədd 50 km/saat artıq aşılırsa, həmin sürücü başqalarının həyatını təhlükə altında qoyduğuna görə birbaşa cinayət məsuliyyətinə cəlb olunur. Bilirsiniz, kimsə normal şəkildə maşınını sürür, evinə gedir, bir başqası da gəlir onu vurur, öldürür, yaxud həyatını təhlükə altında qoyur. Niyə bu adamlar dərhal cinayət məsuliyyətinə cəlb olunmasın?! Hesab edirəm ki, biz "Yol hərəkəti haqqında" qanuna müvafiq dəyişikliklər etməliyik və Cinayət Məcəlləsinə də müvafiq əlavələr etməliyik. Dediyim kimi sürət həddini normadan 50-60 kilometr aşan şəxs artıq kriminaldır, cinayətkardır. Beləsi özü bir yana, başqalarının da həyatını təhlükə altında qoyur".
Parlamentin iclasında iştirak edən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov də bu məsələyə münasibət bildirib. O qeyd edib ki, həqiqətən Qərb ölkələrinin əksəriyyətində avtobuslarda rəqəmsal taxoqraflar qurulur və bununla da nəqliyyat vasitəsinin hərəkətinə nəzarət edilir: "Artıq Nəqliyyat Nazirliyində avtobus və sərnişindaşımada taxoqrafların tətbiqi ilə bağlı işlər görülür. DİN və Nəqliyyat Nazirliyi birgə iş aparır. Belə bir nəzarətin həyata keçirilməsi yaxın vaxtlarda öz həllini tapmalıdır".
Onun sözlərinə görə sürət həddini 50 kilometrdən artıq aşılması ilə bağlı məsələ
də aktualdır və hazırda bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəllədə bununla bağlı 250 manat cərimə nəzərdə tutulur.
Ramiz Hüseynovun fikrincə, avtobus sürücülərinin 8 saatdan çox işləmələri çox təhlükəlidir bu məsələ Nəqliyyat Nazirliyi ilə bir neçə dəfə müzakirə olunub. Onun sözlərinə görə yaxın vaxtlarda sərnişin daşıma ilə bağlı köklü dəyişikliklər aparılacaq.