Bakıdakı həbsxanada qiyam cəhdi Hadisə

Bakıdakı həbsxanada qiyam cəhdi

Ədliyyə Nazirliyi Penitensiar Xidməti: "Bir qrup məhkum Bakıda cəzaçəkmə müəssisəsində qarışıqlıq yaratmağa cəhd edib"

Dünən səhər saat 10 radələrində 14 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkum daxili intizam qaydalarını kobud surətdə pozaraq, digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlərə yol veriblər. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov deyib.
Y.İsakov bildirib ki, hadisə barədə Ədliyyə Nazirliyinin rəhbərliyinə məruzə edilib. Müəssisənin ətrafına aidiyyəti qurumların əməkdaşları cəlb olunublar: "Penitensiar xidmətin Baş İdarəsinin rəhbər əməkdaşları müəssisəyə daxil olaraq, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah ediblər və qısa zaman ərzində cəzaçəkmə müəssisəsində sabitlik bərpa edilib. Cəzaçəkmə müəssisəsinin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb".
Onun sözlərinə görə, Penitensiar xidmət rəhbərliyi bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələri daxilində əmin-amanlığı pozmağa yönələn hərəkətlərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınacaqdır.