Diaspor Komitəsi 2015-ci il üçün planlarını açıqladı Hadisə

Diaspor Komitəsi 2015-ci il üçün planlarını açıqladı

Nazim İbrahimov: "Azərbaycan diasporunun məqsəd və vəzifələrinin əsas hədəfi ilk növbədə Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsinə hesablanıb"

Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, soydaşlarımızın cəmiyyətə inteqrasiyası, ictimai-siyasi fəallığının artırılması istiqamətində bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bunu "Trend"ə müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
Dövlət Komitəsinin sədri həmçinin bildirib ki, 2015-ci ildə müxtəlif ölkələrin tanınmış siyasi xadimlərinin, parlament üzvlərinin Azərbaycana səfərlərinin təşkili, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və nüfuzlu Madrid Klubu ilə birgə əməkdaşlıq çərçivəsində III Qlobal Müştərək Cəmiyyətlər Forumunun keçirilməsi planlaşdırılır.
N.İbrahimovun sözlərinə görə, eyni zamanda, "erməni soyqırımı" iddiaları ilə bağlı 2015-ci ildə erməni diasporu və lobbisinin Ermənistan hökuməti ilə birgə həyata keçirməyi planlaşdırdığı kampaniyalarla əlaqədar müəyyən tədbirlər nəzərdə tutulub: "Bundan başqa, ilk dəfə Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə əlaqədar Azərbaycanın turizm imkanlarının, mədəniyyətinin, xalqımızın adət-ənənələrinin, ölkəmizin əldə etdiyi nailiyyətlərin beynəlxalq miqyasda təbliği istiqamətində diaspor təşkilatları tərəfindən müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub".
Komitə sədri qeyd edib ki, Azərbaycan diasporunun məqsəd və vəzifələrinin əsas hədəfi ilk növbədə Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsinə hesablanıb: "Hədəflərimizə çatmaq üçün isə ardıcıl olaraq ermənilərin Qarabağ müharibəsində törətdiyi vəhşiliklərin, xüsusən Xocalı soyqırımının və əsrlərdir erməni millətçilərinin apardığı etnik təmizləmə siyasətinin mahiyyətini dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız ildən-ilə təbliğat işini daha da genişləndirir. Xocalı soyqırımını tanıyan ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların sayının artması, ABŞ-ın 13 ştatının Xocalıda baş verənləri soyqırım kimi qəbul etməsi Azərbaycan diasporunun fəaliyyətinin nəticəsi idi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!" kampaniyası da bu sahədə görülən işlərin səmərəsini artırıb. Bundan başqa, diaspor təşkilatlarımız hər il dünyanın bir çox ölkəsində Xocalı soyqrımı ilə bağlı müxtəlif aksiya və tədbirlərlə yerli ictimaiyyətin diqqətini bu hadisəyə yönəltməyə çalışırlar.
Əlbəttə ki, bu proses davamlıdır və hesab edirəm ki, indiyə qədər bu sahədə görülmüş işlər, erməni təbliğatının təsirini xeyli dərəcədə azaldıb. Biz ermənilərlə təbliğat mübarizəsinin elə bir həddinə gəlib çatmışıq ki, mənim fikrimcə, beynəlxalq ictimai rəydə erməni uydurmalarını qəbul edəcək və ya səmimi olaraq ciddi qəbul edəcək dairələrin sayı əvvəlki illərlə müqayisədə olduqca azdır. Düzdür, hansısa siyasi konyuktura çərçivəsində baş tuta biləcək həmlələr istisna olunmur. Amma biz də, bu cür istisnaların real səbəblərini və ümumi vəziyyəti öyrənirik, əldə etdiyimiz məlumatlara, proseslərin mümkün inkişaf istiqamətlərinə dair proqnozlara uyğun olaraq fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq. 2015-ci illə bağlı Ermənistan hökuməti, eyni zamanda erməni diasporu və lobbisinin çox genişmiqyaslı kampaniya həyata keçirəcəyi gözlənilir. Hesab edirik ki, bu istiqamətdə Azərbaycan və türk diaspor təşkilatları birgə tədbirlər həyata keçirməlidir və keçirəcək də. Müəyyən təkliflər, ideyalar var ki, onların həyata keçirilməsi planlaşdırılır"
Nazim İbrahimov Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məsələyə də toxunub: "Bu məsələ hər zaman ölkə rəhbərliyinin və komitənin diqqətindədir. Gürcüstan hökuməti də bu problemlərin həlli istiqamətində addımlar atıb. Ancaq təbii ki, bu problemlərin bir qismi uzun illər ərzində yığılıb qalmış, SSRİ-nin süqutundan sonra yaranmış situasiyanın doğurduğu fəsadlardır. Soydaşlarımızın orada torpaqla təmin olunmasından tutmuş təhsil sahəsinə qədər çox problemləri var və bunlar 1-2 il ərzində həll olunası problemlər deyil, ağır problemlərdir. İnanırıq ki, Gürcüstan hökuməti ilə sıx əməkdaşlıq şəraitində bu problemlər həllini tapacaq. Diqqət yetirdiyimiz əsas məsələ Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Hesab edirəm ki, yalnız yerli cəmiyyətə inteqrasiya etmiş, vətəndaşı olduğu dövlətin dilini, qanunlarını bilən bir toplum öz hüquqlarını qoruya, normal yaşam şərtlərini təmin edə bilər".