“Jerusalem Post” Azərbaycanla bağlı yeni məqalə yayıb Hadisə

“Jerusalem Post” Azərbaycanla bağlı yeni məqalə yayıb

"1973-cü ildə İsrailə qarşı tətbiq edilən neft embarqosundan təngə gələn bir çox israillilər hələ də bilmirlər ki, onların idxal etdikləri neftin 40 faizi Azərbaycandan alınır"

İsrailin "Jerusalem Post" qəzeti dekabrın 24-də "Yerusəlim-Bakı: vacib strateji, iqtisadi münasibətlər" sərlövhəli məqalə yayıb. AzərTAc-ın məlumatına görə, məqalədə deyilir: "İsrailin Azərbaycanla əlaqələri hər iki ölkə, həmçinin ümumilikdə Qərb üçün vacib strateji və iqtisadi üstünlüklərə malikdir. Bu yaxınlarda İsraildə Azərbaycanın daxili məsələlərini tənqid edənlər bu münasibətlərin əhəmiyyətini anlamalıdırlar.
"Haaretz" qəzetində Yair Auronun Ermənistan-Azərbaycan münaqişəsini yanlış təhlil etməsi, həmçinin həmin qəzetdə Anşel Fefferin və "Jerusalem Post" qəzetində Yossi Melmanın Azərbaycanda insan hüquqları ilə bağlı qərəzli fikirlər söyləmələri İsrail-Azərbaycan münasibətlərinin hər iki tərəf üçün daşıdığı iqtisadi və strateji əhəmiyyəti ilə yanaşı bu münasibətlərin gələcəkdə Qərb dəyərlərinin regionda inkişaf etməsindəki əhəmiyyətinin də yanlış anlaşılmasına səbəb olub.
İsrail-Azərbaycan əlaqələrinin ən vacib aspekti enerjidir. 1973-cü ildə İsrailə qarşı tətbiq edilən neft embarqosundan təngə gələn bir çox israillilər hələ də bilmirlər ki, onların idxal etdikləri neftin 40 faizi Azərbaycandan alınır. Bu, İsrailin enerji təhlükəsizliyi probleminin həllinin əsas yoludur. İldə 2,5 milyard dollar ticarət dövriyyəsi ilə İsrail Azərbaycanın altıncı ən böyük neft alıcısıdır.
Xəzər dənizindəki zəngin təbii qazını İtaliyaya çatdıracaq əsas kəmərin ("Cənub" qaz dəhlizi) istifadəyə verilməsi ilə yaxın gələcəkdə Azərbaycan Avropanın enerji bazarında mühüm rol oynayacaq. İsrail həmin xəttə çıxış imkanı əldə etmək və Leviathan yatağının təbii qazını Avropa bazarına çıxarmaq potensialına malikdir. Daha geniş strateji baxımdan yanaşsaq, Azərbaycan İsraillə fəal şəkildə əməkdaşlıq edən və ticarət əlaqələri olan az sayda müsəlman və İsrailin regiondakı bir neçə dost ölkəsindən biridir.
Azərbaycan regionun mədəni cəhətdən nadir ölkəsidir. Azərbaycan vətəndaşlarına din azadlığı verən, din və dövləti tamamilə ayıran dünyəvi ölkədir. Azərbaycan yəhudilərin dini inanclarına görə heç vaxt təqib olunmadığı, yəhudi icmalarının çox fəal olduğu az sayda ölkələrdən biridir. Azərbaycan həm də qadınların hüquqlarını fəal şəkildə müdafiə edir. Azərbaycan qadınlara və kişilərə, hətta ABŞ və Avropadan da əvvəl bərabər hüquqlar verən ilk ölkələrdən biridir.
İsrail-Azərbaycan əlaqələrini yalnız iqtisadi mənada başa düşmək, yaxud bu əlaqələrin kəsilməsini tələb etmək uzağı görə bilməməkdir. Yerusəlimlə Bakının nadir dostluq əlaqələrinə nəinki mane olmaq, əksinə, bu dostluğa daha da rəvac vermək vacibdir".