Tikintilərin dövlət reyestrinin aparılması qaydaları təsdiq edildi Hadisə

Tikintilərin dövlət reyestrinin aparılması qaydaları təsdiq edildi

Vüqar Bayramov: "On minlərlə evin sənədləşməsinə imkan yaranacaq"
Ramil Osmanlı: "Məsəlinin bir qədər problemli tərəfi odur ki, bəzi mühafizə zolaqlarına düşən evlər ki var, o evlərin taleyi tam olaraq açıqlanmır"
Azərbaycan hökuməti "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"nı təsdiq edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, hökumət "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları" təsdiq edib.
Reyestrə tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən obyektin tikintisinə icazənin surəti, sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat daxildir.
Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilir: "Tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları, tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası, tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi, tikinti obyektinin istismar təyinatı, tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki). reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi, tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı. Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı, ümumi sahəsi və həcmi). Yerli icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlərin tətbiqi ilə bağlı sənədlərin surətləri. Məlumatlandırma icraatının tətbiq olunduğu, tikintisi başa çatmış tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surəti".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov prezident fərmanı ilə bağlı bunları deyib: "Bu o deməkdir ki, 2004-cü ilin 29 uyununadək alınan və ya inşa edilən əmlaklar fərmanla müəyyənləşdirilən sənədlərlə dövlət qeydiyyatına alınmalıdır. Bu zaman sadəcə həmin əmlakın magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməməsi vacibdir. Fərman "belə təhlükəli zonalarda" yerləşən tikintilərin qeydiyyatını nəzərdə tutmur".
Sənədə görə, Nazirlər Kabineti kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Belə ki, kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin statusu Nazirlər Kabinetinin təklif etdiyi və ölkə Prezidentinin təsdiq edəcəyi yeni qaydalar əsasınd aparılacaq.
V.Bayramov bildirib ki, sənəddə xeyli əhəmiyyətli məqamlar var. Məsələn, Əmlak Məsələləri Dövlət Komitəsi birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri apararkən mənzilin və ya otağın sahəsinin faktiki göstəriciləri ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğunu aşkarlasa, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatını sahənin faktiki göstəriciləri əsasında yazmalıdır. Bu zaman əlavə tikililər nəzərə alınmayacaq. Bu o deməkdir ki, əgər sənəddə otağın sahəsi 20 kv metr, amma reallıqda 25 kv metrdirsə, o zaman reystrdə real ölçülər qeydiyyatdan keçəcək. Əgər sizin eviniz 2004-cü ilin iyunun sonunadək inşa edilibsə və hələ də sənədi yoxdursa o zaman sizdə olan və fərmanda qeyd edilən sənədlərlə onu rəsmilləşdirə və dövlət qeydiyyatına daxil etdirə bilərsiniz. Bu isə o deməkdir ki, fərman 10 minlərlə evin sənədləşməsinə imkan yaradacaq"-deyə V.Bayramov əlavə edib.
Daşınmaz əmlak eksperti Ramil Osmanlı bildirib ki, əslində burada prosedur o qədər də mürəkkəb deyil. Lakin burada qaranlıq məqamlar var: "Məsəlinin bir qədər problemli tərəfi odur ki, bəzi mühafizə zolaqlarına düşən evlər ki var, o evlərin taleyi tam olaraq açıqlanmır. Həmin evlərin sökülməsilə bağlı kompensasiya ödənişləri nəzərdə tutulurmu, tutulmurmu – bu məsələ aydınlaşmayıb. Məsələn, yüksək gərginlikli elektrik xətləri, dəmir yolları xətləri, magistral avtomobil yolları, neft kəmərləri, neft və qaz mədənləri, və s ərazilərlə bağlı məsələdə bir qədər mürəkkəblik var. Bu məsələ də, yəqin ki, öz həllini tapacaq. Ümumi götürsək, bunlar sənədsiz evlərin heç bir faizi də deyil" .
Təxminən iki il əvvəl Nazirlər Kabinetinin müvafiq strukturlara, o cümlədən, "Azərenerji"ASC, "Azərbaycan Dəmir Yolları" QSC-yə, Nəqliyyat Nazirliyi və s qurumlara müraciət etdiyini deyən ekspertin sözlərinə görə, onlara cavab olaraq hər qurumun təqdim etdiyi siyahıda təxminən 2500-ə yaxın fərdi yaşayış yeri göstərilib: "Bu da ümumilikdə 12-15 min nəfər adam edir. Düşünürəm ki, dövlət bu məsələni də kompensasiya ödənməsi yolu ilə tənzimləyəcək".
Fərmanın icrasıyla əlaqədar Nazirlər Kabinetinin yaxın günlərdə ayrı-ayrı məsələlərlə bağlı qərar və sərəncamlarının olacağını deyən ekspertin sözlərinə görə, burada ayrı-ayrı dövlət qurumların üzərinə düşən öhdəlik və planlarla bağlı məsələlərin həll olunması üçün normativ aktlar olmalıdır. Həmin sənədləri isə Nazirlər Kabineti hazırladığından yaxın günlərdə bu sənədlərin olacağı gözlənilir.