Vətəndaşlara dəymiş ziyan ödətdiriləcək Hadisə

Vətəndaşlara dəymiş ziyan ödətdiriləcək

DİN: "Zəruri olan bütün tədbirlər həyata keçiriləcək"

Daxili İşlər Nazirliyindən (DİN) "Qala-BTX" və "Azər Mühafizə" MMC-nin qanunsuz əməlləri ilə bağlı məsələyə münasibət bildirilib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, işə qəbul olunarkən vətəndaşdan depozitə qoymaq adı ilə pul almaq mövcud əmək qanunvericiliyinə ziddir: "Ən azından bu fakt onu göstərir ki, adıçəkilən özəl mühafizə şirkətlərinin rəhbərliyi dələduzluqla məşğul olub. Vətəndaşlar da öz növbəsində belə hallarla qarşılaşmamaq üçün diqqətli olmalı, öz hüquqlarını bilməli və belə dələduzların toruna düşməməlidirlər".
O. Mansurzadə həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir: "Vətəndaşlara dəymiş ziyanın ödətdirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən zəruri olan bütün tədbirlər görüləcək".
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu yanvarın 21-də "Qala-BTX" və "Azər Mühafizə" MMC-nin qanunsuz əməlləri ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bakı şəhər sakini Gündüz Cəfərovun ona qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Binəqədi Rayon Polis İdarəsində araşdırılıb. Aparılan araşdırmalar zamanı "Qala-BTX" və "Azər Mühafizə" MMC-nin direktoru Vüqar Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldatması, onlardan müxtəlif məbləğlərdə pullar alıb, həmin şəxslərə 2014-cü ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən verərək, sonradan isə pulu mənimsəyərək dələduzluq yolu ilə zərərçəkmişlərə xeyli miqdarda zərər vurmasında şübhələr üçün əsaslar olduğundan V. Hüseynova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.