“ABŞ səfiri görməli yer axtarırsa, Kəlbəcərdən başlasın” Hadisə

“ABŞ səfiri görməli yer axtarırsa, Kəlbəcərdən başlasın”

Sahib Alıyev: "Görsün və onda anlayacaq ki, Həsəni, Dilqəmi və Şahbazı ora çəkib aparan nəymiş"

"Məncə, Azərbaycanın ən görməli yerləri Qarabağın işğal altındakı torpaqlarıdır".
Bunu Milli Məclisin (MM) deputatı Sahib Alıyev dilə gətirib.
Onun qeyd etdiyinə görə, Amerikanın Azərbaycana təyin olunan yeni səfiri Robert Sekuta sabah Bakıya gələrək işə başlayacaq.
Deputat deyib ki, gəlməmişdən qabaq o, Amerikanın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində bizdən görməli yer kimi öncə hara getmək lazım olduğunu soruşur.
"Məncə, Azərbaycanın ən görməli yerləri Qarabağın işğal altındakı torpaqlarıdır. İstərdim ki, Amerikanın ölkəmizdəki yeni səfiri Tərtərdən keçməklə, ora getsin. Və yaxşı olar ki, bizim mövqeni keçən kimi öncə onu qarşılayacaq erməni hərbçilərinin harada yaşadıqlarını öyrənsin", - deyə qeyd edən S.Alıyevin sözlərinə görə, bəlli olacaq ki, əksəriyyəti Ermənistan vətəndaşlarıdır, onda onlardan Azərbaycan torpağında nə itirdiklərini soruşsun.
"İkincisi, görməli yer axtarırsa, Kəlbəcərdən başlasın. Yəqin gördükdən sonra anlayacaq ki, Həsəni, Dilqəmi və Şahbazı ora çəkib aparan nəymiş. Ona görə də Kəlbəcərdən birbaşa Xankəndinə yollanaraq oradakı rejimin təmsilçilərindən soruşsun ki, öz torpaqlarına baş çəkən 3 azərbaycanlıdan birini öldürüb, ikisini isə hansı haqla girov götürüblər. Qarabağın ən görməli yerlərindən biri və bəlkə də birincisi Şuşadır.
Əgər Xankəndinə getsə, görməli yerləri sevən birisi kimi yəqin ora da dəyəcək. Amma yaxşı olar ki, geri dönəndə yolunu Qarabağın ən böyük şəhəri Ağdamdan da salsın. Və oranın necə dağıdıldığını öz gözüylə görsün. Görsün və onu ölkəmizə səfir göndərənlərə məktub yazsın ki, adam kişi olar. Nədən Ukrayna torpaqlarının işğalına bir, Azərbaycan torpaqlarının işğalına başqa cür yanaşırsınız. Əgər bütün bunları etsə, mən cənab Sekutanı Amerikanın indiyədək Azərbaycana göndərdiyi səfirlərin ən yaxşısı sayacam və ölkəsinə yanaşmam da xeyli dəyişəcək. Amma edəcəkmi?..", - deyə S.Alıyev daha sonra sözlərinə əlavə edib.