NATO ekspertləri əməkdaşlığın səviyyəsindən razıdırlar Hadisə

NATO ekspertləri əməkdaşlığın səviyyəsindən razıdırlar

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikasının NATO ilə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"nın (FTƏP) və "Planlaşdırma və Analiz Prosesi" (PAP) sənədinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsinin qiymətləndirməsi üzrə NATO-nun Beynəlxalq Qərargahının ekspertlər qrupu ilə işçi görüşü başlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq, PAP və FTƏP proqramları çərçivəsində məqsədlərin və öhdəliklərin yerinə yetirilməsinə və gələcək planlara diqqət göstərilib.
Azərbaycanın Əfqanıstan Etimad Fonduna dəstək verməsi, NATO-Azərbaycan Hərbi Təhsil və Təlim sahəsində Birgə Fəaliyyət Planı və Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində aparılan fəaliyyətlər də müzakirə edilən məsələlər sırasındadır.
2015-ci ilin yanvar ayından Əfqanıstanda keçirilən "Qətiyyətli Dəstək" missiyasına qoşulan Silahlı Qüvvələrimizin fəaliyyəti və Tərəfdaşlığın Qərargah Elementi konsepsiyası çərçivəsində NATO-nun müxtəlif qərargahlarında azərbaycanlı zabitlərin verdiyi töhfə barədə də müzakirələr aparılıb.
Tədbirdə çıxış edən NATO-nun Beynəlxalq Qərargahının ekspert qrupunun üzvləri Azərbaycan Silahlı Qüvvələri ilə hərbi əməkdaşlığın səviyyəsindən razılıqlarını ifadə ediblər.
İşçi görüşü martın 18-də başa çatacaq.