“Birinci Avropa Oyunlarını da yüksək səviyyədə təşkil edəcəyik” Hadisə

“Birinci Avropa Oyunlarını da yüksək səviyyədə təşkil edəcəyik”

Rufiz Qonaqov: "Bununla da ölkəmiz daha bir uğura imza atmış olacaq"

Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarına 2 aydan da az bir müddət qalıb. Belə bir mötəbər yarışın vaxtı yaxınlaşdıqca ölkəmizin daha bir uğurunu istəməyən bəzi xarici və onların daxildəki havadarlarının Azərbaycana qarşı qərəzli mövqeyi özünü daha qabarıq şəkildə göstərməyə başlayır. Hər ötən gün qondarma təşkilat və qurumların adı altında Birinci Avropa Oyunları barədə həqiqəti əks etdirməyən, qərəzli məlumatlar yayan, bəyanatlar səsləndirən antiAzərbaycan qüvvələrin yarışların keçirildiyi günlərdə də təxribat xarakterli hərəkətlərə yol verəcəkləri, hər vasitə ilə ölkəmizin imicinə xələl gətirməyə çalışacaqları istisna edilmir. Təbii ki, ölkəmizə qarşı olan bu kampaniya Azərbaycan cəmiyyəti, ölkədə fəaliyyət göstərən böyük əksəriyyət ictimai və siyasi təşkilatlar, QHT-lər, kütləvi informasiya vasitələri tərəfindən etirazla qarşılanır, bu kampaniyaya qarşı haqlı mövqe ortaya qoyulur. Elə bu günlərdə yaradılan "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası da məhz bu məqsədə xidmət edir. Koalisiyanın yaradılması təşəbbüsü ilə çıxış edənlərdən biri, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib ki, "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının` yaradılması zəruri idi. Onun sözlərinə görə, belə bir koalisiyanın yaradılması Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı həm xaricdən, həm də xaricin diktəsi ilə daxildən müəyyən "qara piar" kampaniyası aparanlara cavab vermək, eləcə də bu oyunların Azərbaycan üçün tarixi əhəmiyyətini, ölkəmiz üçün əlamətdar hadisə olduğunu bütün kütlələrə, yerli və dünya ictimaiyyətinə çatdırmaq üçün olduqca vacib idi: "Yüzdən artıq qeyri-hökumət təşkilatı və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə bu koalisiya yaradıldı. Koalisiyanın yaranmasında ölkəmizin bütün aparıcı ictimai təşkilatları, media qurumları fəal oldular və birgə şəkildə bu ideya dəstəkləndi. Azərbaycana qarşı qara piar kampaniyası aparan, ölkəmizə ikili standartlardan yanaşan, uğurlarımıza sevinməyən qurumlara qarşı koalisiya öz qəti mövqeyini ortaya qoydu və bəyanat imzaladı. Bundan sonra koalisiya həmin mövqeyini daha da gücləndirəcək. Məlumat üçün deyim ki, aprel ayının sonunda "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti" Koalisiyası növbəti toplantısını keçirəcək. Bu proses getdikcə daha da güclənəcək". Rufiz Qonaqov koalisiyanın təkcə Azərbaycanın daxilində deyil, eləcə də xarici ölkələrdə, Avropada Birinci Avropa Oyunlarına dəstək tədbirləri keçirə biləcəyini də diqqətə çatdırıb. Bildirib ki, xarici ölkələrdə belə tədbirlərin keçirilməsi tam mümkündür: "Bunlar da planlaşdırılır. Koalisiyanın bununla bağlı təkliflərini artıq müvafiq qurumlara təqdim etmişik. Artıq bu istiqamətdə iş aparırıq. Düşünürük ki, xüsusilə beynəlxalq qurum və təşkilatların yerləşdiyi böyük şəhərlərdə bununla bağlı bizim informasiya mərkəzləri yaradılsın və diasporamızla birlikdə bu istiqamətdə iş aparılsın. Ümumiyyətlə, həm ölkə daxili, həm də ölkə xaricində müxtəlif tədbirlərin keçirilməsi ilə bağlı müxtəlif təkliflər var. Hesab edirəm ki, yaxın günlərdə həmin məsələləri təsdiqləyib konkret fəaliyyətə başlayacağıq".
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri hesab edir ki, belə bir koalisiyanın yaradılması anti-Azərbaycan qüvvələrin bundan sonra ölkəmizə qarşı daha sərt mövqe nümayiş etdirəcəkləri də mümkündür: "Bizdə məlumatlar var ki, Birinci Avropa Oyunları ərəfəsində həm bəzi beynəlxalq strukturlar, həm də xarici media qurumları tərəfindən Azərbaycana göndəriləcək xüsusi qruplar hazırlanır. Onların fəaliyyəti isə aldıqları tapşırıq əsasında neqativ hallar aşkar edəcəkləri təqdirdə dərhal onun işıqlandırılmasından ibarət olacaq. Amma qəti surətdə bildirmək istəyirəm ki, yaratmış olduğumuz koalisiya tam şəkildə, eləcə də media qurumlarının apardığı təbliğat-təşviqat, maarifləndirmə işləri, ictimai dəstək nəticəsində Azərbaycana qarşı yaradılacaq təxribatçı qrupların niyyətləri baş tutmayacaq. Nəticə etibarilə Azərbaycan indiyə qədər evsahibliyi etdiyi bütün tədbirlər kimi Birinci Avropa Oyunlarını da yüksək səviyyədə təşkil edəcək. Bununla da ölkəmiz daha bir uğura imza atmış olacaq və dünyanın, Avropanın idman tarixinə öz adını yazacaq. Çünki Azərbaycan buna qadirdir"

Əli