Nələrdən bezmişik? Hadisə

Nələrdən bezmişik?

Arzu Şirinova

Sosial şəbəkədə həmkarlarımdan birilə xeyli dərdləşdik. Adının çəkilməsinə lüzum görmədiyim həmkarım neçə illərin jurnalistidir. Tanınan və fərqlənən imzası var. Ən əsası yazdıqlarıyla insanlığı bir-birini tamamlayan, bəlkə də insanlığı yazdıqlarını işıqlı edən həmkarımı belə pessimist halda görməmişdim. "Hər şeyin yaxşı olacağını" desəm də, mənası olmadı. Bezdiyini, tükənmək üzrə olduğunu söylədi. Ona verdiyim təskinliyə, "hər şeyin yaxşı olacağına" özümü inandırmaq istədim, ancaq sonda qərara aldım ki, hər ikimizin nələrdən bezdiklərimizin bəzilərini elə bu kiçik köşədəcə sadalayım.
Xarici işlər naziri Elmar Məmmədyarovun rabitəsiz, tutduğu postda yaraşmayan açıqlamalarından bezmişik...
Dağlıq Qarabağ probleminin sülh yoluyla həll olunmasında israr edən, "lazım gələrsə torpaqlarımızı müharibə yoluyla azad edəcəyik" deyən Azərbaycan rəsmilərinə "belə olan halda itkilərimizin sayının çox olacağını, uduzacağımızı" bildirən və bizi təslimçiliyə çağıran ATƏT-in Minsk qrupunun həmsədrlərinin, maraqlı dövlətlərin rəhbərlərinin siyasi oyunbazlıqlarından bezmişik...
Torpaqlarımızın azad olunacağı günləri, ayları, illəri gözləməkdən bezmişik...
Milyonlarla xərc bahasına yeni yolların, körpülərin, yeraltı keçidlərin salınmasına baxmayaraq, hələ də işə gələrkən tıxaclarda saatlarımızı itirməkdən, sürücülərin bir-birini təhqirini eşitmək zorunda qalmağımızdan bezmişik...
Heftdən gələn gəlirin nəhayət, bizim də həyatımızda müsbət mənada dönüş yaradacağı günü gözləməkdən bezmişik...
Müxalifət düşərgəsindən "gəlin birləşək" vədini eşidib, əksini müşahidi etməkdən, hələ də 90-cı illərin eyforiyasından çıxa bilməyən, öz daxillərində belə seçib-seçilmək hüququnu tanımaq istəməyən və liderlik xəstəliyinə tutulan siyasətbazların yenilik yarada bilməməsindən bezmişik...
Dünyasını dəyişən həmkarlarımızın ünvanına yalnız bir neçə gün xoş sözlər söyləyib, onları yad etməyimizdən, sonra sanki belə qələm sahibləri olmamış kimi laqeyd münasibətimizdən bezmişik...
Dünən adi bir xəbəri yaza bilmədiyi üçün redaktor danlağını eşidən, ancaq yenə də işində dönüş yarada bilməyən, bu gün isə özünü "as" yazar kimi jurnalistikaya yamaq edən savadsızların yekəbaş, mənəm-mənəm davranışlarından bezmişik...
Yalançı təbəssümlərin arxasında dayanan məkrləri görsək də, sadəcə susmağımızdan bezmişik...
Hər gün qazılan quyulara düşməmək üçün çaba göstərməyimizdən, bu quyuya sürüklənməyimizdən, qurulan oyunları dağıtmaq üçün gücümüzün yetmədiyini fikirləşməkdən bezmişik...
Bəzən problemlərimizi həll etmək məqsədilə artıq qazanaq deyə, qanorar xatirinə yazmaqdan bezmişik...
Əxlaqsızın əxlaq dərsini dinləməkdən, riyakarın saxtakarlığını seyr etməkdən, yalançı vətənpərvərlərin vətən sevgilərini anlatmalarından, kürəyimizdən vurulan zərbələrin yerinə məlhəm qoymaqdan bezmişik...