Meyxana sənəti Mədəniyyət

Meyxana sənəti

Meyxana janrı ağız ədəbiyyatımızın ən qədim qollarındandır

Söz, danışıq, insanlar arasında ünsiyyət yarandığı dövrdən meyxananın bəsit, sadə formalarının ortaya çıxması ehtimal olunur. Çox güman ki, bu janrı yarandığı ilk dövrlərdə başqa cür ad landırıblar. Sirr deyildir ki, bədahətən deyilmiş meyxana şeirin bəsit formasıdır. Bir sıra şairlər etiraf edirlər ki, şairlik qabiliyyətlərini ilk dəfə məhz bədahətən şeir söyləyərkən hiss ediblər. Sonra həmin bədahətən deyilmiş şeiri ölçüb-biçib, fəlsəfi, düşündürücü şeir formasına salmışlar. Deməli, meyxana janrı şeirin qədimdə ilkin, sadə forması olub. Bu məntiqlə yanaşdıqda bədahətən, nəzm formasında söz demək, fikir söyləmək zənnimizcə, şeirin digər növlərinə nisbətən çox-çox əvvəlki dövrlərdə yaranıb. Musiqi alətşünaslığında ilk çalğı alətlərinin məhz idiofonluların olduğu mütəxəssislər tərəfindən müəyyən edilib. Bu səbəbdən ilk idiofonlular ümumilikdə çalğı alətlərinin "əlifba"sı sayıla bilər. Meyxana janrı da hər hansı zərb aləti ilə müşayiət olunduğundan, orqanologiya baxımından böyük maraq doğurur. Çalğı alətləri icad edilməyən bir dövrdə qədim, ibtidai insanlar uğurlu ovdan sonra sevinclərini bölüşdürmək, paylaşdırmaq üçün atılıb-düşmüş, çırtma və çəpik çalıblar. Daha sonra onlar içiboş daş və ağac parçalarını bir-birinə döyəcləməklə əl çalmaqdan daha güclü səslər alındığını görüb, bu cür alətlərdən istifadə etmişlər. Səsləndirilən belə içiboş daş və ağac parçalarını ilk idiofonlu çalğı alətləri hesab etmək olar. Bədahətən, şeir formasında söz söyləmək, müasir dillə desək, meyxana adlandırılan janrın da həmin dövrlərdə yaranması ehtimalı həqiqətə çox yaxındır. Bildiyimiz kimi, meyxana sənətini ritmsiz təsəvvür etmək mümkün deyil. Yəni, qədim zamanlarda da meyxana deyildikdə mütləq çırtma çalınmış, idiofonlu zərb alətləri səsləndirilirmiş. Bir sözlə, meyxanaçılar sözlərini ritm çərçivəsində söyləməli və bu zaman ritmə tabe olmalıdırlar.
Tanınmış meyxana ustası Nizami Rəmzi (1947-1997) ilə uzun illər müxtəlif el şənliklərində, toyda-düyündə bərabər çalışdığımdan, hafizəmdə bu janrla bağlı bir sıra maraqlı hadisələr qalmaqdadır. N.Rəmzi bəzi anlarda – otaq şəraitində meyxana deyərkən yanında heç bir musiqiçi olmayıb. Belə məqamlarda o, əlinə sini, hövsər, məcməyi və yaxud teşt kimi məişət qabını götürüb, özünün söylədiyi meyxananın ritminə uyğun şəkildə aləti səsləndirirdi. Yəni, N.Rəmzi və yaxud hər hansı meyxanaçı xanəndə deyil ki, qavaldan istifadə etsinlər. Onlar təbləri gələndə bir sıra belə əllərinə keçən alətlərdən istifadə edirlər, ən pis halda dizlərinin və yaxud stolun üstündə çalmaqla söylədikləri meyxanalara ritm saxlayıblar. Gördüyümüz kimi, folklor musiqisinin icrasında geniş istifadə edilən sini, məcməyi, hövsər və teşt kimi alətlərdən meyxana sənətində də istifadə edilib.
ATRV QSC-də aparıcısı olduğum "Yallı" verilişinin növbəti sayı (2002-ci il) qavaldaş alətinə həsr olunmuşdu. Qobustanda çəkilmiş görüntülərin fonunda tamaşaçılara qavaldaşın yaranma tarixi, sözaçımı, quruluşu, səslənməsi, istifadə qaydaları və s. haqqında məlumat verilirdi. Verilişin sonunda tamaşaçılarla "Yallı"-nın növbəti sayında görüşmək arzusuyla sağollaşdım. Studiyadan çıxmaq istədikdə tanınmış meyxana ustaları Tahir Rəvan, Rəşad Dağlı və Rövşən Yasamallının diqqətlə baxdıqlarını gördüm. Onlar dəvət aldıqları "Səhər" proqramında canlı çıxışlarından sonra "Yallı"nın çəkildiyi studiyaya gəlmişdilər. Sən demə, el şairləri adlandırılan meyxanaçılar bizim efir üçün hazırladığımız çəkilişdə alət haqqında nə danışmışdıqsa, əvvəldən axıradək hamısını dinləmişdilər. Mən belə fürsəti əldən verə bilməzdim, onlara yaxınlaşıb qavaldaş haqqında bir neçə kəlmə deməyi xahiş etdim. Meyxana janrının növbəti möcüzəsini nümayiş etdirmək üçün verilişin redaktoru Ağalar Mirzənin (1955-2008) də razılığını aldıqdan sonra çəkilişə başladıq. Meyxana ustalarının şəxsi arxivimdə qorunan, qavaldaş haqqında bədahətən söylədikləri poetik düşüncələri olduqca maraqlıdır. Harada meyxana sənəti varsa, orada mütləq zərb aləti, ritm olmalıdır. Bu janr əsasən xalq arasında geniş yayıldığından, deyildiyi kimi, qədimdə meyxanaçıları müşayiət edərkən bəzən məişətdə istifadə edilən sini, teşt, hövsər və məcməyi kimi alətlərdən də istifadə olunub. Deməli, meyxana janrının icrasında və inkişafında məişətdən musiqi mədəniyyətimizə daxil olan bir sıra belə idiofonlu çalğı alətlərinin də rolu olub. Sən.dr., prf. Elxan Babayev (1948-2003) "Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri" əsərində meyxana janrı ilə bağlı olduqca maraqlı məqamlar açıqlayır. O, Azərbaycan folklorunun bir qolu olan meyxana janrını "xalq şeirinin bənzərsiz nümunəsi" adlandırır. E.Babayev bu janrın ədəbiyyatşünaslıq baxımından deyil, musiqişünaslıq nöqteyi-nəzərindən təhlilini verir, araşdırır, onun struktur, quruluş və formayaradıcı xüsusiyyətlərindən söhbət açır. E.Babayev qeyd edir: "Avazla oxunan meyxananı fərqləndirən başlıca cəhət onun bədahətən – tam improvizasiya edilərək deyilməsidir".
E.Babayev avazla oxunan müasir meyxanaların segah, şur ladintonasiyaları ilə diqqəti çəkdiyini bildirir. Lakin tanınmış meyxanaçılar – Nizami Rəmzi, Tahir Rəvan, Namiq Məna, Namiq Qaraçuxurlu, Rəşad Dağlı, Hacı Ağamirzə, Vahid Qədim, Teymur Dağlı və başqalarının audio-kaset, həmçinin disklərini izlədikdə Bayatı-şiraz, Çahargah, Rast, Şüştər ladlarına da rast gəlirik. Ümumilikdə Elxan Babayevin meyxana janrı ilə bağlı araşdırmaları və fikirləri olduqca maraqlıdır. Alətşünas alim Fuad Əzimli də "Zərb alətləri Azərbaycanda" əsərində meyxananın "reçitativ-deklomasiya şəklində, solistin və iştirakçıların çırtma çalaraq" ifa olunmasını bildirir. O, həmçinin bu janrın "melodiya ilə mahnı kimi oxunan" növündən də söz açır. Belə meyxanalar müşayiət olunduqda nağara və digər musiqi alətlərinin də vacibliyi vurğulanır. Nizami Rəmzinin yaradıcılığından bəhs edilən əsərdə meyxana janrı ilə bağlı qeyd olunur: "Meyxanaçıları ulu ozanlarımızın xələfi olan aşıqlarımıza bənzədirəm. Onlar da el aşıqları kimi müstəqil yaradıcı peşə sahibidirlər. Ustad meyxanaçı ətrafındakı hadisələrə aktiv, çevik münasibət göstərməli, faktlara, olaylara özünəməxsus interpretasiya, ekspromt reaksiya verməyi bacarmalı, zəngin söz ehtiyatına, müstəqil düşüncə tərzinə malik olmalıdır. Meyxanaçıda bu keyfiyyətlərdən hansınınsa olmaması onun zəifliyinin göstəricisi hesab edilir".
Bir neçə kəlmə meyxana sözünün etimologiyası haqqında subyektiv fikirlərimizi bildirmək istəyirik. "Meyxana" sözünə farsca yanaşdıqda: "mey" – şərab, çaxır, "xana" (xanə) isə ev, otaq mənalarını bildirir. Nəticə olaraq "meyxana" sözü ilk baxışda içki, şərab içilən yer kimi başa düşülür. Lakin bu, heç də belə deyil. Bəzi türk ölkələrində balaban alətinə də mey deyirlər. Burada çalğı alətinin adında "mey" sözü məcazi mənada işlənib. Yəni bu söz – mey dinləyiciyə xoş anlar bəxş edən, ona kef, nəşə verən çalğı aləti fikrini ifadə edir. Fikrimizcə, meyxana sözünün I hissəsi "mey" yuxarıdakı mənanı bildirir. Daha doğrusu, burada "mey" deyimi meyxanaçının qarşısındakını söz ilə məst etməsi mənasında işlədilib. Həqiqətən 20-30 saniyə ərzində ustad meyxanaçının fikirləşmədən, ətrafda baş verən hadisələrə uyğun olaraq bədahətən şeir formasında meyxanalar söyləməsi çox dinləyiciləri şoka salır, uyudur.
"Meyxana" sözünün II hissəsi "xana" isə "xani"nin təhrif olunmuş deyimidir. Bu söz farscadan dilimizə "oxuyan", "söyləyən" kimi tərcümə olunur. Meyxana adi şeir deyil, o mütləq bədahətən, çırtma vuraraq və ya zərb alətlərindən hər hansı birisinin müşayiəti ilə oxunmalıdır. Deməli, meyxana (meyxani) sözü təblə oxuma, dinləyicini cuşa gətirən, ona xoş anlar bəxş edən mənalarını bildirir. Xatırladaq ki, "xani" xanəndə sözünün köküdür. "Xan" sözündən Azərbaycan oxuma-vokal sənətində çox istifadə edilir. Məsələn, "zilxan" – zil səsi olan və zildə oxumağı sevən xanəndə; "miyanəxan" – orta registrdə oxuyan xanəndə; "pəstxan" – bəm səsli və bəmdə oxumağı xoşlayan xanəndə. Bu ter minlər ifaçının (xanəndənin) səs tessiturasını təyin edir. Dahi Ü.Hacıbəyli "Azərbaycan musiqi həyatına bir nəzər" məqaləsində yazır: "Xanəndə üçün dəsgah oxumağın yaxşılığı ondadır ki, müəyyən bir hava və bir bəhr qeydi altında olmayıb, öz "fantaziya"sına geniş bir meydan açır və səsini "bəm", "zil", "meyxana" kimi müxtəlif "tessitura"larla işlədir".
Həqiqətən meyxanalar nə bəmdə, nə də zildə söylənilir. Bir qayda olaraq sözlərin daha aydın tələffüzü üçün orta registr seçilir ki, bu səs tessuturasını da Ü.Hacıbəyli "meyxanə" adlandırır. Bəlkə də "meyxana"nın sözaçımını belə məqamlarda araşdırmalıyıq. Xatırladaq ki, Ü.Hacıbəyli "Koroğlu" operasında (II pərdə, "Təlxəyin mahnısı") meyxana kupletlərindən istifadə edib. Meyxanaşünaslıqda ilk cəsarətli addım atan gənc alim, sən.nam. Aytac Rəhimovanın "Azərbaycan musiqisində meyxana janrı" əsərində də bu sənətlə bağlı maraqlı məqamlarla rastlaşırıq: "Metrikləşdirilmiş poetik janrlarda, o cümlədən, meyxanada şeirin əsasını təşkil edən bəhri və onu əmələ gətirən təfiləni (şeirdə vəzn bölgüsü deməkdir – A.N.) daha bir vəzn – zərb alətinin ostinat formulları müşayiət edir".
R.Həsənova sanki "Meyxanasayağı" əsəri ilə bu janrın xalqımıza daha doğma olduğunu nümayiş etdirmək istəyir. Həmin əsəri A.Rəhimova təhlil edərkən olduqca maraqlı nəticələr əldə edir. Deyilən faktlar müasir meyxana janrının aşıq yaradıcılığı kimi, sinkretik sənət növlərindən biri olduğunu təsdiqləyir. O cümlədən müasir meyxana sənəti musiqi ilə sıx bağlıdır. Bu janrın icrasında bir sıra idiofonlu çalğı alətlərindən də istifadə edildiyinin şahidi oluruq. Sən.nam., prf. C.Həsənovanın təbirincə desək: "XX əsrin II yarısında Azərbaycan musiqi elmində etnomusiqişünaslığın ayrıayrı sahələri – folklorşünaslıq, aşıqşünaslıq, muğamşünaslıq, alətşünaslıq kimi elm sahələri formalaşır". Fikrimizcə, bu siyahıya meyxanaşünaslığı da əlavə etmək olar. Çünki meyxana janrı da digər sahələr kimi, Azərbaycan xalqının qəlbinin və zəkasının məhsuludur. Adları sadalanan alimlərin əsərlərindən artıq meyxana janrının elmi istiqamətə yönəldiyi bəlli olur.

Abbasqulu Nəcəfzadə
sənətşünaslıq üzrə elmlər doktoru