“Sevgi və istedad vacib şərtdir” Mədəniyyət

“Sevgi və istedad vacib şərtdir”

"ƏSA" teatrının bədii rəhbəri: "Qapımız bu sahədə özünü görmək istəyən fiziki məhdudiyyəti olan hər kəsin üzünə açıqdır"

"ƏSA" teatrının bədii rəhbəri Nihad Qulamzadə ilə müsahibəni oxucularımıza təqdim edirik

- "ƏSA" bir illik fəaliyyətində hansı işləri görüb, fiziki məhdudiyyətlilərin cəmiyyətə inteqrasiyasına kömək göstərə bilirmi?
- Teatrımız fəaliyyətinə görə hətta dünyada da əsasən fiziki məhdudiyyətli aktyorlardan ibarət yeganə kollektivdır. Düzdür, indiyə qədər əlilliyi olanlardan ibarət xoreoqrafiya və rəqs qrupları fəaliyyət göstərib, lakin onların sayı ya az olub, ya da peşəkar kollektiv olmayıb. Hazırda Azərbaycan teatr mühitində "ƏSA" teatrına münasibət çox yaxşıdır. Teatrımızın müxtəlif təbəqələri təmsil edən tamaşaçıları var. İndiyədək iki tamaşaya səhnə həyatı vermişik. İlk tamaşamız özümüzün müəllifi olduğumuz "DUMB" oldu və kifayət qədər uğurlu keçdi. Teatrın fəaliyyəti haqqında xarici mətbuat səhifələrində 10-a yaxın xəbər paylaşıldı, reportajlar hazırlanıldı. Daha sonra isə Uilyam Şekspirin "Yay gecəsində yuxu" komediyası əsasında "Yuxum" tamaşasına səhnə həyatı verdik. Həmin tamaşaya böyük maraq var idi, onun səhnəyə çıxmağına beş gün qalmış bütün biletlər satılmışdı. Həmin tamaşa ölkə teatrı tarixində ilk dəfə olaraq işarət dili ilə tərcümə edilib. Hər iki tamaşa üzərində bir ay yaradıcılıq işi aparmışıq. Fəaliyyətimizin əsas istiqaməti cəmiyyətin diqqətini fiziki imkanları məhdud olan insanların problemlərinə cəlb etmək, onların cəmiyyətə inteqrasiyasına kömək göstərmək və gənc istedadları üzə çıxarmaqdır. Düşünürəm ki, qısa müddətli fəaliyyətimiz fonunda həm tamaşaçıların sevgisini qazana bilmişik, həm də aktyorlarımızın cəmiyyətə inteqrasiyasına müəyyən qədər nail olmuşuq. Hazırda Amerika yazıçısı Con Steynbekin "Adamlar və siçanlar" hekayəsi əsasında yeni tamaşanın məşqlərinə başlamışıq. Onun üzərində iki ay yaradıcılıq işi aparacağıq və ümid edirik ki, oktyabrda onu tamaşaçıların mühakiməsinə verə biləcəyik.
- Nəyə görə Con Steynbekin "Adamlar və siçanlar" əsərinə müraciət etdiniz? Səhnə əsəri ilə tamaşaçılara hansı fikirləri aşılamaq istəyirsiniz?
- "ƏSA" teatrı fəaliyyətə başlayarkən ilk tamaşa kimi Amerika yazıçısı Con Steynbekin "Adamlar və siçanlar" əsərini nəzərdə tutmuşduq. İş elə gətirdi ki, sonradan əsəri səhnəyə qoymağı təxirə saldıq. Nəhayət, yay aylarında həmin tamaşanı səhnələşdirməyi qərara aldıq. Əsərin ideyası bəşəridir, üstəlik, burada əlilliyi olan üç obraz var. Onlardan biri autizm xəstəsidir, biri ayağından, digəri isə əlindən məhrumdur. Əsərin mövzusunun belə olması bizə imkan verir ki, onun üzərində daha yaxşı işləyək. Məsələ burasındadır ki, başqa əsərə müraciət edəndə obrazları aktyorlara uyğunlaşdırmalı oluruq. Elə obrazlar var ki, onlarda emosiya və hərəkətlilik güclü olur. Tamaşanın məşqində bundan irəli gələn problem yarananda obrazda dəyişiklik etmək məcburiyyətində qalırıq. Bu mənada "Adamlar və siçanlar" bizim teatra uyğun səhnə əsəridir.
- "ƏSA" teatrına aktyor seçimi necə aparılır?
- Teatrımızda peşəkar aktyorlar var. Aktyorlardan Elşən Əsgərov Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini bitirib, Elvin Mirzəyev isə Bakı Humanitar Kollecində musiqi və bədii yaradıcılıq üzrə təhsil alıb və ilk gündən bizimlə çalışır. "ƏSA"nın direktoru Orxan Adıgözəl teatrın uğuru üçün əlindən gələni edir. Teatrın qapısı, demək olar ki, bu sahədə özünü görmək istəyən fiziki məhdudiyyəti olan hər kəsin üzünə açıqdır, öz istedad və bacarığını nümayiş etdirmək üçün onlara imkan yaradırıq. Teatr elə yaradıcılıq sahəsidir ki, səhnəyə qoyulan əsər tələbkar tamaşaçı auditoriyası qarşısına çıxır. Burada istər-istəməz müəyyən psixoloji hallar meydana çıxa, hətta arzuolunmaz hadisə baş verə bilər. Ona görə də aktyorların uyğunlaşması üçün onları müəyyən teatrlara aparır və bir növ mənəvi-psixoloji cəhətdən səhnəyə hazırlayırıq. Nəzərdə tutduğumuz hazırlıq mərhələsini keçəndən sonra onlara rol verib səhnədə sınaqdan keçiririk. Əlbəttə ki, bir neçə tamaşadan sonra onların aktyor kimi nəyə qadir olduğu üzə çıxır. İstənilən halda teatrla, sənətlə məşğul olmaq üçün sevgi və istedad vacib şərtdir.
- Yaradıcı kollektivlə hansı mədəni tədbirləri keçirməyi düşünürsünüz?
- Bu sahədə planlarımız çoxdur, ancaq bunların gerçəkləşməsi üçün maliyyə dəstəyinə ehtiyacımız var. Fəaliyyətimizi təkcə teatrla məhdudlaşdırmaq fikrimiz yoxdur. Köhnə yerimizdə geniş şəkildə fəaliyyət göstərməyimiz üçün normal şərait yox idi. İndi yeni yer kirayələmişik. Burada ustad dərsləri və ədəbi axşamlar təşkil olunacaq. Bir sözlə, mütəmadi olaraq tanınmış sənət adamları və şairlərlə görüşlər təşkil etməklə ədəbi-bədii gecələrin təşkilini nəzərdə tuturuq.
Teatrımızın üzvü, fiziki məhdudiyyətli fotoqraf Eltac Zeynalovun sərgisi açılacaq. Eltac öz xüsusi dəsti-xətti ilə seçilir və inanırıq ki, onun əsərlərindən ibarət sərgi də uğurla keçəcək. Sərginin açıldığı gün teatrımızın bir yaşını qeyd edəcəyik. Bundan başqa, beynəlxalq festivallarda iştirak etmək, qastrollara çıxmaqla bağlı müəyyən planlarımız var. Gürcüstanda, ölkəmizin ayrı-ayrı bölgələrində tamaşalar nümayiş etdirmək nəzərdə tutulub.