Qarabağ lətifələri üç dildə... Mədəniyyət

Qarabağ lətifələri üç dildə...

Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasında "Qarabağ lətifələri" adlı açıqcalar toplusunun təqdimatı olub. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu ilə birgə hazırladığı toplu üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəşr edilib.
Tədbirdə Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, baş elmi işçi Aynur Xudanlı, mərkəzin sektor müdiri İrina Özçoban, metodist Əkbər Rüstəmov, Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, AMEA Folklor İnstitutunun, Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə və rəssam İlqar Mehdiyev çıxış edərək toplunun əhəmiyyətindən söz açıblar.
Bildirilib ki, açıqcalarda verilmiş lətifələr Qarabağ sakinlərinin isti ocaqlarından didərgin düşdükdən sonra 2012-2015-ci illərdə AMEA-nın Folklor İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin birgə təşkil etdiyi folklor ezamiyyələri zamanı toplanıb. Açıqcalardakı cizgilərin hamısı lətifələrə uyğun şəkildə portretləşdirilib.
Vurğulanıb ki, toplunun hazırlanmasında məqsəd Qarabağın nə qədər zəngin folklora sahib olduğunu bir daha diqqətə çatdırmaq, Qarabağ ərazisinin hər bir qarışında Azərbaycan xalqının izi olduğunu folklor nümunələri ilə əsaslı şəkildə sübut etməkdən ibarətdir.
Həmçinin, layihə qeyri-maddi mədəni irsimizi, tarixi abidələrimizi qorumaq və təbliğ etmək, habelə ümumilikdə milli mənəvi dəyərlərimizə hörmət aşılamaq məqsədi daşıyır.
Sonda məktəbli oxucular arasında Qarabağ mövzulu suallardan ibarət viktorina da təşkil edilib.