Çin sirk truppasının rəhbəri: Nömrələri xüsusi olaraq azərbaycanlı tamaşaçılar üçün hazırlamışıq Mədəniyyət

Çin sirk truppasının rəhbəri: Nömrələri xüsusi olaraq azərbaycanlı tamaşaçılar üçün hazırlamışıq

Çindən olan sirk truppası dünya şöhrətli sirk artisti, sirk sənəti sahəsində bir sıra nüfuzlu mükafatların sahibi Allahverdi İsrafilovun təşkilatçılığı ilə keçirilən “Santa və Qızıl əjdaha” şousunda iştirak edib.

Əsrlərə söykənən ənənələri, artistlərin qeyri-adi elastikliyi və dünya səviyyəli təsirli nömrələri ilə tanınan Çin sirki tamaşaçılara “Səmaaltı” ölkənin mədəniyyətindən ilhamlanan rəngarəng proqram təqdim edib.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Çin sirk truppasının rəhbəri Endi Ruan kollektivin Bakıda ilk dəfə olduğunu və azərbaycanlı həmkarlarla əməkdaşlıqdan çox məmnun qaldıqlarını bildirib.

“Komandamla birlikdə gözəl Bakıya gəlmişik. Bu şəhərdə hiss etdiyimiz səmimiyyət və mehribanlıq bizi hər addımda əhatə edirdi. Gəldiyimiz andan bakılıların səmimi təbəssümü və diqqətli qonaqpərvərliyi bizdə isti hisslər oyatdı və iki ölkə xalqları arasındakı möhkəm dostluğu həqiqətən hiss etməyə imkan verdi. Bakının özünəməxsus cazibəsi təkcə qədim və müasir şəhər üslublarının vəhdətində deyil, həm də sakinlərinin sadəliyində və qonaqpərvərliyindədir. Ünsiyyət zamanı hər kəsin səmimiliyini və coşqusunu hiss edirdik və bu əlaqə yaddaşımdan heç vaxt silinməyəcək. Bakı sakinlərinə bu səmimi və dost münasibətə görə dərin təşəkkürümüzü bildiririk. Gələcəkdə mədəni mübadilənin və əməkdaşlığın davam edəcəyinə, qarşılıqlı anlaşma və dostluğun möhkəmlənəcəyinə, həmçinin birgə parlaq gələcək quracağımıza ümid edirik”, – deyə müsahibimiz vurğulayıb.

O, təqdim olunan proqramda bir sıra nömrələrin xüsusi olaraq azərbaycanlı tamaşaçılar üçün hazırlandığını da diqqətə çatdırıb və xüsusilə də şounun əvvəlində nümayiş etdirilən Çin şirləri ilə təqdim olunan effektli nömrəni qeyd edib.

“Bu nömrələr Çinin qədim tarixini və zəngin mədəniyyətini əks etdirir. Bu, ölkəmizin qeyri-maddi mədəni irsidir və biz onu çıxışlarımız vasitəsilə nümayiş etdiririk. Şir rəqsi iki min illik tarixə malik ənənəvi Çin rəqsidir. Şir uğurun və şərdən, bəlalardan qorunma rəmzi sayılır. Biz bu proqramı xüsusi olaraq hazırladıq ki, Azərbaycan xalqına uğur və xoşbəxtlik gətirsin”, – deyə E.Ruan əlavə edib.