“İçərişəhər” qoruğu idarəsi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir Mədəniyyət

“İçərişəhər” qoruğu idarəsi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir

Hər il olduğu kimi, ötən il də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri uğurlu olub. Məlumdur ki, ölkəmiz UNESCO və onun Ümumdünya İrs Komitəsi ilə sıx əməkdaşlıq edir. Bunun nəticəsi olaraq, Ümumdünya İrs Komitəsinin növbəti sessiyası 2019-cu ildə Bakı şəhərində keçiriləcək. Qoruq İdarəsi də UNESCO-nun Dünya İrs Komitəsinin sessiyalarında aktiv iştirak edir, abidələrin konservasiyası sahəsində yenilikləri yaxından izləyir və görülən işlər barədə digər ölkələrin nümayəndələrini məlumatlandırır.
Qurum UNESCO Ümumdünya İrs Mərkəzi ilə yanaşı, digər beynəlxalq platformalarda da aktiv iştirak edərək, İçərişəhərin tanıdılması istiqamətdə işlər görür. İdarə tarixi şəhərlər üzrə ixtisaslaşmış bir neçə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu təşkilatlardan biri Dünya İrsi Şəhərləri Təşkilatıdır (OWHC). 2018-ci il bu təşkilatla da əlaqələrin inkişaf etdirilməsi baxımından əlamətdar il olub. Ötən ilin may ayında idarə Slovakiyanın Banska Stiavnica şəhərinin Mərkəzi və Şərqi Avropadan olan Üzv Dövlətlərin iştirakı ilə OWHC tərəfindən keçirilən 12-ci Regional Konfransa dəvət olunub. Əsas müzakirə mövzusu Dünya İrs Şəhərlərinin qarşılaşdığı problemlər və gələcək perspektivləri olan konfransda idarənin təmsilçisi mədəni turizmin inkişaf istiqamətləri, tarixi irsin qorunması və tarixi ərazilərə turistik marağın artırılması strategiyaları haqqında çıxış edib. Həmçinin İçərişəhərdə tarixi irsin qorunması ilə bağlı həyata keçirilən işlər və gələcək planlar haqqında da iştirakçılara məlumat verilib. Ən başlıcası isə 2018-ci ilin oktyabr ayında OWHC-nın Direktorlar Şurasının iclasına məhz "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ev sahibliyi edib. İclas "Müasir Azərbaycandan Tarixi Şirvanşahlar Dövlətinə Səyahət" adlı beynəlxalq elmi konfrans çərçivəsində təşkil olunub. Direktorlar Şurasının iclası üzv şəhərlərə öz mədəni və tarixi irsini tanıtmaq üçün əlverişli imkan yaradıb. Bu baxımdan iclasın beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilməsini kifayət qədər uğurlu bir addım hesab etmək olar.
İdarə muzeylər sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan biri olan Avropa Muzey Təşkilatlarının Şəbəkəsi (NEMO - The Network of European Museum Organisations) ilə də qarşılıqlı faydalı əməkdaşlıq edir. Ötən ilin noyabr ayında idarənin əməkdaşları təşkilatın XXVI illik konfransında iştirak edərək ikitərəfli görüşlər keçirmiş, seminar və müzakirələrdə mədəni irsin qorunmasına dair fikirlərini bölüşmüşlər. Ümumilikdə, idarə mütəmadi olaraq NEMO-nun müasir muzey strategiyaları üzrə təlimlərində fəal iştirak edir, simpoziumlarda çıxış edən əməkdaşlar İçərişəhərin irsi və turizm imkanları haqqında müxtəlif ölkələrin nümayəndələrinə məlumat verirlər. Bunun nəticəsi kimi, hazırda qurum tərəfindən 2021-ci ildə illik konfransının məhz Bakıda keçirilməsi razılığı əldə edilib.
Eyni zamanda, idarə 2011-ci ildə Şəhər Merlərinin Razılaşması, 2017-ci ilin avqust ayında isə İqtisadi İnkişaf naminə Merlərin Katibliyi təşəbbüsünə qoşulmuş və bu təşəbbüs daxilində müxtəlif tədbirlərdə iştirak edib. Bu layihənin nəzdində ötən ilin noyabrın 22-23-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları Ukraynanın Kiyev şəhərində "Bələdiyyələrin Davamlı İnkişafda rolu" mövzusunda yüksək səviyyəli konfransda iştirak ediblər.
İdarə son illər bir sıra beynəlxalq turizm sərgilərində də iştirak edir. Bu sərgilərdə İdarənin təmsilçiləri tərəfindən ümumdünya mədəni irsinin ayrılmaz hissəsi olan İçərişəhərin cəlbedici turizm məkanı kimi tanıdılması istiqamətində müəyyən işlər görülüb. Ötən ilin birinci yarısında Berlin, Moskva, Pekin və Dubay şəhərlərində keçirilən sərgilərdə iştirak edən qurumun əməkdaşları xarici ölkə təmsilçilərinə İçərişəhərin turistik potensialı ilə yanaşı, vətənimizin maddi-mənəvi dəyərləri haqqında məlumat verərək yeni turizm şirkətləri ilə əlaqələr yaradılıb.
Bundan əlavə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2018-ci ilin iyun ayında Türkmənistanın Elmlər Akademiyası tərəfindən Aşqabad şəhərində keçirilmiş "Elm, texnika və informasiya texnologiyaları əzəmət və xoşbəxtlik dövründə" adlı beynəlxalq konfransda ölkəmizi təmsil edib. Türkmənistanın "Elm günü"nə həsr edilən tədbirdə əməkdaşımız "Muzey işində innovasiya texnologiyalarının tətbiqinin araşdırılması və məqsədli marketinq" mövzusunda məruzə ilə çıxış edərək Qoruq İdarəsinin muzey işinin təşkili strategiyaları, müasir texnologiyalardan istifadənin müsbət təsirləri barəsindəki təcrübəsini konfrans iştirakçıları ilə bölüşüb.
İyulda idarənin əməkdaşı, həmçinin "Mədəni Dialoq - Vahid Dünya" beynəlxalq fondunun "Etnodünya" layihəsi çərçivəsində mədəni sahədə əməkdaşlıq etmək məqsədilə Rusiyanın Kaluqa bölgəsinə səfərdə olub. Görüş zamanı "Etnodünya" konsepsiyasının "Qala" Tarix Etnoqrafiya Qoruğunda tətbiq edilməsi ilə bağlı müzakirələr aparılıb.
Noyabr ayında idarə ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzi arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Üç illik əməkdaşlıq çərçivəsində İslam dövlətlərinin ənənəvi incəsənəti üzrə festival və konqres, təlimlər və "workshop"lar kimi bir sıra beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır.
Ümumilikdə, idarə beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirməyi və İçərişəhərin rifahı naminə yeni bilik və peşə bacarıqlarına yiyələnməyi daim diqqətdə saxlayır.