Nəsimi ili” ədəbiyyat və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmət edir Mədəniyyət

Nəsimi ili” ədəbiyyat və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmət edir

Bu ilin Prezident İlham Əliyev tərəfindən "Nəsimi İli" elan olunması sadəcə ölməz şair və mütəfəkkirimizin deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin, onun əsas elementləri olan dilimizin, ədəbiyyatımızın və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmət edir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov belə deyib.
O söyləyib ki, ulu öndər Heydər Əliyevin xalqımızın milli, mənəvi və mədəni irsinin inkişafı sahəsindəki fəaliyyət istiqamətləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təşəbbüsü ilə şairin bütün əsərləri latın qrafikası ilə yenidən nəşr olunub, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun mənzil qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib. Fondumuz tərəfindən "Nəsimi ili" çərçivəsində tədbirlər planı hazırlanır və bu plana əsasən xüsusilə də gənclər arasında daim qəlblərdə yaşayan müdrik filosofumuzun ölməz ideyalarının təbliğinə xüsusi diqqət yetirəcəyik.
Mehman İsmayılov əlavə edib ki, Azərbaycan xalqı hər dövrdə böyük mütəfəkkirlər, tarixi şəxsiyyətlər yetişdirib. Ən çətin sınaqlar qarşısında xalqımızın öz ictimai yaddaşını qoruyub saxlaya bilməsi məhz bu zəncirvari ənənə sayəsində mümkün olub: "Bu ənənənin böyük yetirməsi və ən önəmli simalarından olan ulu öndər Heydər Əliyev sovet hakimiyyəti illərində öz əməli fəaliyyəti ilə xalqımızın tarixi, ictimai yaddaşının diri qalmasında böyük rol oynamaqla, müstəqillikdən sonra bu sahədə fundamental işlər aparıb. Ulu Öndər hələ 1970-ci ildə Suriyada olarkən Hələb şəhərinə gedərək Nəsiminin məzarını ziyarət edib, daha sonra isə çətinliklərə baxmayaraq dahi ədibin məzarının bərpasına nail olub. Onun təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub".