Türkmən xalçaları və zərgərlik məmulatları Bakıda nümayiş olunacaq Mədəniyyət

Türkmən xalçaları və zərgərlik məmulatları Bakıda nümayiş olunacaq

Fevralın 15-dən 18-dək Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçaları, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsulları nümayiş olunacaq. Sərgi Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkə arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi çərçivəsində, habelə yüksək səviyyədə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi məqsədi ilə təşkil olunur.
Sərgi Türkmənistan Toxuculuq Sənayesi Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Türkmənistanın Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə reallaşacaq.
Sərgidə xalis yundan toxunmuş əl işi olan müxtəlif rəngli və müxtəlif naxışlı xovlu xalçalar təqdim ediləcək. Türkmən xalçalarının bənzərsiz gözəlliyi və uzunömürlülüyü onların əsas fərqləndirici xüsusiyyətidir. Türkmənlərin çoxəsrlik tarixə malik olan xalçaçılıq sənəti mükəmməl səviyyəyə çatıb. Türkmən xalçalarındakı naxışlar türkmən xalqının tarixini, onun fəlsəfəsini və dünyagörüşünü əks etdirir.
Sərgidə Türkmənistanda istehsal edilən geniş çeşidli toxuculuq məhsulları da nümayiş etdiriləcək. Sərgiyə gələnlər Türkmənistanın yüksək keyfiyyətli toxuculuq məhsulları – müxtəlif parça növlərindən yataq dəstləri, trikotaj məmulatları, cins parçadan hazırlanmış nümunələr, milli keteni, gülməxmər və ştapel parça növləri ilə tanış ola biləcəklər. Burada nümayiş olunacaq bütün toxuculuq məhsulları Türkmənistanda istehsal edilən pambıq və ipəkdən hazırlanıb. Qeyd etmək lazımdır ki, türkmən xalçalarına və toxuculuq məhsullarına dünya bazarında böyük tələbat var.
Sərginin kiçik bir hissəsi əl işi olan milli zərgərlik məmulatlarına ayrılıb. Zərgərlik məmulatları türkmənlərin milli mədəniyyətinin mühüm tərkib hissəsidir. Xalq sənətkarları tərəfindən hazırlanan nadir bəzək əşyalarının yüzə yaxın növü bütün dünyada məşhurdur. Bu məmulatların səciyyəvi cəhəti ondan ibarətdir ki, simmetrik formalar və səlis ornament xətləri son dərəcə uğurlu şəkildə bir-birini tamamlayır. Qədim zamanlardan bəri insanlara xoşbəxtlik, sağlamlıq və firavanlıq gətirən daş hesab edilən əqiq qaşlar bu məmulatlara xüsusi kolorit bəxş edir.
Bəzək əşyaları kolleksiyasının tərkibinə istehsal üsulu tarixin dərinliyinə gedib çıxan sancaq, bilərzik, sırğa və üzüklər daxildir.
İçərisində sərgi eksponatlarının da nümayiş olunacağı "Ak oy" adlı xüsusi olaraq quraşdırılmış türkmən alaçığı sərgiyə milli kolorit bəxş edəcək.