“Dünyaya gəldim mən Azərbaycanda...” Mədəniyyət

“Dünyaya gəldim mən Azərbaycanda...”

MAQSUD ŞEYXZADƏ - müasir özbək ədəbiyyatında fəlsəfi-siyasi şeirin və dramaturgiyanın nümayəndələrindən biri

1-ci yazı

Maqsud Şeyxzadə müasir özbək ədəbiyyatında fəlsəfi-siyasi şeirin və dramaturgiyanın ən tanınmış nümayəndələrindəndir. O, 1908-ci ildə Azərbaycanın Ağdaş şəhərində həkim ailəsində dünyaya göz açıb. Şair 1957-ci ildə yazdığı “Daşkəndnamə” poemasında bu barədə belə yazır:

Dünyaya gəldim mən Azərbaycanda,

Keçdi uşaqlığım

bu gül məkanda.

Nizami vətəni,

Gəncə ölkəsi,

Doldurdu sinəmə şeiri, həvəsi.

Anam Kür çayının şirin sədası,

Oyatdı könlümdə yazmaq həvəsi.

M.Şeyxzadə gənc yaşlarından elmə, şeirə böyük həvəs göstərib. Şeyxzadənin on üç yaşında olarkən yazmış olduğu “Qızıl əsgər nəğməsi” şeiri rayon qəzetində çap olunmuşdu. On beş yaşında ikən yazdığı pyes Ağdaş şəhər həvəskar dram dərnəyi tərəfindən tamaşaya qoyulub. 1926-1928-ci illərdə “Kommunist” qəzetində Şeyxzadənin “Dağıstan məktubları” adlı silsilə məqalələri, 1927-ci ildə isə “Maarif və mədəniyyət” məcmuəsində şairin “Nəriman haqqında xalq dastanı” əsəri çap olunub.

M.Şeyxzadə orta təhsilini başa vurduqdan sonra Gəncə darülfünuna daxil olub. Bundan sonra isə o, ali təhsilini Bakıda davam etdirib. M.Şeyxzadə ailəsi ilə birlikdə 1928-ci ildə Daşkəndə köçmüş və ömrünün axırına qədər burada yaşayıb. Demək lazımdır ki, o bura gəlişindən bir məmnunluq duymuş,özbək xalqına daxilən, mənən bağlana bilib. Bu barədə öz yaradıcılığında xüsusi qeydlər edib: 

Lakin şairliyim burda boy atdı,

Sır-Dərya sahili qəlbimə yatdı.

Həzrət Nəvainin öpdüm əlini,

Bəyəndim, bəslədim onun dilini.

Özbək vadisində atımı sürdüm,

Sənət karvanımı mən burda gördüm.

Mənim taleyimdən yox şikayətim,

Burda çiçəkləndi şeirim, sənətim.

M.Şeyxzadə Daşkəndə gəldiyi ilk illər məktəbdə işləyib. Daha sonra jurnalistika sahəsində tanınmağa başlamışdır. O, “Şərq həqiqəti”, “Qızıl Özbəkistan”, “Gənc leninçi” və digər qəzetlərdə əmək fəaliyyətini davam etdirib. Elmə olan böyük marağı onu ali məktəb həyatı ilə daha yaxından bağlaya bilib. M.Şeyxzadə uzun müddət Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutunda dosent vəzifəsində çalışıb.

M.Şeyxzadənin şeirləri 1929-cu ildən özbək mətbuatında çap olunmağa başlayıb. Şairin “On şeir” adlı birinci şeirlər toplusu 1930-cu ildə çapdan çıxıb. M.Şeyxzadənin bundan sonra ardıcıl olaraq “Həmfikirlərim” (1933), “Üçüncü kitab” (1934), “Cümhuriyyət” (1935) şeirlər kitabı çap olunub. 1941-1945-ci illər Vətən müharibəsi zamanında M.Şeyxzadə döyüş bölgələrinə getmiş və vətən sevgisi, müharibə mövzusunda çoxlu şeirlər yazıb.

M.Şeyxzadənin həyatının ən gərgin dövrü 50-ci illərin əvvəllərinə düşür. Belə ki, 1952-ci ilin 31 yanvarında əsassız olaraq onu Özbəkistan Yazıçılar Birliyinin üzvlüyündən çıxarırlar. Lakin 1956-cı ildə o, yenidən birliyin üzvlüyünə qəbul olunur. 1956-cı il M.Şeyxzadənin yaradıcılığının yeni mərhələsi kimi xarakterizə olunur.

M.Şeyxzadə şair, dramaturq olmaqla yanaşı, həm də bir ədəbiyyatşünas-alim kimi də tanınıb. O, Daşkənddə aspiranturanı bitirdikdən sonra elmi fəaliyyətə başlayıb, klassik və müasir özbək ədəbiyyatının problemlərindən bəhs edən çoxlu elmi əsərlər yazıb. Onun “Dahi şair”, “Nəvainin lirik qəhrəmanı”, “Əlişir Nəvainin poetik məharəti”, “Mayakovski-yeni tip şair” və s. elmi məqalələri bu baxımdan xarakterikdir. M.Şeyxzadənin bir tərcüməçi kimi də böyük xidmətləri olub. O, Puşkindən, Lermontovdan, Şekspirdən, T.Şevçenkodan, N.Hikmətdən, Mayakovksidən, N.Tixonovdan və dünya ədəbiyyatının onlarla tanınmış digər sənətkarlarından özbək dilinə tərcümələr edib.

M.Şeyxzadə 1967-ci ildə Daşkənddə vəfat edib. 1968-1973-cü illər arasında Daşkənddə onun əsərlərindən ibarət altı cildliyi çapdan çıxıb. Şair və dramaturqun əsərlərinin iki cildliyi 1973-cü ildə doğma vətəni olan Azərbaycanda da işıq üzü görüb.

M.Şeyxzadə zəngin yaradıcılıq irsinə malikdir. Hər şeydən əvvəl M.Şeyxzadə ədəbiyyatda gözəl bir şair kimi tanınıb. Onun şeirləri özünün ideya-bədii xüsusiyyətlərinin və estetik əhəmiyyətinin rəngarənglik və dərinliyinə görə xüsusi fərqlənir. Ona görə də Maqsud Şeyxzadəni, Həmid Alimcanın “fikirlər şairi” və M.İbrahimovun “böyük vətənpərvər şair” adlandırması heç də təsadüfi deyil.

M.Şeyxzadə yaradıcılığının əsaslı mərhələsi 30-cu illər başlanğıcına təsadüf edir. Bu mərhələyə qədər az da olsa, şairin yazmış olduğu “Od haqqında hekayət”, “Simvol”, “Cümhuriyyət”, “Qara taxta”, “Komsomoldan raport” və s. şeirlərində həm dil, qafiyə, vəzn, həm də mövzu və ideya baxımından qüsurlar mövcud idi. Lakin özünün qeyd etdiyi kimi, az vaxt ərzində “Nəvai, Nizami, Füzuli, Puşkin, Nekrasov, Mayakovski və s. sənətkarların yaradıcılığı ilə yaxından tanışlıqdan sonra sənət sirlərini öyrənmiş və əsl sənət nümunələri yaradıb”.

Onun 30-cu illər poeziyasında yeni həyat və xalqlar dostluğunun təbliğ və tərənnümü başlıca yer tutur. “Vətən”, “Nişan”, “Kreml saatı”, “Qanun”, “Misranın yaranması” və s. şeirləri yeni zaman, yeni həyat, yeni problemlər haqqında poetik mülahizələri özündə əks etdirmək, şairin vətən sevgisi, yurd məhəbbəti hiss və duyğularının şairanə ifadəsi baxımından səciyyəvidir:

Vətəndir şairə sevgi bəxş edən,

Söz də, qafiyə də bir bəhanədir.

Qəlbimə nur saçır mənim doğma el,

Hər misra o nurdan bir nişanədir.

Böyük Vətən müharibəsi illəri M.Şeyxzadənin yaradıcılığının məhsuldar dövrü hesab olunur. Bu illərdə sənətkarın yazdığı əsərlər mövzu və ideya baxımından hərbi-müdafiə, düşmənə nifrət, qəhrəmanlığa çağırış və s. cəhətlərlə daha çox bağlanırdı. “Semyoçenko, afərin” (1941), “Kapitan Qastello” (1941), “İki şeir” (19420, “Yox, mən ölməmişəm” (1943), “Məktub” (1944), “Əks-səda” (1945) şeirləri, “Ağsaqqal” (19430, “Onbirlər” (1943), “Jenya” (1943), “Üçüncü oğul” (1944) po¬emaları və “Cəlaləddin Mənquberdi” (1944) pyesi bilavasitə müharibə dövründə yaranmış əsərlərdir. Bir fakta nəzər salmaq lazımdır ki, bu dövrdə yaranmış əsərlərin böyük əksəriyyəti məhz müharibə dövrü və hadisələrini əks etdirir, döyüşlərdə igidlik göstərən ayrı-ayrı adamların qəhrəman obrazını canlandırırdı. “Kapitan Qastello” və “Semyonçenko, afərin” şeirlərində müəllif öz igidlikləri və vətənə sədaqətlərini nümayiş etdirib və tarixin yaddaşlarına həkk olunmuş adamların şücaətlərindən söhbət açır. Məlumdur ki, kapitan Qastellonun qırıcı təyyarəsi göydə vurulduqdan sonra o, tarana getmiş və son anda təyyarəsini texnika və yanacaqla dolu düşmən qərargahına istiqamətləndirib. Nəticədə düşmənə çoxsaylı ziyan vurub. Şair onun qəhrəmanlığını belə mədh edir:

Yalasa da od onun Kirpiyini, qaşını

Bir an dayandırmadı

Düşmənlə savaşını

Yerdə hədəf ararkən

Alışan təyyarəsi,

Gözlərinə sataşdı

Bir düşmən düşərgəsi.

...Tez o səmtə yönəltdi

Alışan təyyarəni.

M.Şeyxzadə “Semyonçenko, afərin” şeirində tank qoşunları ilə alman işğalçılarını darmadağın etmiş Sovet İttifaqı Qəhrəmanı general-mayor Kuzma Semyonçenkonun igidliklərindən bəhs açır.

M.Şeyxzadənin yaradıcılığında Vətən mövzusu özünün ictimai- siyasi, fəlsəfi tutumuna görə xeyli rəngarəngdir. Belə şeirlərdə Vətənin təbii gözəllikləri, onun keçmişi, bu günü və gələcəyi, abadlıq və firavanlığı və s. məsələlər özünəməxsus bədii təsvir və ifadə şəklində təzahür edir. “Solmasın bu güllər”, “Pambıqçı və şair”, “Vətən”, “Bu yer mənim yerim”, “Yurdum” və s. şeirlərində məmləkətinin əzəmət və qüdrətini əsl şair məharəti ilə qələmə ala bilib.

“İnsan, şeir və şair”, “Əllər”, “Ayrılıq”, “Üfüqlər”, “Dəniz təbiəti”, “Körfəz, yağış və çay” və s. kimi fəlsəfi məzmun daşıyan şeirləri ilə M.Şeyxzadə həyat, cəmiyyət, insan, mühit və digər problemlərə müna-sibət bildirmiş, yüksək fikrin, ideyanın formalaşmasını təmin edib.

“Ağsaqqal”, “Onbirlər”, “Jenya”, “Üçüncü oğul” poemalarını şair Böyük Vətən müharibəsi illərində yazıb. “Ağsaqqal” portret-poemadır. Əsər unudulmaz el ağsaqqalı, xeyirxah və müdrik insan Yoldaşbəy Axunbayevin əziz xatirəsinə ithaf olunub. Axunbayev poemada işıqlı əməl sahibi kimi uca tutulur. Şair onun ölümünü böyük təəssüf, kədər hissi ilə qələmə alsa da, əməllərinin yaşayacağı ümidi ilə təskinlik tapır. “Onbirlər” poeması müharibə illərində Stalinqrad cəbhəsində düşmən ordusundan strateji əhəmiyyətli təpəni qəhrəmancasına müdafiə edərək, son anda həlak olmuş 11 igid əsgərin xatirəsinə həsr edilib.

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor