Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb Siyasət

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Xalqcebhesi.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, görüş zamanı Müvəkkil nümayəndə heyətinə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, qəbul olunan qanunvericilik aktları, mövcud hüquq müdafiə mexanizmləri, Ombudsmanın mandatı, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib.

Beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirən S.Əliyeva Azərbaycan və Mərakeşin ombudsman və milli insan hüquqları təsisatları arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrin mövcud olduğunu qeyd edib.

Ombudsman qonaqlara Azərbaycanda əhalinin həssas qruplarının, o cümlədən sağlamlıq imkanları məhdud olan, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanılan şəxslər üçün yaradılmış təhsil imkanları barədə məlumat verib, ölkə Prezidentinin Sərəncamı ilə “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın təsdiq edildiyini bildirib, ümumilikdə ölkəmizdə əhalinin savadlılıq səviyyəsinin hər zaman yüksək saxlanılması üçün yaradılmış imkanlardan danışıb.

Müvəkkil cəmiyyətdə hüquq mədəniyyətinin və hüquq düşüncəsinin formalaşdırılması istiqamətində silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, illik məruzələrində insan hüquq və azadlıqlarının, o cümlədən təhsil almaq hüququnun səmərəli təmini və müdafiəsi məqsədilə bir sıra təklif və tövsiyələr irəli sürdüyünü diqqətə çatdırıb.

Nümayəndə heyətinin üzvləri səmimi görüşə görə Ombudsman Səbinə Əliyevaya təşəkkür edib, Azərbaycanda insan hüquq və azadlıqlarının, o cümlədən təhsil hüququnun təmini və müdafiəsi sahəsində əldə olunan nəticələri yüksək qiymətləndirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.