Zəbt olunmuş torpaqlarda turizmin inkişafı və təbliğatı yolverilməzdir Mədəniyyət

Zəbt olunmuş torpaqlarda turizmin inkişafı və təbliğatı yolverilməzdir

Moskvada keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasında Azərbaycan Dövlət Turizm Aqentliyinin rəhbəri Fuad Nağıyevin "Report" İnformasiya Agentliyinin Rusiya bürosuna müsahibəsini oxucularımıza təqdim edirik
- Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının "Hamı faydalanır: qlobal şəhərlərdə turizmin inkişafı strategiyaları" adlı sessiyasında Azərbaycan da iştirak edir. Tədbirdə Azərbaycanın iştirakını necə qiymətləndirirsiniz?
- İlk növbədə, onu qeyd etmək istərdim ki, Ümumdünya Turizm Təşkilatının üzvü olmaq Azərbaycan üçün çox önəmlidir. Çünki bu cür dünya səviyyəli tədbirlərdə biz Azərbaycan haqqında məlumat veririk, Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə tanınması üçün danışırıq və təqdimatlar keçiririk. Məqsəd isə, əlbətdə ki, məlumdur – Azərbaycana turist axınını təşkil etmək və ölkəmizdə turizmin inkişafına nail olmaq.
- Assambleyanın plenar iclasında çıxışınız zamanı vurğuladınız ki, torpaqlarımızın bir hissəsinin işğal altında olmasından Azərbaycan öz turizm potensialını tam ortaya qoya bilmir. Bu məsələyə də ayrıca diqqət ayırılırmı?
- Biz demək olar ki, bütün tədbirlərdə, tək burada deyil, digər turizmlə bağlı keçirilən görüşlərdə bu məsələni qaldırırıq. Çünki Azərbaycan tez-tez beynəlxalq tədbirlərdə Ermənistanın təxribatı ilə üzləşir. Müxtəlif təxribatlar törədirlər. Biz də öz növbəmizdə bütün təxribatların qarşısını alırıq. Nəzərinizə çatdırım ki, Ümumdünya Turizm Təşkilatının Etik Kodeksi var və fəaliyyətdədir. Bu kodeks çərçivəsində dəfələrlə səsləndirilib ki, digər dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmalı və təxribata yol verilməməlidir. Biz də Baş Assambleyada bu məsələni qaldırdıq. Vurğulandı ki, zəbt olunmuş torpaqlarda turizmin inkişafı və təbliğatı yol verilməzdir. Bu məsələ Azərbaycan üçün çox önəmlidir. İnanırıq ki, yaxın zamanda bu problem kökündən həll olunacaq.
- Rusiyaya səfəriniz çərçivəsində Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasında ikitərəfli görüşlər və əldə olunan nəticələr barədə də məlumat verərdiniz.
- Bəli bu səfər çərşivəsində çoxsaylı ikitərəfli görüşlər keçirilib. Bildiyiniz kimi, Assambleyanın işində 65 ölkənin turizm naziri iştirak edir. Biz də fürsətdən yararlanaraq, bir çox ikitərəfli görüşlərdə Azərbaycanın turizm potensialından ətraflı məlumat verdik və ölkəmizə turist cəlb etməyə çalışdıq. Əsəs görüşümüz isə Rusiyanın Turizm üzrə Federal Agentliyinin rəhbəri Zarina Doquzova ilə oldu və geniş şəkildə müzakirələr apardıq. Turizm sahəsində qarşılıqlı əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsini qeyd etdik.
Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə də Azərbaycanın turizm potensialı və ölkədə turizmin inkişafı barədə də fikir mübadiləsi apardıq. Onu da qeyd etmək istərdim ki, bu çür beynəlxalq tədbirlərdə iştirak Azərbaycan üçün həm təcrübə, həm ölkəyə turist axınını təmin etmək, həm də yeni, innovativ texnoloqiyalarla tanışlıq deməkdir.