Dünyaya, həyata inam ifadə edən inanclarımız Mədəniyyət

Dünyaya, həyata inam ifadə edən inanclarımız

Azərbaycan əfsanələrindən birinə diqqət edək. "Qızılquş" əfsanəsində ağac dağ başında bitir. Qızılquş ona edilən yaxşılığın əvəzi olaraq bu alma ağacının budağını padşaha hədiyyə gətirir. Bundan sonra süjet aydındır. Padşahın bağında alma ağacı ildə 3 alma verir. Bağban almalardan birini padşaha aparır, vəzir hiyləgərliklə almanı bağbandan alır, zəhər vurub padşaha verir. Padşah almanın ətrindən bihuş olur. Yoxlamaq üçün bir dilim kəsib pişiyə verir, pişik ölür, padşah qızılquşun başını üzdürür. Bağban qorxusundan bağa qaçır ki, almanı yeyib ölsün. Amma dönüb 15 yaşında oğlan olur. Padşah bağa gəlir, bağbanın cavanlaşdığını görüb arada xəyanət olduğunu başa düşür, qızılquşun intiqamını vəzirdən alır.
Alma ağac kultunun atributu kimi nağıllarda şahzadələrin nişanlı seçməsində istifadə olunur. Əfsanələrdə ölümün birbaşa yox, fizioloji proses kimi yox, çevrilmə zamanı da baş verdiyinin şahidi oluruq. Ağac insanın totemidir, onu yaradıb, onu himayə edir, üstəlik tsiklik zaman daxilində onun yenidən dünyaya gəlməsini şərtləndirir. Ruhun ölməzliyinə, bir bədəndən digərinə keçərək yaşamasına inanan insan aşağı paleolit dövründə özünün təzədən dünyaya gəlməsini, yəni ölüb-dirilməsini ağacın vasitəsilə mümkün sayıb.
Göründüyü kimi, əfsanədə də ölüb-dirilmə fizioloji proses kimi dərk olunmur, ancaq cavanlaşma, yəni həyata təzədən gələrək cavan oğlan olmaq mənasındadır. Əfsanələrdə ağacla bağlı olmasa da, ölüb-dirilməyə az hallarda müstəqim mənada rast gəlmək mümkündür. "Kəsikbaş" əfsanəsində ölüb-dirilmənin sırf bioloji hal daşıdığının şahidi oluruq. Əfsanədə deyilir ki, bir nəfər uzaq səfərə çıxır. Gəlib bir kəndə çatır. Axşam düşür. Bir qapını taqqıldadır. Onu içəri alırlar. Yeyib-içəndən sonra qonaq deyir ki, mən bura çoxlu şeylər almağa gəlmişəm. Yanımda da çoxlu pul var. Ev sahibi pis niyyətə düşür. Yatmaq vaxtı qonaq deyir ki, ev yiyəsi and içməsə, mən yatmaram. Nəyə and içim? - deyə ev sahibi soruşur- "And iç ki, sən Allah qonağısan, Xızırın eşqinə sənə toxunmaram". Ev sahibi and içir. Qonaq yatır. Ev sahibi gecə durub qonağın başını kəsir. Elə kəsən kimi də qapı döyülür. Elə döyürlər ki, qapı az qala yerindən çıxa. Ev sahibi qapını açır. Görür bir atlıdır. Atlı soruşur ki, kişi, qonağın hanı? O, evində qonaq olduğunu danır. Atlı deyir, başını kəsdiyin qonağı deyirəm. O sənə and verməmişdimi? Atlı əlini içəri uzadıb deyir, ey günahsız adam, qalx. Əlini uzadıb atımın dırnağının altından bir az torpaq götür. Başını yerinə qoyub torpağı boğazına çək. Başsız bədən o saat dikəlir, atın dırnağı altından bir ovuc torpaq götürür, başını yerinə qoyub torpağı boğazına çəkir. Dərhal asqırıb özünə gəlir. Ev sahibi bunu görür, bağrı çatlayıb ölür. O vaxtdan həmin adamın adı Kəsikbaş qalır.
Ağac kultu ölüb-dirilmə motivi ilə birbaşa bağlıdır. Ağacın ölüb-dirilmə ilə əlaqəsini həm əfsanələrdə, həm də nağıllarda görmək mümkündür. "Padşahla balıqçı" nağılında alma ağacı kult olmaqla bərabər, inisiasiya üçün müqəddəm şərtdir. Bağban qorxusundan almanı yeyir, 15 yaşında cavan oğlan olur, yəni qoca ikən ölüb yeni cavan statusunu qazanır. İnisiasiyada çevrilmənin əsas funksiyası qanla bağlıdır. Qan qırmızı rəngi bildirməklə həyatla ölüm arasındakı müvazinəti saxlayır və ölüb-dirilmənin baş verməsini təmin edir. Ölüb-dirilmənin iştirak etdiyi "Ölü Məhəmməd" nağılında qanın daşıdığı funksiya qızın quşa, quşun qanının ağaca çevrilməsində də üzə çıxır. Nağıllarda qanla birgəlik təşkil edən ölüb-dirilmə prosesini ağac özü də yerinə yetirə bilir. "Tacir oğlu" nağılında qulluqçu qız qəhrəmana bağışlanan atın qanını torpaqla qarışdırıb yerə səpir. Səpilən yerdən ağaclar bitir. Qarı ağacları kəsəndə ağac qarıdan xilas olmaq üçün qaza çevrilir. Qarı onu tutmaq istəyəndə qaz oğlana çevrilib, onu məhv edir. Ağac insanın ilk yaradıcısı kimi nağıllarda da nəzərə çarpır.
Bir çox əfsanə və nağıllarda özünə yer alan "quş-ağac" təsəvvürləri ağac kultunu Humay kultu ilə bir mikrokosmda birləşdirir. Burada da ağac totemizmində iki ruhun bir bədəndə yerləşməsi (totemizmin ilkin dövrlərinə xas olan cəhətin - iki canın bir bədəndə yerləşməsi inamının yaşaması) ideyasının izləri görünür. V.Y.Propp ikili can xüsusiyyətini ibtidai totemizmin əsası kimi qiymətləndirir və yazır ki, canın biri ölsə, o biri də dərhal ölər. "Quş-ağac" təsəvvürlərinin sonrakı inkişafı doğumda ilk qadının rolunu müəyyənləşdirir. Ağacın doğduğu insan (qadın) özü nəsil verərək öz ilk əcdadından - quşdan və ağacdan uzaqlaşır. Bəzi əfsanələrdə də ("Quşoğlu" və "Daş-ağac") quşun və ağacın balası sonradan insan şəklinə düşür. Altay əfsanələrində də ilk insanın Ülgen və Humaydan törədiyi, onların ər-arvad həyatının iki şam ağacında təcəssüm olunduğu bildirilir.
Əfsanələrdə də ilan kultuna ağac kultu ilə birgə toxunulur. Əfsanələrimizdə ilan kola çevrilir, bəzən bu proses qızın saçının ilana, ilanın da ağaca çevrilməsi ilə birgə müşayiət olunur. Bu prosesi başa düşmək üçün bir neçə əfsanənin motivinə və mətninə nəzər yetirək:
1. Saç ağacın kökləri kimi
"Saçlı qaya" əfsanəsində bəyin təqibindən qurtarmaq istəyən qız allahdan xahiş edir ki, yer yarılsın, yerə girsin. Bu vaxt yer yarılır, qız yerə girir. Uzun qoşa hörükləri isə qayanın başında qalır. İndi o saçı nə qədər kəssələr də, yenə uzanır.
2. Saçın ilana çevrilməsi
"Abduləsər" dağı" əfsanəsində çobanın sevdiyi Şəmsinur özünü qayadan atanda uzun saçları düşmənin əlinə keçir. Onu dartmağa başlayırlar. Qız saçlarının qırılmasını arzulayır. Qızın saçı qırılır, qız yerə düşüb ölür. Saçları isə ilana çevrilib düşməni çalır. Hörüyün ilanla əlaqəsinə "İlan məhəbbəti" əfsanəsində də rast gəlinir. Bu əfsanədə ilan qızın hörüklərinə vurulur.
3. İlan qızın alma ağacına çevrilməsində mediator kimi çıxış edir. "İlan oğlan" əfsanəsində cildini dəyişən ilan sevdiyi qızı mənfi obraz olan qarıdan qorumaq üçün özü bağban olur, qızı isə alma ağacına çevirir.
4. İlan kol olur.
"İlan məhəbbəti" əfsanəsində şahın qızını sevən ilan bağa gəzməyə çıxan qızı görmək üçün kola çevrilir. "Qız kolun dibində uzandı. Kol ilan olub qıza sarıldı və yatdı".
Yuxarıda gətirilən misallardan (əfsanə və nağıllardakı) aydın olur ki, ağac kultunun strukturundakı saç, hörük, ilan və ağac vəhdət təşkil etməklə kult sistemini bir bütöv olaraq "görməyə" (bərpa etməyə) imkan verir (saç kökləri, hörük gövdəni və ilan budaqları əks etdirir).
Əfsanələrdə rast gəldiyimiz bütün bu mifoloji xüsusiyyətlər, eyni zamanda, onun nüvəsini təşkil edən mifoloji motivlərlə bağlıdır. Bu mifoloji motivlər əfsanə mətninin dərin qatlarına nüfuz edir və əfsanənin formalaşmasında bilavasitə rol oynayır. Biz yuxarıdakı motiv göstəricisində də müxtəlif motivlərin iştirakı ilə yaranan əfsanələrin olduğunu gördük. Əfsanə motivlərinin əsas xüsusiyyəti onun mifoloji xarakter daşımasıdır. Məsələn, ilana ərə getmə motivi özündə xalqın ibtidai təfəkküründə ilana olan sitayişin izlərini yaşadır. Bu motiv özündə mifoloji gerçəkliyi daşıyır, yəni əfsanədəki ibtidai düşüncədə ilana ərə getməklə ilan toteminə qovuşmaq, beləliklə öz soykökünə yaxınlaşmaq meyili duyulur.
Azərbaycan folklorunda əfsanənin yaranması yolları da müxtəlifdir. Əgər əfsanənin ilkin mənşəyini miflər təşkil edirsə, ikinci mənbəyini ilkin rəvayətlər təşkil edir. Bu cür əfsanələrdə də diqqəti cəlb edən motivlər onların nə dərəcədə rəvayət və əfsanə motivini təşkil etməsindən asılıdır. Əfsanə motivləri ilə rəvayət motivlərini bir-birindən fərqləndirmək üçün onların daşıdığı məzmuna diqqət yetirmək lazımdır. Rəvayət motivləri daha çox ictimai məzmun daşıyır və mifoloji düşüncədə açıq şəkildə rol oynamır. Məsələn, qalalarla bağlı rəvayətləri götürək. Bu mətnlərdə əsas motiv ictimai məzmun daşıyan obraz və fərdlərin mübarizəsi, sevgisi, həyata münasibəti və s. keyfiyyətləridir.

Ramil Əliyev,
filologiya üzrə elmlər doktoru