“Azərbaycan qaytağı rəqsləri” toplusu Mədəniyyət

“Azərbaycan qaytağı rəqsləri” toplusu

1983-cü ildən vətənimiz Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzərək xalq rəqslərini toplayan tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanoloqiya və akustika” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənlinin araşdırmalarının səmərəli nəticəsi kimi “Azərbaycan qaytağı rəqsləri” toplusu, BMA-nın rəhbərliyinin dəstəyi nəticəsində işıq üzü görüb.
BMA-dan bildirilib ki, bu topluda qaytağı rəqslərinin yaranma tarixi, onun növləri, ifa məziyyətləri, eləcə də, ritmik xüsusiyyətləri geniş təhlil olunub və 30 adda, “yox olmaq təhlükəsi” altında olan rəqsin not yazısı işıqlandırılıb. Topludakı qaytağı rəqsləri vaxtilə Azərbaycanda çox məşhur olan, lakin illər ötdükcə unudulmağa məruz qalan qədim oyun havalarıdır. Unudulmasının səbəbi isə vaxtında bu rəqs növünün toplanmaması və araşdırılmamasıdır. Azərbaycanın tanınmış musiqişünası Bayram Hüseynli halayların və yallıların toplaması ilə yanaşı, qaytağıların da toplanıb işıq üzü görməsinin arzusunda idi. Lakin zaman keçdikcə həmin arzunun reallaşması R.Bəhmənliyə nəsib olub. Rauf Bəhmənli qocaman musiqiçilərin ifasından, ustad sənətkarların söylədiklərindən əldə etdiyi tarixi faktlara əsasən, bu rəqslərin istər adlarının, istərsə də, onların musiqisinin, melodik dilinin Azərbaycana məxsus olduğunu, hansı bölgədə, hansı tarixi ərazidə yarandığı haqqında maraqlı məlumatlar aşkar edib.
Qaytağı rəqsinin kökü tarixin qaranlıq səhifələrinə getməsinə baxmayaraq, müasir dövrdə bütün Qafqaz xalqları tərəfindən məişətin bir hissəsi kimi istifadə edilən xalq rəqsinə çevrilib. Hər Qafqaz xalqı bu rəqsi özünəməxsus adlandırırdı (ləzqinka, kabardinka və.s). Adının kökünü R.Bəhmənli qədim Qafqaz Albaniyasinda (indiki Azərbaycan ərazisi) yaşayan mərd, şücaətli Qaytağ xalqı ilə əlaqələndirir. Öz köklərinə görə, döyüşçü rəqsi olan qaytağı, vaxt keçdikcə məişətdən bir sıra keyfiyyətləri özündə ehtiva etməyə başlayır. O, yarış, xoreoqrafiya oyunu, rəqs-duet çalarları alır. Bunun örnəklərini “Azərbaycan qaytağı rəqsləri” toplusunda görmək olar. Bu məcmuənin sonunda rəqslərin oyun qaydaları da geniş təsvir edilib. Belə topluların işıq üzü görməsi mədəniyyətimiz üçün çox vacibdir, çünki onların nəfis tərtibatda hazırlanmaları və gələcək nəsillərə ötürülməsi mənfur düşmənlərimiz tərəfindən rəqslərimizin mənimsənilməsinin qarşısını alır.