Hüseyn Cavan Güney Azərbaycanda milli demokratik hökumətin fəallarından olub Mədəniyyət

Hüseyn Cavan Güney Azərbaycanda milli demokratik hökumətin fəallarından olub

O, ayrılıq həsrətini gah dağlara, gah zaman-zaman o taydan bu taya, bu taydan o taya uçub gedən durnalara söyləyib

Poeziya tarixin bizə göstərə bilmədiyi qaranlıq və dumanlı dövr¬lərdə doğulub, zaman-zaman inkişaf etdib, müxtəlif şəkil¬lər¬də, müxtəlif tərzlərdə inkişaf edə-edə bizim dövrə gəlib çatıb. Millətlərin ictimai həyatı, əhval-ruhiyyəsində iz buraxan böyük tarixi hadisələr heç zaman poeziyaya təsirsiz qalmayıb. İslahat, tənzimat və inqilablar ictimayyətin həyatında bir sıra dəyişikliklər etdiyi kimi, ədəbiyyatda da yeni ədəbi hərəkatlar, yeni üsul və şəkillər yaradıb. Odur ki, hər millətin müxtəlif dövrlərdəki həyatını, inkişafını, mədəniyyətini ədəbiy¬yatdan öyrənmək ən sadə üsuldur. Ədəbiyyat, o cümlədən poeziya hər kəsin üzünə açıq, çiçəkli, bağçalı möhtəşəm bir məktəbdir, hər kəs orada hər çiçəkdən bir ətir, hər güldən bir ziya, bir rəng almaqla çox şeylər öyrənə bilər ki, bu da ədəbiyyatın bəşəriyyət üçün nə qədər önəmli və vacib olduğunu göstərir.
Ədəbiyyatın ürəyi sayılan poeziyanın ən böyük əhəmiyyəti isə insanların qəlbində humanist duyğular, nəcib hisslər doğurmasın¬dan ibarətdir. Əsrlərdən bəri dühaların bədii fəhmin işığında yaratdığı əsərlər insanlarda yüksək mənəvi keyfiyyətlər yarada¬raq onları yüksək ideala, ülvi bir həqiqətə sövq edib. Azərbaycan xalqının mənəvi həyatında böyük tərbiyəvi əhə¬miyyətə malik olan bədii söz xəzinəsi, "el sözü", "xalq yara¬dıcılığı", "el ədəbiyyatı", "ağız ədəbiyyatı", "şifahi ədəbiyyat" kimi müxtəlif adlarla yaşayıb. Bir sıra xalqlarda olduğu kimi bizdə də bu, XX əsrin əvvəllərindən folklor adını daşımaq¬dadır. Folklor qədim dövrlərdən bəri xalqın qida mənbəyi, "xalq kitabı" olub.
Azərbaycan xalq yaradıcılığı zəngin sənət inciləri xəzinəsidir. Xalq yaradıcılığı, xalqın əqli birliyinin tən¬tənəsi, parlaq təzahürüdür. Xalqın zehni inkişaf səviyyəsini, istedadını, estetik duyumundakı zərifliyi biruzə verən əsl amildir. Hər bir nümunə neçə-neçə yüzilliklər arasından bugünümüzə uzanan incə tellər kimi gərilib, ani titrəyişdən, xəfif bir təmasdan mənsub olduğu xalqın taleyi, maddi-mənəvi güzəranı barədə saysız-hesabsı hekayətlər söyləməyə qadirdir. Şifahi xalq ədəbiyyatının nümunələri xalqımızın tarixinin müxtəlif dövrlərində işlənə-işlənə parlaq bir inciyə dönüb, əsrlərin sərt sınaqlarından çıxıb, öz dərin mənasını saxlayıb, söz sərrafı, əql və kamal sahiblərinin dilində əsrarəngiz nəğmələrə çevrilib, nəsildən - nəslə keçərək, öz təravətini itirmədən bizə gəlib çatıb.
Bu tükənib-bitməyən baldan şirin suyu olan bulaqdan qay¬naqlanan, bəhrələnən insanlar bir-birindən dəyərli, qiymətli əsərlər yaradaraq bizim üçün ərməğan etmiş, qiymətsiz bir miras buraxıblar. Heç şübhə yoxdur ki, soy-köksüz insan olmadığı kimi, kökü-rişəsi olmayan ədəbiyyat da yoxdur. Aydın məsələdir ki, öz fitri istedadları ilə bütün dünyaya səs salan klassiklərimiz öz möhtə¬şəm əsərlərini folklordan, şifahi xalq ədəbiyyatından qidalanaraq yaratmışlar. Quzey Azərbaycanda olduğu kimi, Güney Azərbaycanda da yazıb-yaradan şairlər, söz sərrafları bu misilsiz xəzinənin ləllərinin parıltısından enerji mənbəyi kimi olduqca məharətlə qidalanaraq bir-birindən gözəl əsərlər meydana gətirmişlər.
Heç şübhəsiz, istər XX əsrin əvvəllərində, istərsə də ikinci ya¬rı¬sında yazıb-yaradan qələm sahibləri öz sələflərinin ənənəsindən geri qalmayaraq bunu ləyaqətlə davam etdiriblər. 1950-1980-ci illərdə fəaliyyət göstərən cənublu şairlər də bu daim əlaçı tələbələr yetişdirmiş məktəbin olduqca çalışqan, fəal şagirdlərinə çevrilərək, eyni zamanda yaşadqları dövrün ictimai-siyasi hadislərini nəzərə alaraq, bədii cəhətdən zəngin əsərlər meydana gətirmişlər.
Ümumiyyətlə, Azərbaycan şeirinin tarixi milli zəmində inkaşıfının bünövrəsi folklordan, folklorun təkanı, minil¬liklərdən keçərək günümüzə ötürülməsində şifahi poeziyanın danışan dili olan aşıq poeziyası önəmli yer tutub. Əgər Azərbaycan şeirinin bir qanadını klassik poeziya təşkil edibsə, o biri qanadını bilavasitə folklorumuzu saz və sözlə XXI əsrə kimi eşq, məhəbbət, sevgi, halallıq, gözəllik, iman, vətən, torpaqsevərlik səmalarında uçurdan aşıq poeziyası olub. O taylı, bu taylı Azərbaycanda aşıq poe¬ziyasının xalqın estetik tərbiyəsində nə qədər böyük bir rol oynadığını və ümumiyyətlə, siyasi-ictimai, əxlaqi və fəlsəfi vəzifələri yerinə yetirdiyi bizə tarixdən çox yaxşı məlumdur. Əgər 1950-1980-ci illərdə aşıq poeziyası ilə məşğul olanlara nəzər yetirsək, buna misal olaraq yaradıcılığında ictimai məna olduqca dərin təfəkkürə və təxəyyülə mailk olan qüdrətli şair Aşıq Hüseyn Cavanı göstərmək olar.
Aşıq Hüseyn Cavan (Hüseyn Mikayıl oğlu) 1917-ci ildə Güney Azərbaycanın Qaradağ mahalının Gərmədiz bölgəsinin Ovtu kəndində dünyaya göz açıb. Misilsiz bir aşıq, irfani bir şair olan, mütərəqqi poeziyanın ən yüksək prinsiplərini canında, qanında yaşadan Aşıq Ələsgəri sənətdə özünə ideal seçmiş Hüseyn Cavan Güney Azərbaycanda milli demokratik hökumətin fəallarından olub, bir əlində silah, bir əlində saz fədailər sırasın¬da vuruşub. Güney Azərbaycan şah qoşunları tərəfindən işğal olunduqdan sonra vətənin bu tayına pənah gətirib. Burada sənətini, dəsti-xəttini daha da təkmilləşdirib və 8 qədər kitabı çap edilib. 1986-cı ildə Quzey Azərbaycanın Goranboy bölgəsində vəfat edən Aşıq Hüseyn Cavanın yaradıcılı¬ğın¬da poetik təsvirlər, fikirlər, obrazlar silsiləsi olduqca aydındır. Aşığın qoşma və gəraylılarında, müxəmməslərində dil, bədii söz, obrazlı ifadə xalqın danışıq dilinə yaxın, təbii və gözəldir, insanın psixoloji vəziyyətinin bədii lövhəsi kimi görünür. Azərbaycanın səfalı və gözəl dağlarına, yaylaqlarına, təbiət mənzərələrinə həsr olunmuş şeirlərini təbii boyalarla qələmə alıb.
Həyat, varlıq, dünya sənətkar üçün daim müşahidə obyektidir, onun hisslərinə, duyğularına, xəyallarına qol-qanad verir. Yaradıcılıqda tematik və bədii forma rəngarəngliyinin bir sirri də elə bundadır. Şübhəsiz ki, həyatla bağlı olan, xalqın yaşayışından və mübarizəsindən ilham alan sənətkar bir mövzuda heç zaman ilişib qala bilməz. Aşıq Hüseyn Cavanın da poeziyası bu gözəl xüsusiyyətə malikdir. O, ictimai-siyasi mübarizələri, təbiət mənzərələrini, mənəvi, əxlaqi problemləri, sevgi və məhəbbət duyğularını əks etdirən şeirlərlə yanaşı, millətin, xalqın, vətənin, torpağın dərdini ifadə edən əsərlər də yaratmış, ayrılıq həsrətini gah dağlara, gah zaman-zaman o taydan bu taya, bu taydan o taya uçub gedən durnalara söyləyib, gah telli sazının hayqırtısı ilə haray çəkib, ən əsası isə klsassik ədəbiyyatımızın qaynaqların¬dan bol-bol şirə almış, zəngin aşıq sənətini dərindən mənimsəmiş sənətkar folklor şeirinin bütün formalarında olduqca mükəmməl əsərlər yaradaraq, eyni zamanda böyük navator kimi aşıq poeziyasını yeni mərhələyə qaldırıb:

Ana yurdum Azərbaycan,
Geniş ümmanlar sənindir.
Göy çəmənlər, yaşıl düzlər,
Qalın ormanlar sənindir.

Nə gözəlsən doğma Vətən,
İlham alıb hər gün səndən,
Təbiəti təslim edən
Bütün loğmanlar sənindir.

Gün kimi hər yana düşən,
Könülləri eyləyən şən,
Gör nə qədər dəyişmisən
Bu xoş zamanlar sənindir.

O taylı bu taylı Azərbaycanda XII əsrdə Xəqani, Nizami, XIII-XVII əsrlərdə Nəsir Bakuvi, Həsənoğlu, Qazi Bürhanəddin, Qazi Zərir, Nəsimi, Şeyx Qasım Ənvar, Şeyx Əlvan Şirazi, Həqiqi, Həbibi, Şah İsmayıl Xətai, Xəlili, Haşimi, Kişvəri, Matəmi, Süruri, Hamidi, Bəsiri, Füzuli, Sadiqi Əfşar, Saib Təbrizi, Məhəmməd Əmani, Şah Abbas Sani, Mövci, Tərzi Əfşar, Dəruni, Təsir, Məlik bəy Ovəci, Vahidi Təbrizi, Murtuzqulu xan Zəfər, XVIII əsrdə Nizaməddin Tufarqanlı, Seyyid Fəttah Marağayi, Hacı Xudaverdi, Topçi, Nəşət Təbrizi, Lütfəli bəy Azər, Elçin Nami, xalq şeirlərinin inkişafında Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Hüseyn xan Müştaqi, Ağa Məsih Şirvani, Şakir Şirvani, Fətəli xan Müştəri, Ağa Hüseyn Arif, Əbdülrəhman Dilbazoğlu, Arif Mustafa ağa, Kazım ağa Salik, Mirzə Məhəmməd Fədai, XIX əsrdə Dəxli Marağayi, Raci, Dilsuz, Qumri, Sərraf, Nəbati, Tuti, Mirzə Əli Ləli, Heyran xanım, Bağır Xalxali, Əsrar Təbrizi, Şukuhi Marağayi, Abbas¬qulu ağa Bakıxanov Qüdsi, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, satirik şeirdə Mirzə Baxış Nadim, Məhəmməd Cəfər Miskin, Qasım bəy Zakir, aşiqanə xalq şeirində Əndəbil Qaraca¬daği, Baba Zikri, Aşıq Valeh, Aşıq Pəri, Mirzəcan Mədədov, Canıoğlu Abdulla, Məhəmməd bəy Cavanşir Aşiq, XIX əsrin ikinci yarısında Mirzə əfəndi Seyid Nəvari, Sağəri, Molla Qasım Zakir, Mustafa ağa Nasir, Asi, Nakam, Hacı Seyyid Əzim Şir¬vani, Xurşudbanu Natəvan və başqa digər sənətkarlar Azərbaycan poeziyasının yükünü ləyaqətlə və şərəflə çiyinlərində daşıyaraq bizlərə miras qoydular. Lakin bu sənətkarlar təkcə Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfələr bəxş etmirdilər. Bunlardan bəziləri mütərəqqi baxışları ilə dünya ədəbiyyatına daxil oldu, bəzilərinin yaradıcılığı bütün müsəlman Şərqini əhatə elədi, bəziləri isə oklean sularına qədər tanındı. Ən çox isə Azərbaycan poeziyası həm ümumtürk poeziyası xəzinəsinə misilsiz töhfələr verdi, həm də olduqca qədim tarixə və mədəniyyətə malik olan İranın ədəbi hərəkatında müstəsna rol oynadı.
Lakin Azərbaycanda ədəbi hərəkatın istiqamətini şərtləndirən geniş ictimai fon, obyektiv tarixi kontekst bütünlüklə Yaxın Şərq idi və şübhəsiz ki, ədəbi inkişafın tarixi funksiyası qarşılıqlı mədəniyyətin təşəkkülü ilə şərtlənirdi...

Vüqar Əhməd,
professor