“Necə əl çəkim?” Mədəniyyət

“Necə əl çəkim?”

Mikayıl Müşviq 1938-ci il yanvarın 6-da güllələnib

Tanınmış şair Mikayıl Müşfiqin faciəli ölümündən 77 il ötür. Müşfiq 1908-ci ildə Bakıda müəllim ailəsində anadan olub. Körpəlikdən anasını, 6 yaşında atasını itirən Mikayıl yetimliyini erkən dadıb. İbtidai təhsilini rus-tatar məktəbində alıb. 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat şöbəsini bitirib, Bakı məktəblərində müəllimliyə başlayıb, "Azərnəşr"də redaktor və tərcüməçi işləyib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub. İlk şeirlər kitabı "Küləklər" üçüncü kursda oxuyarkən çap edilib. 1937-ci ilə qədər 9 kitabı çap edilib. "Çağlayan" adlı kitabını nəşr etdirmək ona qismət olmayıb.
1938-ci il yanvarın 6-da güllələnib. Mikayıl Müşfiq irsinin araşdırıcısı Gülhüseyn Hüseynoğlunun fikrincə, Müşfiqin irsi həmişə yaşayacaq: "Mikayıl Müşfiq itkisi xalq üçün ağırdan ağırdır, yeganə təsəllimiz şairin qoyub getdiyi və xalqımızın göz bəbəyi kimi qoruduğu zəngin ədəbi irsi olub. Mikayıl Müşfiqi bütün nəsillərin çağdaşı edən, həmişə sevdirən onun ürəkdən gəlmiş, səmimiyyətlə dolu poeziyasının xalq ruhu ilə bağlılığı, Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm edib sevdirməsi, vətəndaşlığı, cazibə qüvvəsilə oxucuların qəlbini ehtizaza gətirməsidir. Söz yox, ürəkdən yazdığındandır ki, ürəklərdə yaşayır Müşfiq. Axı bu, onun bir şair kimi ən böyük arzusu idi. Vətəndaş şairdi, cəsarətliydi, uzaqgörəndi Müşfiq. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədris olunması qadağan ediləndə, "İnqilab və mədəniyyət" jurnalı özünün 1929-cu il 2-ci nömrəsindəki "Tar konservatoriyadan çıxarıldı" sərlövhəli xəbərində: "Azərbaycan Dövlət Konservatoriyasını qüvvətləndirmək məqsədilə AXMK bir çox qərar qəbul etmişdir. Bu qərarlara görə, məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planlarından götürülür və konservatoriya yanında olan Şərq orkestrosu ləğv olunur" yazanda Müşfiq sinəsini qabağa verdi, məşhur "Tar" şeirini xalqına bəxş elədi, tarın şöhrətini bir az da qaldırdı. "Tar" şeiri vətəndaş şairin uzaqgörənliyini göstərməklə bərabər, həm də sənətkar cəsarətini numayiş etdirən əsərdir. Ənənənin rolunu düzgün başa düşən, novatorluğu layiqincə qiymətləndirən şair istər şifahi xalq şeirinin, istərsə də klassik şerin poetik formalarına həmişə həssaslıqla yanaşıb, bunların çoxunu: qoşma, gəraylı, bayatı, oxşama, rübai, məsnəvi, üçlük, dördlük (mürəbbe), beşlik (müxəmməs), altılıq (müsəddəs),yeddilik (müsəbbe), səkkizlik (müsəmmən), tərcibənd, tərkibbənd, müstəzad və s. poeziyasında işlədib. Şairin Qərb şeirinin poetik forması olan sonetə biganə qalmadığını, sonetlər yazdığını və yeri düşdükcə özünün də yeni poetik formalar yaratdığını qeyd etsəm, müəllifin bu sahəyə nə qədər böyük əhəmiyyət verdiyi aydınlaşır".
Ədəbiyyatşünas Gülxani Pənahın fikrincə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafındamühüm rolu olan sənətkarımızdır. G.Pənah G.Hüseynoğlunun aqibətcə Müşfiq taleyini yaşadığını bildirir: "Mikayıl Müşfiq yaradıcılığının yenidən nəşrinə gərgin əmək sərf edən qələm sahibi Gülhüseyn Hüseynoğlu Müşfiq taleyinin, Müşfiq dərdlərinin, ağrı-acılarını, həyatının bir sıra məqamlarını yaşamış insandır. O da bir zamanlarstalinizm siyasətinin dəhşətlərini yaşayıb, həbsxanaya atılıb, bəşəri fikirlərlə, amallarla yazıb yaradan Mikayıl Müşfiq kimi ölümə məhkum edilib, ancaq Stalinin "humanizm"i sayəsində SSRİ-də güllələnmə cəzası müvəqqəti ləğv olunduğundan, 25 illik həbs cəzası almış təsadüfi sağ qalanlardan, "baxtı" gətirənlərdəndir. Müşfiq az yaşadığı ömürdə elə əsərlər yazıb qoyub gedib ki, balaca bir şeiri belə xalqı azadlığa, istiqlaliyyətə çağırışdır, hər biri millət, vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir. Mikayıl Müşfiqin, Hüseyn Cavidin, Əhməd Cavadın və adların çəkmədiyim neçə-neçə ədib və sənətkarlarımızın çox zəngin yaradıcılığı var. Onlar özlərinin şəxsi həyatlarını unudaraq xalqı düşünənlərdir. Onların öz amalları, öz yolları var. O yol yalanlardan, şöhrətdən uzaq, uca bir yoldur. Onlar öz əsərlərində ancaq millətini düşünənlər, onu sevənlər, onun gələcəyi üçün narahatçılıq keçirənlərdir".

Uğur