Tale ki var, o sənsən... Mədəniyyət

Tale ki var, o sənsən...

Fikrət Sadıq: "Elə yaşa ki, səndən sonra gələnlərin bəxtinə yazılmasın sənin elədiklərin"

Fikrət Sadığın dünyası insanların vətənidir, "insan diyarıdır". Bu dünyada gördüyü, eşitdiyi, yaşadığı həyat hadisələri, dostlara, övladlara məhəbbət, insana dünyalar qədər əziz olan torpaq, vətən sevgisi, vətən qayğıları, dərdləri, cəmiyyətiə, insanlara səmimi münasibət, dünya-kainat, həyat, ölüm-olum, varlıq, yoxluq, mənəvi zənginlik, mənəvi yoxsulluq, insan əməlləri, yer-göy uyğunluğu tərənnüm obyektidir. Mübarizə meydanına atılmış qəhrəman bəşəriyyətin, dünyanın gələcəyi üçün narahat olduğundan mübarizə meydanından çəkilmir:

Nə qədər ki, müharibə qorxusu var,
Nə qədər ki, gecə-gündüz silah artır,
Nə qədər ki, əsarət var yer üzündə,
yaraşmayır bu ad ona.
İnsanlığa layiq olan
dünya gərək
Yer oğluna.

Bu misralarda günəş kimi yanmağa, azadlıq, səadət, dinclik uğrunda mübarizə aparmağa hazır olan "Yer oğlu"nun narahatçılıqları ümumiləşdirilir. Nə qədər ki, insanlığa, dünyanın dincliyinə qarşı ölüm-dirim müharibələri gedir, dünyanın əşrəfi insanları əsarətdə saxlamaq üçün gecə-gündüz silah-sursat istehsal edilir, insanların başı üzərində müharibə, ölüm-itim burulğanı dolaşır, bu mübariz şair məqsədindən dönməyəcək. Hər misrada, hər beytdə humanist duyğular, arzular, saf əqidə, polad kimi möhkəm, əyilməz, qırılmaz iradə tərənnüm edilir. Narahat mübariz sənətkarın "bəşər üçün, dünya üçün bu dünyaya gələcək övladları" üçün narahatlıq keçirməsinə səbəb dünyanın bu gün əsl döyüş meydanına çevrilməsi, insanların arzu və istəklərinin boğulmasıdır. Şair özü kimi dünyanı, dincliyi, firavanlığı hər şeydən üstün tutan milyonlarla humanist insanların, əqidə sahiblərinin arzu və istəklərini, mübariz duyğularını tərənnüm edir. Fikrət Sadıq bu şeirində dünyanı əliylə, illərlə, min bir zəhmətlə qurub yaratdığı, ocağına, evinə sədaqətli ailə başçısını xatırladır. O insan qürurludur, dəyanətlidir. Bu dünyada qarşılaşdığı ədalətsizliklərin önündə əyilməzdir. Ömründə-həyatında gördüyü əzabların, dərdlərin əlində solub-saralsa da, qanadları qırılsa da vüqarlııdr, qürurludur. Bu qürur, vüqar ona düşmən qarşısında əyilməmək üçün güc, təpər verir. Bu gücün, təpərin, qürurun sahibi insanlığa layiq olan azad, xoşbəxt dünyanı qurmaq istəyən əsl yer oğludur. Bu yer oğlu şairin özüdür. O, dünyanın haqsızlıqları, ədalətsizlikləri içərisində körpəlikdən damla-damla əriyib. İyirmi il ata həsrətiylə yanan, "düşmən oğlusan" tənələri altında əzilən, döyülən, təhqir olunan, hər cür acılığa, səfalətə sinə gələrək bir gün haqq-ədalətin qalib gələcəyinə, təmiz keçmişinin, şaqraq uşaq gülüşlərinin" həbs edilmiş səadəti"nin qayıdacağına ümidini itirməyən odur. Nəhayət, atasının qayıtmasıyla "arzum, muradım qayıtdı", - deyərək qəlbən sakitləşən şairin misralarının dünyanın azadlığa qovuşacağına inam üstündə köklənməsində bir təbiilik, bədii gözəllik var. O mübariz insan taleyin əksinə qarşı çıxmağa çağırdığı insanı əslində mübarizəyə səsləyir. Tale, alın yazısı məfhumlarına boyun əyib, "tale yastığına baş qoyub" yatmağı insan üçün fəlakət sayan şair ("Taleyin acığına") qədər-qismətə boyun əyməməyə, hər kəsin taleyinin öz əlində olduğuna inanmağa, ona verilən ömrü dara düşən anda taleyin ayağına yazıb onun müti quluna çevrilməməyə, hər şeyin insanının öz əlində olduğuna inanmağa, xoşbəxtliyi əldə etmək üçün mübariz olamağa səsləyir:

Tale ki var, o sənsən,
Çatdır işini sona.
Əgər gücün çatmırsa,
yalnız özünü qına.

İnsanı ona verilən ömürdən səmərəli istifadə etməli, "dünyanın taleli yazığına" dönməkdənsə, "ömrünün bu çağı"nın qədrini bilməyi daha üstün tutmalı olduğuna inandırmağa çalışır və bu poetik fikirlərdə böyük həqiqət yaşayır. Fikrət Sadığın insana, dünyaya, taleyə, həyata, ömrə fəlsəfi baxışlarındakı qəribəliklər bu mövzuda yazılmış şeirlərin məzmunun bədii dəyərini artırır. Bu lirizmin poetik imkanları çoxdur. O, "taleyin acığına" insanı daima mübarizəyə, öz səadətini təmin etmək üçün fəaliyyətə, ömürdən gedən illəri ("Ötən ili qarğıma") qınamamağa çağırışında da zəngin poetik imkanlarından yararlanır.
Ömürdən gedən illəri şair bir dastan mövzusuna çevirir. O, ömür dastanıdır ki, insan bu ömrün illərində ağlı-qaralı günlərini yaşayır.
İllər şairin şerində başımızın üstündən "keçən bulud"a bənzədilir. İlləri məhəbbətlə əzizləyən şair bir damla göz yaşı üçün ötən illərdə çəkdiyi qüssəyə görə illəri danlamamağı, onlardan inciməməyi məsləhət bilir. Şairin fikrincə:

Təbiət hər kəsə
ürəyincə verir, ürəyincə.
Ürəyincə verir qəmi,
Ürəyincə verir sevinci,
Ötən ildən əzizim,
nə küs, nə inci.

Şair eyni zamanda ömürdən keçən illəri qarğıyanların nəzər-diqqətini illərin qışı qarlı, yazı bənövşəli, yayı günəşli, payızı nemətli olduğuna cəlb edir. İllər şairin qələmində tarixə çevrilir, poetik donunu geyinir, "yerin boynunda mirvari boyunbağı"ya bənzədilir və bu qüvvətli bənzətmə şerin ahəngini, ritmini artırır, bədiiliyini zənginləşdirir. Şeirə atılan hər bir bədii çalarlar "pis-yaxşı", "ağır-yüngül", "ağ-qara" illərə bəslənən məhəbbətin dəyərini artırmış olur. Bundan şair narahatçılıq keçirir, narahatçılığı ilin ağrıları kimi qəbul edir:

İl əzab çəkə bilirsə,
İlin də ağrıları,
sənin də ağrıların
bu gün dolanıb-gəlib
Mənim ürəyimdən keçir.

Şair insanın əməllərində dünyanı başına götürən şübhələri, xəyanətləri, fəlakətləri, davaları salan iblis əməlləri görür. Şairin fikrincə, Tanrı Adəmi yerə göndərəndə iblis onu oğurlayıb, Adəmin əvəzinə öz adamını dünyaya göndərib. Sanki şair insanlıq adına ləkə gətirə bilən bu əməl sahiblərinin əvəzinə utandığından bu günahları Adəm övladının ayağına deyil, iblisin ayağına yazmaqla insanları islah etməyə çalışır.

Elə o vaxtdan
Çaş-baş salıb hamını.
Odur ki, hər birimizdə bir az iblis var.

Şair bu fəlakətləri törədən insanların Allah tərəfindən cəzasız qala biləcəyindən də qorxur. İnsanlıq naminə, bəşəriyyətin gələcəyi, varlığı naminə narahatlıq keçirir.
Şair insanları yalan danışmamağa, rüşvət almamağa, nəfsini saxlamağa, paxıl olmamağa, insanı qəlbən yeniləşməyə, saflığa çağırır. Çünki şair eşidəndə ki:

Kimsə kimsənin
Kölgəsini belə qılınclayır,
onu heyrət bürüyür...

Şair ("Hirsli şeir") suallarına cavab axtarır. İnsanların bir-birini sevməməyinə, bir-birinə kin-küdurət bəsləməyinə dözməyərək bu qədər nifrətin haradan yarandığını soruşur:

Atam, qardaşım, anam, bacım!
Hara qaçım
bu sualların əlindən?
Harda yuva qurub bu qədər acı?
Beyində, ürəkdə, yoxsa gözdə?

Bu kin-qəzəb, nifrət duyğuları insanları bir-birindən uzaqlaşdırır. Qəlbləri ancaq sevgi, qayğı, mehr-məhəbbətlə dolu olmasını istəyən şairin qəlbində insanlara, elinə, doğmasına, xalqına böyük məhəbbət yaşayır.
O, milli birlik, bərabərlik, səadət istəyir. O, xalqı üçün narahatdır. Onun keçmişini, şanlı tarixini yada salır, ("Tanrı türkü qorusun" şeirində) öz gücü, qüvvəsi ilə "yeri-göyü fəth edib, ulduzlardan bac alan", adını eşidəndə sarısını udan türk xalqına Tanrı köməyi arzulayır. Mənsub olduğu xalqın qalaq-qalaq köhnə dərdlərini yada salıb, Qarabağ, Zəngəzur, Gorus və digər türk torpaqlarının qisasını almağın zəruri olduğunu bildirir. Birlik vasitəsilə "Türkün açılan yarasın sarısın"-deyir. Bu birliklə:

Uşaq kimi aldanan, Qorqud kimi ağıllı,
Dili sərt-hünər dili, bayatılı, nağıllı,
Yer üzünə ulduz tək səpələnib, dağılıb,
Ana yurddu türklərə bu dünyanın yarısı,
Türk özünü qorumur, Tanrım türkü qorusun!

- deyən şair qəlbən narahatlığını verir. Azərbaycaın bütövlüyünü bütün varlığıyla arzulayan və bu arzu-istəkləri tərənnüm edən mahir ustad özü kimi milyonların arzusunu xalq şairi Söhrab Tahirə yazdığı "Qardaş ərki" şeirində daha qabarıq şəkildə, poetik imkanları vasitəsi ilə ümumiləşdirir. Bu ümumiləşmə ilə bu istəklə yaşayanların səsinə səs verir:

Söhrab əmi!
Bilirəm,
dilin söz tutandan,
əlin qələm.
Sözlərini sap eləmisən,
qələmini iynə.
Tikmək istəyirsən hey.
İki Azərbaycanı
bir-birinə.

"Vətən marşı" şeirində şair bütün Azərbaycanın birliyini tərənnüm etməklə yanaşı, dünyanın diqqətini Azərbaycanın bu gününə yönəltməyə çalışır. Qarabağın, Şuşanın, Xankəndinin, Zəngilanın, Kəlbəcərin, İrəvanın, Zəngəzurun türk torpağı olduğunu diqqətinə çatdırmaqla gedən mübarizənin "Anayurd" davası olduğunu bildirir, Vətənə məhəbbət, onun dərdlərinə qayğı hissiylə yanaşır, başına gələn müsibətlərə dözməyir, düşmənə kini-nifrəti coşub çağlayır, millətin gözündəki qəflət pərdəsini yırtıb, günün, vaxtın, zamanın çatdığını, ağlayıb sısqamaqdansa döyüşə qalxıb ya o torpaqları geri almağı, ya da o torpaqlara həsrətlə yaşamaqdansa bütünlüklə məhv olmağı daha üstün tutur. Bu şeir əsl çağırışdır, hayqırtıdır, qəzəbdən, həsrətdən, qeyrət hissindən doğan yanğıdır, təəssüf dolu qəzəbdir:

Nə ağlayıb sıtqamaq,
nə də gülmək çağıdır.
Daha qeyrətə gəlmək,
kara gəlmək çağıdır.
Bunu bilmək çağıdır,
O doğma torpaqlara
həsrət yaşamaqdansa
ellik ölmək çağıdır!

Fikrət Sadıq bu mövzuda yazdığı şeirlərində yalnız ümidsizliklərə qapılıb qalan şair deyil, əksinə, gözləmə mövqeyi tutmaqdansa, hər dəqiqənin, hər anın qədrini bilib, ana vətənin əldən getmiş torpaqlarını azad edib, bütöv Azərbaycanın istiqlaliyyəti, ərazi bütövlüyü naminə bu gün silahlanıb ölüm-dirim mübarizəsinə qalxmaq zamanının çatdığını çar çəkən alovlu mübarizdir. Bu gün torpaqları əldən getmiş milyonlarla qaçqın və didərginlərimizin qəlbində Vətən həsrəti göz yarası kimi içləri göynədir. O yara bu gün sağaldılmalı, düşmənə bu gün qəlblərdə bəslənən kin, nifrət qəzəb hissindən yararlanıb, bu gün taleyüklü məsələləri həll etmək lazımdır. Bu çağırışdır:

Bunu bilmək çağıdı.
Günün də o günüdü.
Vaxtın da o vaxtıdı.

Vətəniylə fəxr edən şair eyni zamanda qüssəylə ondan ayrı düşən Dərbəndə, həsrətində olduğu Təbrizə, tapdaq altında qalan Zəngəzura, Dərələyəzə, Qarabağa nəzər salır, "biçildik və kiçildik ilbəil oraq altda" misrasında əldən gedən torpaqlar üçün göynəyir...

Gülxani Pənah