Aşıq Qəşəmin və Muradəli Qureyşinin yaradıcılığı Mədəniyyət

Aşıq Qəşəmin və Muradəli Qureyşinin yaradıcılığı

Aşıq Qəşəmin səsi-sorağı, nəfis əsərləri təkcə Güney Azərbaycanda deyil, Quzey Azərbaycanda da çox geniş yayılıb. Quzey Azərbaycanda əsl xalq adət-ənənəsi ilə keçən elə bir toy-düyün, el şənliyi yoxdur ki, orda Aşıq Qəşəmin əsərlərindən heç olmasa biri səslənməsin. Aşıq Qəşəmin əsərlərində işıqlı, nikbin, mənəvi hisslərin tərənnümü, milli dəyərlərin mənalandırılması onun yaradıcılıq səyininin parlaq təzahürüdür. Söz yox ki, Aşıq Qəşəm xalq poeziyası formalarını doğma balası kimi qucağına sıxan sənətkarlardandır. Onun dəsti-xətti məhz xalq şeiri üstündə bərqərar olub. Lakin istedadlı şair formanı necə deyərlər, əzizləyib saxlasa da, onun şeirlərindən alınan təəssürat poetik axarı, üslub və fərdi müxtəlifliyi səciyyələndirmək baxımından olduqca diqqətəlayiqdir. Şairin poeziyasında ifadəli təşbihlərlə, dolğun istiarələrlə yanaşı, atalar sözləri, zərb misallar olduqca böyük əhəmiyyət kəsb edir. Bir sözlə, Aşıq Qəşəm əsl xalq şairidir, belə ki, onun hər misrasında xalqın həyatı, məişəti, tarixi, mədəniyyəti, təbiəti yaşayır. O, öz lirik "mən"ində bütöv xalqın xarakterini, düşüncələrini, fikirlərini, hisslərini, eyni zamanda əyilməzliyini, qürurunu, vüqarını, əzəmətini və mənəvi keyfiyyətlərini ifadə etməyi bacarır.
Çoxlarına məlumdur ki, güneyli, quzeyli Azərbaycan xalqının böyük oğlu Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Hökumət dövründə Güney Azərbaycanda xalq adət-ənənələri, dil, ədəbiyyat və tariximizlə bağlı olan bir çox cəhətlər bərpa edildi, canlandırıldı. Ancaq bu, çox çəkmədi. Bütün ermənilər və damarlarından erməni qanı axan məxluqlar kimi məkr dağarcığı olan Mikoyanın olduqca riyakar siyasəti və fitnə-fəsadı nəticəsində Milli Hökumət faciəvi şəkildə süqut etdi. Bundan sonra subyektizm, volyuntarizm və şovinizm təzahürləri yenə də öz işini görməyə başladı. Yenə də xoşagəlməz hadisələr, neqativ hallar baş alıb getdi, yalan, haqsızlıq nəticəsində sosial ədalət prinsipləri kobud şəkildə pozuldu, Azərbaycan xalqının mənafeyinə zidd olan iradi hökm və qərarların yayıldığı, kök saldığı bir şəraitdə xalqın adına da böhtanlar atıldı. Qara qüvvələr qədim köklə bağlı olan anlayışların əleyhinə çıxdılar. Fars şovinistləri azərbaycanlıların türk mənşəli bir xalq olduğunu çox gözəl bilirdi.
Azərbaycan türk torpağı olmaqla yanaşı, azərbaycanlılar hələ eramızdan əvvəlki dövrlərdən İran ərazisində yaşamışlar və farslarla birlikdə İranın da əsl sakinləri sayılırlar. Bu da azərbaycanlıların çox qədim dövr¬lərdən bəri bu torpaqların sahibi olduğunu sübuta yetirir. Bütün bunları yalnız bir məcraya yönəltmək üçün ən asan variant da İranın sırf farslara aid bir məmləkət olduğunu qeyd etmək, azərbaycanlıların gəlmə olduğunu aləmə car çəkməkdir. Lakin həm fars şovinistləri, həm də İranda nüfuza sahib olan ermənilər unudurdular ki, bir xalqın folkloru, adət-ənənəsi onun hansı mədəniyyətə, hansı tarixə, eyni zamanda hansı mənəviyyata malik olduğunu şərhsiz bəyan edir. Bütün dünyaya məlumdur ki, ermənilərin folkloru yoxdur və bu da onların zatən bir xalq kimi hələ də formalaşmadığını sübuta yetirməkdədir. Azərbaycan xalqının folkloru, adət-ənənələri o qədər zəngindir ki, dünya xalqları bununla tanış olarkən yalnız heyran qaldıqlarını bildirir və bu xalqın tarixinin dünyanın yaşı ilə yaşıd olduğunu ehtimal edirlər.
Bu da çoxlarına məlumdur ki, 1948-ci ildə İran şahı Azərbaycan dilində danışmağı qadağan etmişdi və əmr vermişdi ki, İranda türk dilində, yəni Azərbaycan dilində olan istər elmi, istərsə də bədii əsərləri, kitabları yandırsınlar. Bu ədalətsizliyə dözə bilməyən Azərbaycanın böyük şairi Səməd Vurğun sərrast təşbihlərlə, ifşaedici ifadələrlə İran şahına belə bir cavab vermişdi:

Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar,
Min kamalın şöhrətidir, min ürəyin arzusu.
Biz köçürük bu dünyadan, onlar qalır yadigar.
Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu,
Min kamalın şöhrətidir, min ürəyin arzusu.

..Söylə, sənmi xor baxırsan mənim şeir dilimə?
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!
Sənmi "türkəxər" deyirsən ulusuma, elimə?
Dahilərə süd vermişdir Azərbaycan gözəli!
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!

Bir varaqla tarixləri, utan mənim qarşımda,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Koroğlunun, Səttərxanın çələngi var başımda.
Nəsillərim qoymayacaq daş üstündə daşını;
Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Məlum məsələdir ki, İran şahının azğınlılğı 50-ci illərdə də baş alıb gedirdi və bu dövrdə yazıb-yaradan azərbaycanlı şairlər bəzən hansı millətdən olduqlarını danmağa məcbur olurdular. Lakin onların qəlblərində, ruhlarında Azərbaycançılıq daim yüksək mövqedə olduğu kimi, yenə çox yüksək pillədə idi və qəlbləri bir fars və yaxud başqa bir millət kimi deyil, bir azərbaycanlı kimi döyünürdü. Buna rəğmən şeirlərində sözaltı mənalarla, dərin mənalı priyomlarla, hər bir arif insanın dərhal anlayacağı, fəqət əbləhin başa düşməyəcəyi ifadələrlə bu ədalətsizliyi, haqsızlığı tənqid edir, eyni zamanda harınlıqdan yolunu azıb meşşanlaşmış İran şahına həcvlər yazırdılar.
1934-cü ildə Qaflanti kəndində yoxsul bir ailədə anadan olmuş Muradəli Qüreyşi istər İran şanına, istərsə fars şovinistlərinə, istərsə də onlara güvənən riyakar ermənilərə qarşı öz yaradıcılığında sərt nidalarla, kəskin təşbehlərlə, eyni zamanda rəziledici həcvlərlə mübarizə aparıb. Belə ki, onun bütün bədii irsini gözdən keçirərkən bunun şahidi oluruq.
"Çəkil qara duman" şeirində qürurla "Azər eli", "Azər ölkəsi" ifadələrini vurğulayan Muradəli Qüreyşi "Utan xalqımızdan dedim düşmənə" şeirində İran şahının bütün günahlarını, cinayətlərini mirvari tək düzdüyü misralarda bəyan edir, oxucu bu dəqiqə misraların iti bir oxa çevrilib İran şahının bədəninə sancılacağını zənn edir:

Utan xalqımızdan dedim düşmənə,
Artırma zülümü haqq söz deyənə.
Bir gün də qalib gələrik sənə,
Boynunu burmağa macalın olmaz,
Bir su ki töküldü, yerinə dolmaz.

Neçə il millətin qanın sorubsan,
Neçə qəhrəmanın boynun vurubsan,
Hər zaman xəlq üçün tələ qurubsan,
Ayılıb bu millət yuxudan durar,
Bütün qan içənin boynunu vurar.

Muradəli Qureyşi bu şeirdə İran şahını poeziya neştərilə neştərləməklə yanaşı xalqının şahın düşündüyü qədər də aciz olmadığını, bir gün ayağa qalxıb intiqam alacağını və bundan ötrü onda bütün lazımi keyfiyyətlərin olduğunu vurğulayır.
Şair eyni zamanda poetik ifadələrlə xalqın tez-tez işlətdiyi folklor qaynaqlarını özünəməxsus biçimdə cilaladığı aforizmlərlə şeirinin məna tutumunu artırır: "Bir su ki, töküldü yerinə dolmaz", "Zülm yerdə qalmaz",- kimi aforizmlər xalqın milli dəyərlərinin göstəricisi kimi də şeirə xüsusi bir gözəllik verir.
50-ci illərdə Güney Azərbaycanda azərbaycanlı şairlərin əsərlərində azərbaycançılığı qoruyub saxladığı, eyni zamanda milli-mənəvi dəyərləri nümayiş etdirdikləri üslub xalqın adət və ənənələri idi.
Hər zaman söyləndiyi kimi, bütün Türk Dünyasının ən görkəmli simalarından birinə çevrilmiş Məhəmmədhüseyn Şəhriyar hər zaman bilavasitə xalq adət-ənənələrinin parlaq şəkildə göstəricisi olub. Belə ki, Şəhriyarı adət-ənənələrsiz, adət-ənənələrmizi də Şəhriyarsız təsəvvür etmək mümkün deyil. Şəhriyarın demək olar, elə bir əsəri yoxdur ki, orda adət-ənənələrimizin iyi gəl¬məsin və məhz bu adət-ənənələrlə azərbaycanlı olduğumuzu xatırlatmasın.
Yaradıcılığı boyu folklor ənənələrinə söykənən Məhəmməd¬hüseyn Şəhriyar, bu ənənələrdən olduqca incəliklə, dəqiqliklə isti¬fadə edərək bədii məqsədinə müvafiq surətdə dəyişərək əsərlərinə qiymətsiz ləllərlə bəzənmiş formalar geyindirib. Şairin əsərlərini xarakterizə etdikdə, onun xeyli nağıl, rəvayət, dastan mötivləri, folklor deyim tərzləri, sayaçı sözlər, atalar sözləri, zərb-məsəllərdən və s. olduqca peşəkarcasına, məharətlə faydalandığını görürük:

Heydərbaba, gecə durna keçəndə,
Koroğlunun gözü qara seçəndə,
Qıratını minib, kəsib-biçəndə,
Mən də burdan tez mətləbə çatmaram,
Eyvaz gəlib çatmayınca yatmaram.

Şübhəsiz ki, burda dahi şairin Azərbaycan xalqının qəhrə¬man¬lıq rəmzinə çevrilmiş Koroğlunun dilindən "Eyvaz gəlib çatma¬yınca yatmaram" ifadəsi ailə-məişət sahəsində ta qədim zaman¬lardan bəri təsbit olunmuş qaydalardandır ki, polad iradəli, cən¬gavər Koroğlu belə bir ata olduğu üçün oğlu Eyvazdan nigarandır və Eyvaz gəlib çatmayınca yuxu nə olduğunu bilməyəcək...
Övladdan nigaran qalmaq xalqımızda sadəcə olaraq psixoloji bir hissiyyat deyil. Bu, xalqın yaddaşında, düşüncəsində, ruhunda gen vasitəsilə yaşatdığı bir hissdir. Məlum məsələdir ki, Azərbaycan xalqında övladından nigaran qalmayan bir valideyni biganə, laqeyd, duyğusuz hesab edirlər. Bu cəhətdən də böyük şair igid Koroğlunun dilindən bu cür gözəl ənənəni də bədii boyalarla gözəl bir şəkildə əks etdirib.
Məhəmmədhüseyn Şəhriyar xalqımızın adət- ənənələrinə mü¬kəmməl surətdə bələd idi. Əlbəttə, başqa cür ola da bilməzdi. Xalqın içindən çıxmış, xalqın içində böyümüş, hər adəti, ənənəni öz içində yaşatmış, eyni zamanda bütün bunları həyatının mənası hesab etmiş şair, olduqca qədim və zəngin mədəniyyətə, tarixə malik olan xalqının məişətinə, milli xüsusiyyətinə bütün incəliklərilə bələd olmaya bilməzdi.
Elə təkcə Novruz bayramı ərəfəsində çox sayda adət-ənənələr nümayiş etdirən xalq, heç bir şeyi nəzərdən qaçırmayan, vətənpərvər və həssas qəlbli Şəhriyar üçün əvəzolunmaz bir qaynaq, suyu heç vaxt qurumayan bir çeşmə idi. Hamıya məlumdur ki, Novruz bayramı xalqın həyatını, məişətini, adət-ənənələrini olduqca qabarıq şəkildə özündə əks etdirir. Şəhriyar artıq bütün türk dünyasının poeziya bayrağına çevrilmiş "Heydərbabaya salam" poemasında Novruz bayramı ilə əlaqədar adət və ənənələri olduqca poetik lövhələrlə oxucunun qarşısında nümayiş etdirir.
Dahi şair elə təkcə bu beş misrada Novruz mərasiminin bütün görüntüsünü əks etdirir. Məlumdur ki, bayramqabağı qızıl palçıq əzirlər, naxış vurub otaqları bəzəyirlər, həyət-bacanı səliqəyə salırlar, divarları ağardırlar, taxçalara düzmələri düzürlər, eyni zamanda pəncərələrin, qapıların pərdələrini, tüllərini dəyişib təzələyirlər. Qız-gəlin əlinə həna yaxır və qız köçürmək istəyən ana, eyni zamanda gəlin gətirmək istəyən qayınana həyata, dünyaya yeni həvəs, şövq ilə baxır....

Vüqar Əhməd
professor