Dillərin qarşılıqlı təsiri Mədəniyyət

Dillərin qarşılıqlı təsiri

Dil milli kimliyin, yerli mədəniyyətin təcəssümü kimi sosial davranışı və yaradıcılığı idarə edir


İngilis alimi D.Kristal "İngilis dili qlobal dil kimi" əsərində yazır ki, dünyanın 70-dən çox ölkəsində ingilis dili rəsmi dil statusu qazanıb. Həmin müəllifə görə dünya əhalisinin 2 milyarddan çoxu ingilis dilindən ünsiyyət vasitəsi kimi istifadə edir. Onlardan 1,4 milyardı bu dildən birinci dil kimi, 735 milyona qədəri isə ikinci dil kimi istifadə edir. İngilis dilindən xarici dil kimi istifadə edənləri də buraya əlavə etsək görərik ki, dünya əhalisinin yarısı ingilis dilində danışır.
Biz "Dil" kitabımızda planetimizin dil mənzərəsini açıb göstərməyə cəhd göstərmişik. YUNESKO-nun "Dünya dilləri təhlükədə" atlasında təxminən 2500 dildən danışılır. Yuxarıda verdiyimiz rəqəmlə bu rəqəm arasında fərq bəzən bu və ya digər dilin müstəqil olması və ya hansısa dilin dialekti olması ilə izah oluna bilər. Hindistanda 1971-ci il məlumatına görə 1652 dil qeydə alınmışdısa, 20 il sonra bu 418 dil oldu. Burada adlandırma da mühüm rol oynayır. 6000-dən artıq dilin bu gün 4000 adı var. Avropada ingilis, fransız, ispan, alman və s. dillər çoxmilyonlu xalqların dilləridir. Ancaq dünyada əksər dillərdə minlərlə adam danışır. Dünyada yalnız 300 dili milyonluq dil adlandıra bilərik. Papua Nigeriyasında 1996-cı ildə 4 milyon əhali 3 rəsmi dildən istifadə edirdi (ingilis, Tok Pisin və Motu). Ancaq bu ölkədə ümumilikdə 826 kiçik və xırda dil var. Onlardan bəzisində 900-1000, 800-900 adam danışır, bəzən 10 və bir qədər də az (alman alimi H.Haarman 5 belə dil adı çəkir) adam danışır. Dillərdən 9-u ölüb getmiş dildir. "Dillər qəbiristanlığı" adlandırılan Avstraliyada 10 və daha az adamın danışdığı 105 dil qeydə alınıb. 32 dildə isə bircə nəfər danışan qalıb. H.Haarmana görə XXI əsrdə dillərin 40 %-i öləcək.Bunların da arasında hərəsində bir və ya 10 nəfərin danışdığı dil olacaq ki, bu dillərdə həmin insanlar öz nənə-babaları ilə ünsiyyətə girə bilirlər. Bəzi dillər, məsələn, sanskrit və həbəş (İsraildəki ivrit dilinin əcdadı) yalnız filmlərdə qalıb. İmperiyaların çökməsi dil siyasətinə güclü təsir göstərir. Keçmiş Sovetlər birliyində 1971-ci ildə ölkə əhalisinin 42 %-i, 61,2 milyon rus dilini ikinci ana dili hesab edirdi. Hətta rus dilinin birinci rəsmi dil olduğu Qazaxstan kimi ölkələrdə indi vəziyyət tamam dəyişib.
Qloballaşma vahidlik üçün mühüm amildir. Bu qloballaşma ingilis dilini dünya dili statusuna qaldırdı. Ancaq qloballaşma əks təsir də göstərir. Xırda xalqlar heysiyyət məsələsini ortalığa ataraq milli məhdudiyyəti hər cür əsaslandırmağa, dili milli kimliyin simvoluna çevirirlər. Bu, hətta yeni dillərin meydana gəlməsinə səbəb olur. Yuqoslaviya dağılanda uzun müddət müvafiq olaraq kiril və latın əlifbasında yazmış serblər və xorvatlar tam ayrılaraq iki dil əmələ gətirdilər. XIX əsrdə olduğu kimi, indi də dil vətənlə ana dilini vəhdətdə götürür. Həmin elə Yuqoslaviya ərazisi olan Kosovoda serb dili dominant idi. Hazırda isə alban dili müstəqilliyin rəmzinə çevrilib. Bəzi hallarda dil siyasi alət kimi xalqları əzmək, tabe etmək funksiyası daşıyırdı, məsələn, keçmiş sovetlər birliyində. Bəzi hallarda isə dil təzyiq vasitəsi olmur. Məsələn, Avstraliyada aborigenlərin dilləri məktəbdə tədris olunur. Finlandiyanın Laplandiya bölgəsində 2400 adamın danışdığı dil universitetdə öyrənilə bilər. İsveçrədə latın mənşəli retoroman dili 1938-ci ildən ölkənin 4-cü rəsmi dili kimi tanındı.
Qeyd edək ki, dil müxtəlifliyi hələ uzun müddət planetimizin canlı mənzərəsini nümayiş etdirəcək. Ancaq o da düzdür ki, dünya əhalisi hazırda təkdilliliyə doğru inamla irəliləyir. Digər tərəfdən, dil milli kimliyin, yerli mədəniyyətin təcəssümü kimi sosial davranışı və yaradıcılığı idarə edir. 2012-ci ildə Bakıda keçirilən mahnı yarışmasında (Avrovijində) hər iki meyil aydın nəzərə çarpırdı. Birinci yeri ingiliscə oxuyan İsveç nümayəndəsi tutdu. İkinci yeri isə Udmurtiyanın Buranov vilayətindən olan nənələr nəinki ölüb getməkdə olan fin-uqor dilində danışırdılar, hətta öz mahnıları ilə yaxşı reklam elədilər. O zaman 120 milyon insan hadisələri ekranlarda izlədilər. Nəticədə birinci meqameyil-təkdillik üstünlük qazandı. Ancaq eyni zamanda ikinci meqameyil, yəni qlobal dildə səslənməyən mahnı ikinci yerə çıxdı. Deməli, unikal, ekzotik dillərlə (məsələn, balkanlarda 143 dil qeydə alınıb ki, onların çoxunun adını bilmirik) vahid mövqe qazanan qlobal ingilis dili arasındakı dilemmanı həll etmək o qədər də asan deyil. Avropada böyük dillərin əksəriyyəti XIX əsrdə geniş tədqiq olunaraq genetik cəhətdən qohumluğu müəyyən edildi və onların ümumi adı hind-Avropa dilləri adlanır (almanlar adətən bu dilləri hind-german dilləri adlandırırlar). Dilçilik elminin qənaətinə görə bu dillərin daşıyıcıları tarixə iki çay arasından (İraq) çıxmaqla Şimala-Avropaya və Cənuba –Hindistana səpələnmişlər. Əvvəlki dövrlərdəki kimi Avropa dilçiliyi sözləri semantik və formal cəhətdən müqayisə edərək (məsələn, almanca "drei", ingiliscə "three", fransızca "trois", rusca "tri" və s.) etimoloji axtarışlarla məşğul olmur. İndi dilçiliyi dillərin mənşəyi yox, onların qarşılıqlı təsiri və gələcək perspektivi maraqlandırır və Avropada "avroş" ümumi dilinin gələcəyilə bağlı proqnozlar verir. Avropada müəyyən mənada dilin homogen olmasından danışmaq olar. Ancaq bununla yanaşı bu gün Avropanın istənilən ölkəsində, o cümlədən Almaniyada, geniş miqrasiya dalğası dil müxtəlifliyini qaçılmaz edir. Azərbaycanda miqrasiya dalğası böyük olmasa da, ölkədə çoxdilliliyin şahidi oluruq. Bir tərəfdən ölkədə etniklərin dilləri (lahıc, tat, ləzgi, rutul, avar, talış və s.), digər tərəfdən, müstəqillik nəticəsində ölkəmizin dünya xalqları və mədəniyyətlərilə mədəni, siyasi, ticari, iqtisadi və s. sahələrdə intensiv əlaqələr yaratması multikulturalizmin və multudilliliyin genişlənməsinə gətirib çıxardı.
Alman hökuməti 2011-ci ilin sonlarında verdiyi rəsmi statistikaya görə, orada 15,3 milyon miqrant olub. Onların 6,7 milyonu alman vətəndaşlığı olmayan "əcnəbi"lərdir ki, öz dillərini yaşatmaqla bərabər alman dilini öyrənir və bu dildə danışırlar. Təxminən 2,5-3 milyon türk, azərbaycanlı və digər türkdillilər və qafqazlılar Almaniyada yaşayıb- yaradırlar. Keçmiş Yuqoslaviyadan gələnlər də öz dillərini (xorvat, serb, alban və s.) qoruyub saxlamağa çalışırlar. Mərakeşlilər, tunislilər, berberlər və s. ərəb dilində danışır. Bolqarlar, çexlər, ruslar, slovaklar, ukraynalılar, beloruslar slavyan mədəniyyətinin daşıyıcılarıdır. Buraya Şimali Avropadan (estonlar, finlər, litovlar, latışlar), Yaxın Şərqdən (livanlı, misirli, iraqlı, yordaniyalı, fələstinliləri, farsları, əfqanları, pakistanlıları, çinliləri, vyetnamlıları, yaponları, koreyalıları, filippinliləri, tailandlıları, israilliləri, kanadalıları, norveçliləri, isveçrəliləri, amerikanlıları və s.-ni əlavə etsək, burada dil mənzərəsinin rəngarəngliyinin nə qədər böyük olduğunun şahidi olarıq. Son məlumatlara görə AFR-də 140-dan artıq ölkədən insanlar gəlib yaşayırlar. Almaniya dünyada ən böyük sayda miqrantlar olan ölkədir. Təbiidir ki, belə bir ölkədə çoxdillilik və vahiddillilik problemi həmişə cəmiyyəti maraqlandırır.
Beləliklə, görürük ki, planetimizin dil mənzərəsi həddindən artıq rəngarəngdir və bu gün dillərin qarşılıqlı təsirini öyrənmək sosiodilçiliyin mühüm vəzifələrindəndir.


Fəxrəddin Veysəlli,
filologiya üzrə elmlər doktoru, professor