“Cənub axını“nın tikintisi bərpa oluna bilər İqtisadiyyat

“Cənub axını“nın tikintisi bərpa oluna bilər

Cənub axını" qaz kəmərinin tikintisi bərpa oluna bilər. B u barədə "RİA Novosti" Bolqarıstanın "Standard" qəzetinə istinadən xəbər verir.
Qəzetin yazdığına görə, Bolqarıstanın baş naziri Boyko Borisova belə "siqnal" Rusiyadan gəlib.
"Cənub axını" qaz kəmərinin tikintisi iki səbəbdən bərpa oluna bilər. Bunlar Rusiya və Türkiyə münasibətlərinin qəflətən pisləşməsi və Çin iqtisadiyyatındakı durğunluqdur. Sonuncu amil "Sibirin gücü" qaz kəmərinin tikintisinə mane olur. Cənub yolu ilə Avropaya təbii qazın çatdırılması ilə layihənin bərpa olunması Avropa İttifaqının tələblərinə cavab verəcək", - deyə nəşr yazır.
Qəzet "Cənub axını" layihəsinin yanvarın sonunda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Rusiya-Bolqarıstan iqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında müzakirə olunacağını da yazıb.
Qeyd edək ki, "Cənub axını" qaz kəmərinin tikintisi 2014-cü ilin dekabrında Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra dayandırılıb. Layihənin dəyəri 15,5 mlrd. avro təşkil edir. Bu kəmər vasitəsi ilə Avropaya gündəlik olaraq 67 mlrd. kubmetr qaz göndərmək mümkün ola bilər.