“Mərkəzi Bank banklara sərbəstlik verməlidir” İqtisadiyyat

“Mərkəzi Bank banklara sərbəstlik verməlidir”

"Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur ki,
uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə
alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması məqsədilə "üzən məzənnə rejiminə"nə keçid barədə qərar qəbul edilib.
Bu keçid taktiki olaraq makroiqtisadi manevr xarakterini daşıyıb, strateji olaraq isə milli iqtisadiyyatın şaxələndirilməsi strategiyasının dəstəklənməsinə yönəlib.
Artıq 1 həftədir ki, ötən ilin dekabrın 21-dən elan etdiyi "üzən məzənnə" siyasətinə keçiddən imtina edən Mərkəzi Bank valyuta bazarında formalaşdırdığı hazırkı situasiya ilə özünü daha pis vəziyyətə salıb".
Bunu iqtisadçı Qubad İbadoğlu bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank apardığı yanlış məzənnə siyasətini davam etdirərsə, tezliklə valyuta bazarına da nəzarəti itirə bilər:
"Əvvəlcə mübadilə məzənnəsini formalaşdırmaq üçün banklara sərbəstlik verən Mərkəzi Bank, sonradan mübadilə məzənnəsinin dəyişməsi, 4 faizlik marja ilə limitləşdirməklə geriyə addım ataraq bəyan etdiyi prinsiplərə də zidd getdi. Bu da onun valyuta bazarında gedən proseslərə təsir imkanlarını zəiflədərək, 20 ildən sonra yenidən "qara valyuta bazar"ının yaranmasını şərtləndirdi".
Ekspert deyib ki, hazırda Azərbaycan manatının ABŞ dollarına və Avroya qarşı məzənnəsində müşahidə olunan "qara bazar" məzənnəsi rəsmi məzənnədən 50 faizədək yuxarıdır: "Bu göstərir ki, Mərkəzi Bank inzibatı yollarla banklarda və mübadilə məntəqələrində dollar qıtlığı yaratdığı bu fərq daha da böyüyəcək. "Qara bazar" daha əlverişli mübadilə məzənnəsi təklif etməklə cəlbediciliyini artıracaq. Hətta dollarını satmaq istəyənlər belə banklara və ya onların mübadilə məntəqlərəinə deyil, "qara bazar"a üz tutacaqlar.
Dekabrın 1-ə olan məlumata görə, valyuta ilə depozitlərin cəmi əmanətlərdə 76 faizə çatması ilə pul kütləsinin tənzimlənməsinə təsirini getdikcə itirən Mərkəzi Bankın valyuta bazarında da imkanları məhdudlaşır və manat üçün daha pis perspektiv vəd edir. Odur ki, Mərkəzi Bank bazarda real olaraq formalaşan məzənnəni etiraf etməli və mübadilə məzənnəsini formalaşdırmaq üçün banklara sərbəstlik verməlidir".