“AZAL özəlləşdirilməlidir” İqtisadiyyat

“AZAL özəlləşdirilməlidir”

Vüqar Bayramov: "Çünki AZAL-la bağlı ən ciddi məsələlərdən biri xərclərin yüksək olması və korporativ idarəetmə sisteminin formalaşdırılmaması ilə bağlıdır"

"İndiki iqtisadi vəziyyətdə özəlləşdirmənin həyata keçirilməsinin üç mühüm məqsədi var. Birinci məqsəd ölkəyə investisiyanın cəlb edilməsi ilə bağlıdır. Prezident xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsinin əhəmiyyətindən danışdı. Eyni zamanda, xarici investorların özəlləşdirmə prosesində iştirakının artırılmasında marağın yaradılması, fəaliyyətin həyata keçirilməsi ilə bağlı tapşırıqlarını verdi. Məqsəd yalnız yerli deyil, həm də xarici investorların cəlb edilməsi yolu ilə ölkəyə valyuta axınına nail olmaqdan ibarətdir". Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ölkəyə valyuta axınının olmasına ehtiyac var: "Valyuta axını isə birbaşa xarici investorların ölkəyə daxil olması ilə mümkündür. İkinci əsas məqsəd özəlləşdirmə nəticəsində büdcəyə daxilolmaları artırmaqdan ibarətdir: Neftin dünya bazarında qiyməti aşağı düşdükcə Azərbaycanın dövlət gəlirləri son bir ildə 3 dəfə azalıb. Büdcə gəlirlərinin artırılması üçün əlavə gəlir mənbələrinin müəyyənləşdirilməsinə və istifadə edilməsinə ehtiyac var. Əlavə gəlir mənbələrindən biri də özəlləşdirmədir. Özəlləşdirmə dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına imkan yarada bilər.
Sonuncu məqsəd isə idarəetmədə çevikliyin formalaşdırılmasıdır. Xüsusilə tənzimlənən qiymətlər olan sektorlarda özəlləşdirmə prosesini həyata keçirməklə daha çevik idarəetmə sisteminin formalaşmasına nail olmaq, qərarların verilməsi prosedurlarının şəffaflaşdırılmasını həyata keçirmək mümkündür. O baxımdan əslində özəlləşdirmə prosesinə yalnız dövlət mülkiyyətinin özəl mülkiyyətə keçməsi kimi baxmaq düzgün olmazdı. Çünki bu həm də qeyd etdiyim üç əsas məqsədi ehtiva edir".
Vüqar Bayramov bildirib ki, ilk olaraq "Azərbaycan Hava Yolları"nın (AZAL) özəlləşdirilməsinin vacibdir: "AZAL-ın səhmlərinin ən azı 49 faizinin özəlləşdirilməsi və satılmasını təklif etmişdik. Çünki bu, vəsait əldə etmək cəhətdən vacibdir. Xarici investorları bu tip şirkətlərin özəlləşdirilməsinə cəlb etmək asandır. Həm də bu, korporativ idarəetmə sisteminin formalaşdırılmasına kömək etmiş olacaq. Çünki AZAL-la bağlı ən ciddi məsələlərdən biri xərclərin yüksək olması və korporativ idarəetmə sisteminin formalaşdırılmaması ilə bağlıdır. Özəlləşdirmə daha yaxşı idarəetmə sisteminin formalaşmasına imkan verə bilər.
Enerji sektorunda özəlləşdirmənin davam etdirilməsinin tərəfdarıyıq. "Azərenerji"nin səhmlərinin mərhələli özəlləşdirilməsi mümkündür. Çünki bu, vəsait cəlb etmək imkanlarına malikdir. Kommunal xidmətlərin, o cümlədən "Azərsu"nun özəlləşdirilməsinə ehtiyac var. Çünki kommunal xidmətlərin göstərilməsində xüsusilə bu ilin qış aylarında problemlər müşahidə olundu. Bu da birbaşa idarəetmənin çevik olmadığını göstərdi. O baxımdan idarəetmədə çeviklik yaratmaq üçün bu sektorlarda da özəlləşdirmənin aparılmasına ehtiyac var".
O əlavə edib ki, rabitə sektorunda fəaliyyət göstərən bəzi dövlət şirkətlərinin özəlləşdirilməsinin də mümkündür: "Mövcud mülkiyyət növlərinə baxsaq, qeyd etdiyimiz sektorla yanaşı, özəlləşdirmənin aparılması ilə bağlı xeyli imkanlar və şirkətlər var. Onların özəlləşdirməyə açılması birmənalı şəkildə imkan verəcək ki, həm valyutaya olan tələbatın ödənilməsində yeni mənbə əldə etmək mümkün olsun, həm də təbii ki, bu, iqtisadi aktivliyə şərait yaradacaq".