“Abşeron”da qaz hasilatına gələn il başlanacaq İqtisadiyyat

“Abşeron”da qaz hasilatına gələn il başlanacaq

2019-cu ilin III və IV rübündə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağından ilkin qazın hasilatına başlanacaq. Bunu SOCAR-ın birini vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. Onun sözlərinə görə, hazırda hasilatın pay bölgüsü sazişi üzrə podratçı tərəfindən "Abşeron" yatağında İşlənmə Proqramı hazırlanır: "İllik hasilat planı çərçivəsində hasil ediləcək ilkin qaz üçün belə bir ilkin fəaliyyət planı nəzərdə tutulub".
X. Yusifzadə deyib ki, bu ilin sentyabr ayına qədər konsepsiyanın həyata keçirilməsi imkanlarına dair tədqiqatın sona çatdırılması baş tutacaq: "Oktyabr ayının sonunda İşlənmə Proqramının tərəfdaşlar tərəfində təsdiq edilməsi, noyabrın əvvəlində İşlənmə Proqramının SOCAR-a təqdimatı, gələn il yanvarın sonuna qədər işlənmə proqramının təsdiq edilməsi nəzərdə tutulur. 2017-ci ilin sonuncu rübündə isə ilkin hasilatla bağlı planı üzrə yekun investisiya qərarı veriləcək".
Malayziyanın "Petronas" neft-qaz şirkəti Xəzər dənizindəki "Qoşadaş" strukturu ətrafında kəşfiyyat aparacaq. Onun sözlərinə görə, əgər bu işlər nəticə verərsə, təhqiqatlar dərinləşdiriləcək: "Hələlik ümumi işlər görülür. Əgər sonra görsək ki, nəticə yaxşıdır "Petronas"la danışıqlar aparılacaq".
"Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz boru kəməri (CQBK) ilə indiyə qədər Gürcüstana 5,5 mlrd. kubmetr, Türkiyəyə 41 mlrd. kubmetr təbii qaz verilib. X.Yusifzadə əlavə edib ki, hazırda bu boru kəməri ilə hər gün orta hesabla Gürcüstana 1,6 mln. kubmetr, Türkiyəyə isə 16,8 mln. kubmetr təbii qaz nəql edilir.
Bu ilin avqust ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 224 mln. ton mənfəət nefti satılıb. Artıq 17-ci ildir ki, "Azəri-Çıraqlı-Günəşli" layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edir: "Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin 7 ayında dünya bazarlarında satılmış 19,6 mln. ton neftin 11,5 mln. tonu, yəni 57,2 %-i Azərbaycanın payına düşən mənfəət nefti olub".