İspaniya və Fransa da Xəzər qazı istəyir İqtisadiyyat

İspaniya və Fransa da Xəzər qazı istəyir

Avropa Birliyi "Cənub qaz dəhlizi"ni uzatmağı planlaşdırır

Tərlan

Avropa Birliyi Azərbaycandan başlayaraq İtaliyanın cənubunda bitən "Cənub qaz dəhlizi" boru xəttini uzatmağı planlaşdırır. APA-nın məlumatına görə, bu barədə "Vedomosti" nəşri Avropa Komissiyasının nümayəndəsinə istinadən xəbər yayıb. Bildirilir ki, boru xəttinin Avropa qitəsinin əhatə coğrafiyası genişləndiriləcək. "Cənub qaz dəhlizi" 2019-cu ilədək Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə, İtaliyanın cənubunadək TANAP-TAP qaz boru xətləri sisteminin inşasını nəzərdə tutur. Bu xətlər vasitəsi ilə Türkiyəyə 6 milyard, Avropaya isə 10 milyard kubmetr qaz nəqli planlaşdırılır.
Artıq 2014-2020-ci illəri əhatə edən qaz xətlərinin inşası proqramı təsdiq olunub. İspaniya ilə Fransa da Xəzər qazını almaq niyyətindədirlər. Bunun üçün 5.8 milyard avroluq xüsusi fond yaradılıb. Avropa Komissiyasının nümayəndəsi bildirib ki, bu, Avropaya Azərbaycandan qaz nəqlini artırmağa, habelə Türkmənistan və İrandan qaz idxalına başlamağa imkan verəcək.
Xəzər regionunda mövcud olan qaz ehtiyatları dünyanın qaz ehtiyatlarının 7-11%, neft ehtiyatları isə 4-6%-ni təşkil edir. Azərbaycanın energetika naziri Natiq Əliyevin sözlərinə görə, bu gün Xəzər regionundakı resurslarının 1,4%-i istehlak olunur: "Bu da onu deməyə əsas verir ki, regionun ixrac potensialı kifayət qədədir. Bu gün dünyanı çox ciddi narahat edən problemlərdən biri enerjidir. Bu problemin aradan qaldırılması üçün dünyanın böyük dövlətləri çarələr axtarmağa başlayıb. Hesablamalara görə, Xəzər regionunda 2035-ci ilə qədər enerji ehtiyatları var və yeni kəşflərdə gözlənilir. Yeni neft-qaz ehtiyatlarının kəşfi sahəsində 2035 ilə qədər ehtiyatların 2 dəfə artımı gözlənilir. Nəticədə ölkəmizin əhəmiyyəti artacaq və bu ölkəmizin gələcəyi naminə istifadə olunacaq".
Son 5 ildə Azərbaycanın enerji gücü 30% yenilənib. Azərbaycan öz enerji problemlərini həll etməklə yanaşı xaricə də enerji ixrac edir. Enerji resursları istehsal edən ölkə həmişə neft və qaz məhsullarını ucuz qiymətə ixrac edir. Avropa İttifaqı bu sahədə olan problemlərin həlli yollarını tapmaq üçün təklif edir ki, yeni enerji mənbələri axtarıb tapmaq lazımdır. Bu mənbə isə Xəzər regionudur. Bu bölgə Avropa İttifaqı ilə sıx əlaqədə işləyir. Azərbaycan dövlətinin iqtisadi siyasətini nəticəsində Xəzərdən Şərqi Avropaya qədər yeni enerji dəhlizi formalaşmağa başlayıb. Bu dəhlizə isə 50 milyard dollarlıq sərmayənin qoyulması nəzərdə tutulub. Bununla əlaqədar nəhəng layihələr həyata keçiriləcək. Bunun üçün ölkə Prezidenti İqtisadi komissiya yaradıb və həmin komissiya artıq fəaliyyətə başlayıb.
"Şahdəniz" yatağında 1,2 trilyon kubmetr qaz ehtiyatı mövcuddur. Buradan ümumilikdə 50 milyard kubmetr qaz hasil edilib. Ötən ilin sonunda Bakıda "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycan və Gürcüstan ərazisi ilə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP), həmçinin Yunanıstan və Albaniyadan keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verəcək.
TAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qazın Avropaya nəql edilməsini nəzərdə tutur. Boru kəmərinin uzunluğu təxminən 870 km-dir. Kəmər Yunanıstan, Albaniya və Adriatik dənizi keçərək İtaliyaya çıxışı təmin edəcək. TAP-ın səhmdarları BP ( 20%), ARDNŞ (20%), "Statoil" (20%), "Fluxys" (16%) , "Total" (10%), "E.ON" (9%) və "Axpo" (5%) şirkətləridir.
Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastruktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq. "BP-Azerbayjan" şirkətinin yaydığı məlumata görə, "Şahdəniz" layihəsi çərçivəsində dənizdə 26 sualtı quyunun qazılması və tamamlanması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, quruda isə Səngəçalda yeni texniki emal və kompressiya qurğularının tikintisini nəzərdə tutur.
"Şahdəniz-2" və CQBK-nin genişləndirilməsi layihələrinin ümumi dəyəri təxminən 28 mlrd. dollar təşkil edəcək. "Şahdəniz" yatağından hasil ediləcək ildə 16 mlrd. kubmetr qaz təxminən 3500 km məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.
"Şahdəniz" konsorsiumu "Mərhələ-2" layihəsi çərçivəsində tikinti və təchizat işləri üzrə də iri müqavilələr imzalanıb və layihə qrafik üzrə davam edir. "BP-Azerbaijan" şirkətindən verilən məlumata görə, planlaşdırılan iki dəniz platforması üçün dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların tikintisinə dair müqavilə "BOS Shelf LLC", "Saipem Contracting Netherlands B.V." və "Star Gulf FZCO" şirkətlərindən ibarət konsorsiuma verilib. Bu, nəhəng "Mərhələ-2" layihəsinin icrasını irəli aparan və 2018-ci ilin sonlarında ilk qazın əldə olunmasını əsaslandıran mühüm müqavilələrdən biridir.
750 mln. ABŞ dolları dəyərində olan bu müqavilənin iş həcminə hər birinin hündürlüyü 110 metr olan iki ədəd (biristiqamətli meylləndirilmiş) 8 ayaqlı dayaq blokunun inşası daxildir. Dayaq bloklarının çəkisi üzən pontonlarla birlikdə 13 200 və 12 200 ton olacaq. Bundan əlavə, iş həcminə ümumi çəkisi 30 000 ton olan 2 300 sualtı konstruksiyanın tikintisi də daxildir. Sualtı konstruksiyaların tikintisi işlərinə səkkiz təcridetmə klapanı qurğusu, on axın xətlərini birləşdirmə bloku, axın xətlərinin hərəkətini məhdudlaşdıran 80 bərkidici anker, 100 sualtı birləşdirici boru qovşağı, 100 boru kəmərinin kəsişmə dayağı, 1 000 beton döşənək və cərəyan ötürücü zona üçün 1 000 ton özüllərin hazırlanması daxildir.
Bu müqavilə çərçivəsində bütün tikinti və quraşdırma işləri yerli resurslardan (işçi qüvvəsi və tikinti istehsalat sahələri daxil olmaqla) istifadə etməklə ARDNŞ-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək. Bu müqavilənin imzalanması "Şahdəniz" tərəfdaşlarının Azərbaycanın yerli resurslarından istifadənin optimallaşdırılması öhdəliyini bir daha təsdiq edir. Bu müqavilə çərçivəsində tikinti işləri üçün təqribən 8 milyon adam-saat iş həcmi yerinə yetirilməklə təxminən 2750 yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir və bütün işlər ölkə daxilində həyata keçiriləcək. Tikinti işlərinin 2017-ci ildə başa çatdırılacağı gözlənilir.