İslam İnkişaf Bankı 1 milyard dollara yaxın vəsait ayırıb İqtisadiyyat

İslam İnkişaf Bankı 1 milyard dollara yaxın vəsait ayırıb

Azərbaycan İslam İnkişaf Bankı, o cümlədən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD) ilə uğurla davam edən əməkdaşlığı yüksək qiymətləndirir. İndiyədək İslam İnkişaf Bankı tərəfindən ölkəmizə iqtisadiyyatın müxtəlif sahələri üzrə 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın vəsait ayrılıb. Bu layihələrin 14-ü başa çatıb, 4-ü isə davam edir. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 8-də Bakıda İqtisadiyyat Nazirliyinin və İCD-nin təşkilatçılığı ilə keçirilən beynəlxalq investisiya konfransında deyib. Kənd təsərrüfatı, ərzaq, sənaye, maliyyə xidmətləri, təhsil və turizm sahələrində fəaliyyət göstərən 24 ölkədən 200-ə yaxın iş adamının iştirak etdiyi tədbirin əsas məqsədi iş adamlarını Azərbaycana investisiya qoyuluşu imkanları ilə tanış etmək, konkret layihələr üzrə müzakirə aparmaqdır.
İqtisadiyyat naziri Şahin Mustafayev tədbirin Azərbaycanın İslam İnkişaf Bankı, eləcə də Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə səmərəli əməkdaşlığının növbəti nümunəsi olduğunu və Azərbaycanla İslam ölkələri arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini vurğulayıb. Nazir bildirib ki, Azərbaycan İslam İnkişaf Bankı, o cümlədən İCD ilə uğurla davam edən əməkdaşlığı yüksək qiymətləndirir. İndiyədək İslam İnkişaf Bankı tərəfindən ölkəmizə iqtisadiyyatın müxtəlif sahələri üzrə 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın vəsait ayrılıb. Bu layihələrin 14-ü başa çatıb, 4-ü isə davam edir. İCD tərəfindən indiyədək ölkəmizə kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı 14 layihə üzrə 130 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb. 2007-ci ildə "Azərbaycan İnvestisiya Şirkəti" ilə birgə "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" təsis edilib ki, bu da uğurlu əməkdaşlığın göstəricilərindəndir.
Azərbaycanın geniş tranzit imkanlarını diqqətə çatdıran Şahin Mustafayev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi barədə məlumat verib, ölkəmizdə azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması istiqamətində işlərin davam etdirildiyini bildirib. Ölkəmizdə yaradılan sənaye parkları və zonaları, aqroparklar, "Tik, idarə et, təhvil ver" modeli, ixracın stimullaşdırılması tədbirləri barədə danışan Şahin Mustafayev deyib ki, hazırda kimya və sənaye üzrə Sumqayıt Kimya Sənaye Parkı, təkrar emal üzrə Balaxanı Sənaye Parkı, əczaçılıq sahəsində ixtisaslaşacaq Pirallahı Sənaye Parkı, yüngül sənaye üzrə Mingəçevir Sənaye Parkı yaradılır. Bundan başqa, 26 aqroparkın yaradılması nəzərdə tutulur. İqtisadiyyat naziri sənaye parkları və zonalarında, aqroparklarda investorlar üçün nəzərdə tutulan güzəştləri qeyd edərək, onları bu imkanlardan yararlanmağa dəvət edib. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizm, sosial mənzillərin tikintisi sahəsində də əməkdaşlıq və investisiya qoyuluşu üçün geniş imkanlar var.